İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir
Konstitusiya əsas qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan və hüquqi xüsusiyyəti, məzmun sabitliyi ilə səciyyələnən normativ-hüquqi aktdır. Lakin Konstitusiyanın sabitliyi onun daimi dəyişməzliyi kimi başa düşülməməlidir. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin dəyişməsi bu qanunvericilik sənədinə müvafiq dəyişikliklərin və əlavələrin edilməsi zərurətini yaradır. Belə əlavələrin və dəyişikliklərin edilməməsi Konstitusiyanın real həyata uyğun gəlməməsinə və onun tədricən səmərəsiz bir hüquqi sənədə çevrilməsinə gətirib çıxara bilərdi. Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixdə ümumxalq referendumu keçirilmişdir. Referendum nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsi, ombudsman təsisatının təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əksini tapmışdır. Burada ilk dəfə olaraq hər bir vətəndaşa hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasında mətbuat azadlığı və onunla əlaqədar məsələlərin kompleks tənzimlənməsini həyata keçirmək üçün bir sıra mühüm normalar mövcuddur. Qeyd edildiyi kimi, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Bu sahədə qəbul edilmiş mühüm dövlətdaxili normativ-hüquqi akt kimi çıxış edən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında 31 iyul 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilmişdir. Konsepsiyanın III bölməsində informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin prinsipləri və formaları müəyyən edilmişdir. Burada qeyd edilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi bir çox prinsiplər əsasında həyata keçirilir: qanunçuluq; şəffaflıq; əməkdaşlıq; qarşılıqlı məsuliyyət; kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi; yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması; kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması; ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi; regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi. Konsepsiya ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda həyata keçirilməsi müəyyən edilmişdir. Bu prinsip və normalar da mətbuat azadlığı sahəsində beynəlxalq normaların milli qanunvericiliyə implementasiyasından əlavə, icraedici hakimiyyətin də bu prosesdə aktiv iştirakını şərtləndirir.
2003-cü ilin oktyabrında prezident səlahiyyətlərinin icrasına "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə başlayan ölkə başçısı cənab İlham Əliyev ulu öndərin möhkəm əsaslarla təməlini qoyduğu hüquqi islahatları keyfiyyətcə yeni mərhələdə inamla davam etdirir. Dövlət başçısının 17 iyun 2007-ci il tarixli fərmanı ilə 18 iyunun - "İnsan Hüquqları Günü" elan olunması ölkədə insan amilinə həssas münasibətin bariz təcəssümüdür (1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur).
Ötən müddətdə insan hüquqlarının müdafiəsi prosesinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan dövlət başçısının 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamı ölkədə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımların atılmasına imkan yaratmışdır. Bu sərəncamla qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilmişdir.
Hər bir ölkədə həyata keçirilən hüquqi islahatların səmərəli nəticələr verməsi ilk növbədə dövlətin konstitusion quruluşunun mahiyyətindən asılıdır. Dövlətin hüquq sisteminin fundamental əsasını təşkil edən konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapır. Bu baxımdan 2009-cu ilin 18 martında ümumxalq referendumu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyətə malikdir. Referendumun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasından və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxildir.
Şübhəsiz, ictimai-siyasi sabitliyin, sülh və əmin-amanlığın olmadığı şəraitdə insan hüquqlarının təminatından söz açmaq qeyri-mümkündür. Beynəlxalq hüquq norma və prinsiplərini kobud surətdə pozan, dövlət səviyyəsində ərazi ilhaqı siyasəti aparan Ermənistanın Azərbaycana qarşı on beş ildən artıq davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalmış, ağır mənəvi-psixoloji və maddi sarsıntılarla üzləşmişlər. 1993-cü ilin iyun ayınadək Azərbaycanda mövcud olmuş siyasi böhran və vətəndaş qarşıdurması nəticəsində Ermənistanın işğalçılıq siyasəti daha geniş miqyas almış, daxildə xaos və anarxiya mühiti hökm sürmüş, vətəndaşların hüquq və azadlıqlarının pozulması adi hala çevrilmişdir. Belə ağır sınaqlardan çıxmış Azərbaycan xalqı yüksək iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçmiş, ötən 17 ildə bu sahədə böyük nəticələr əldə etmişdir. Məlumdur ki, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir ki, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. BMT Baş Məclisinin 39 lehinə, 7 əleyhinə və 100 ölkə bitərəf olaraq qəbul etdiyi "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında" 15 mart 2008-ci il tarixli Qətnaməsində ciddi narahatlıq ifadə edilərək qeyd olunur ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafındakı hərbi münaqişə beynəlxalq sülh və təhkükəsizliyə təhlükə yaratmaqda davam etməklə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir edir. Baş Məclis üzv dövlətləri Azərbaycanın beynəlxalq qaydada tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Qəbul edilən sənəddə BMT Baş Məclisi bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazisinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni saymamalı və bu vəziyyətin qalmasını təşviq etməməlidir. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1690 (2005) saylı Tövsiyədə xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməyə çağırış vardır. Eyni zamanda, həmin tarixdə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1416 (2005) saylı qətnamənin 1-ci bəndində göstərilir ki. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilən danışıqlar prosesi təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur.
Azərbaycan Respublikasının uğurlu insan hüquqları siyasəti Bakı Dövlət Universitetində də müvəffəqiyyətlə davam etdirilir. Təkcə bir faktı göstərmək kifayətdir ki, Bakı Dövlət Universitetində 2009-cu tədris ilindən "İnsan hüquqları" və 2011-ci ildən isə "Avropa hüququ" adlı ixtisaslaşmış magistratura pillələri açılmışdır. BDU-da hər il İnsan hüquqları Bəyannaməsinin ildönümünə həsr edilmiş konfranslar keçirilir. Konfrans materialları çap edilir və tələbələrə əyani vəsait kimi paylanılır. Hər il iyunun 18-i respublikada İnsan hüquqları günü kimi qeyd edilir. Artıq iki ildir ki, həmin gün BDU-da Azərbaycan Respublikası İnsan hüquqları Aparatının əməkdaşları və BDU-nun bu sahədə ixtisaslaşmış mütəxəssislərinin iştirakı ilə fakültələrdə insan hüquqları ilə əlaqədar tədbirlər həyata keçirilir. Burada maarifləndirmə, o cümlədən insan hüquqları ilə bağlı daxili və xarici siyasətin mühüm aspektləri təhlil edilir.
Azərbaycan Respublikası özünün dövlətdaxili qanunvericiliyi ilə daim fəxr edir. Bu qanunvericilik geniş beynəlxalq əməkdaşlıq siyasətinə əsaslanır. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət dövlətimizin insan hüquqları istiqamətində də düzgün siyasətini bir daha sübut edir. Belə ki, Azərbaycan insan hüquqları sahəsində 250-dən çox beynəlxalq müqavilənin iştirakçısıdır. Respublikamız insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar təqdim edir. Beynəlxalq sahədə yeni-yeni istiqamətlərdə əməkdaşlıq konsepsiyaları formalaşdırılır.
Dövlət hakimiyyətinin möhkəmliyi bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və cəmiyyətə xas olan mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını təmin etmək qabiliyyəti ilə müəyyən olunur. Bu mənada Azərbaycanda demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir. Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insan hüquqlarının qorunmasını təmin edən mütərəqqi islahatların aparılmasını demokratiyanın daha da möhkəmləndirilməsinə, vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsinə istiqamətlənmiş siyasətin tərkib hissəsi kimi nəzərdən keçirir.
Əmir
ƏLİYEV,
BDU-nun hüquq
fakültəsinin
dekanı,hüquq
elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 18 avqust.- S. 3.