İstedadlı jurnalist, təşkilatçı və tədqiqatçı
Tanınmış
jurnalist, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
baş direktoru Aslan Aslanovun avqustun 18-də 60 yaşı tamam
olur.
Ömrün
müdriklik zirvəsi olan bu 60 ilin 19-u doğulub boya-başa
çatdığı Cəbrayıl rayonunda
doğmalarının, 5-i Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin müəllimləri və tələbələri,
41-i isə Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində,
"Xalq qəzeti"ndə və AzərTAc-da jurnalist həmkarlarının,
respublika ziyalılarının, dövlət və hökumət
rəsmilərinin gözləri qarşısında
keçib, özü də şərəflə, namusla, ləyaqətlə,
halal, pak, alnıaçıq, üzüağ. Bu epitetlər
Aslan Aslanovun mənəvi dəyərlər portretini tamamlayan
ştrixlərin heç də hamısı deyildir. O, həm
yaxşı peşəkar, prinsipial rəhbər, həm də
müdrik ağsaqqal və
bütöv şəxsiyyətdir. Tanıyanlar onun
haqqında bu sözləri ürəkdən söyləyirlər.
Deyirlər ki, Aslan Aslanovun jurnalistlik, təşkilatçılıq
və tədqiqatçılıq istedadı AzərTAc-da
çalışdığı illərdə
özünü daha geniş çalarda göstərmişdir.
Bu, həqiqətən
belədir. Ölkənin milli informasiya agentliyində müxbir
kimi fəaliyyətə başlayan A.Aslanov az sonra baş
redaktorun müavini və baş redaktor vəzifələrinə
irəli çəkilmişdir. 1997-ci ildə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı
ilə AzərTAc-ın baş direktorunun birinci müavini,
2002-ci ilin oktyabrında isə dövlətimizin
başçısının fərmanı ilə agentliyin
baş direktoru təyin edilmişdir. Aslan müəllimin
bioqrafiyasının bu dəyərli məqamlarının
arxasında istedadla bərabər, çox gərgin zəhmətin,
yaradıcılıq əzab-əziyyətinin, yüksək təşkilatçılıq
məsuliyyətinin
dayandığını təsəvvür etmək
çətin deyildir. O, buna necə nail olmuşdur?! Qəti əminliklə
demək olar ki, dahi Heydər Əliyevin
"Jurnalistika məktəbi"ndə öyrəndikləri,
görüb-götürdükləri, əxz etdikləri sayəsində.
Aslan
Aslanov 1993-2002-ci illərdə Prezident Heydər Əliyevi
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AzərTAc-ın müxbiri kimi müşayiət edib və
görüşlərini yüksək səviyyədə
işıqlandırıb. Mübaliğəsiz demək olar
ki, hazırladığı icmallar, reportajlar, müsahibələr
və təsviri yazılar müstəqillik yolu ilə inamla irəliləyən,
demokratik cəmiyyət quruculuğu sahəsində yüksək
nəticələr qazanan Azərbaycanın həmin illəri əhatə
edən salnaməsidir.
AzərTAc-da
baş direktor vəzifəsinə agentlikdə kadr probleminin həllindən
və struktur islahatlarından başlayan Aslan Aslanov qısa
müddətdə baş redaksiyaları yeni arxitekturada
qurmağa nail olmuşdur.
Ümummilli
lider Heydər Əliyevin xarici ölkələrə səfərləri
zamanı milli informasiya agentliklərində tanış
olduğu təcrübəyə əsasən, AzərTAc-da
baş redaksiyaların tərkibində müxtəlif sahələr
üzrə buraxılış redaksiyaları, şöbələr
və bölmələr yaratdı. Bu, müxbirlərin sahələr
üzrə ixtisaslaşmasına, informasiyaların
operativliyinin və keyfiyyətinin yüksəlməsinə,
idarəetmədə əlaqələndirilmiş fəaliyyətin
təmin olunmasına imkan verdi.
Ulu
öndər Heydər Əliyevin tapşırıq və
tövsiyələrinə əsasən Azərbaycanı
informasiya blokadasından çıxarmaq, ölkəmiz
haqqında həqiqətləri daha geniş coğrafiyada
yaymaq, AzərTAc-ın dünya informasiya məkanına
inteqrasiyasını sürətləndirmək, agentliyi
etibarlı və nüfuzlu tərəfdaşa çevirmək
kimi prioritet vəzifələri reallaşdırmaq
üçün baş direktor kompleks tədbirlər
proqramı hazırlayıb həyata keçirdi.
Bu
proqram bir neçə istiqamətdə paralel olaraq yerinə
yetirildi. İlk növbədə, iş şəraitini
yaxşılaşdırmaq üçün agentliyin inzibati
binası əsaslı təmir edildi, redaksiyalar kompyuterləşdirildi,
texniki baza modernləşdirildi, müasir güclü serverlər,
faksimillər, Almaniya istehsalı olan elektrik şəbəkə
qurğusu, rəqəmsal fotolaboratoriya, ən yeni rəqəmli
fotoaparatlar, diktofonlar, noutbuklar, mətnaçarlar
alınıb istifadəyə verildi.
Bununla
bərabər, agentliyə təcrübəli mütəxəssislər
- jurnalistlər, tərcüməçilər, redaktorlar,
proqramçı mühəndislər cəlb edildi, dünya
standartları səviyyəsində mükəmməl sayt
yaradılaraq beynəlxalq internet şəbəkəsinə
qoşuldu.
AzərTAc-ın
beynəlxalq əlaqələrini genişləndirmək,
dünya informasiya məkanına inteqrasiyasını təmin
etmək üçün xarici ölkələrin milli informasiya
agentlikləri ilə sıx əlaqələr quruldu. Bunun nəticəsidir
ki, hazırda AzərTAc 30-a yaxın ölkənin milli
informasiya agentliyi ilə qarşılıqlı müqavilə
əsasında informasiya mübadiləsi aparır, 90-dan
çox ölkəyə Azərbaycanın iqtisadi-siyasi,
sosial-mədəni həyatı ilə bağlı xəbərlər
göndərir və qəbul edir.
Azərbaycan
həqiqətlərinin daha geniş coğrafiyada
yayılması istiqamətində səylər 2004-cü ildə
AzərTAc-ın Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul
olunması ilə nəticələndi. Bu uğur agentliyi beynəlxalq əlaqələr
müstəvisində yeni mərhələyə
çıxardı. AzərTAc-ın bu qurumda fəallığını
nəzərə alan OANA-nın Baş Məclisi Aslan Aslanovu təşkilatın
büro üzvü seçdi. Bu nüfuzlu beynəlxalq media
qurumunda AzərTAc Çinin Sinxua, Yaponiyanın Kyodo,
Rusiyanın İTAR-TASS, Malayziyanın Bernama,
İndoneziyanın Antara, Türkiyənin Anadolu agentlikləri
kimi nəhənglərlə bir sırada Azərbaycan həqiqətlərini
bu təşkilatın üzvü olan 33 ölkənin 40 xəbər
agentliyi vasitəsilə böyük bir regionun oxucu auditoriyasına
uğurla çatdırır.
Aslan
Aslanovun səyləri 2008-ci ildə AzərTAc-ın tarixində
daha bir möhtəşəm uğura imza atılması ilə
nəticələndi. Həmin il AzərTAc Avropa Xəbər
Agentlikləri Alyansına - EANA-ya mütləq səs
çoxluğu ilə üzv qəbul edildi. MDB məkanında
Rusiyanın İTAR-TASS və Ukraynanın Ukrinform agentliklərindən
sonra bu beynəlxalq media qurumuna məhz AzərTAc qəbul
olundu. Bu uğurun əldə edilməsində A.Aslanovun
EANA-nın üzvü olan 29 Avropa ölkəsinin milli
informasiya agentliklərinin rəhbərləri ilə şəxsi
dostluq əlaqələri mühüm rol oynadı. A.Aslanov bu əlaqələrə
həm AzərTAc-ın təsisçilərindən biri və
hazırda sədri olduğu Türkdilli Xəbər Agentlikləri
Birliyinin (TKA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA), həmçinin
MDB ölkələri Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (ANİA), həm də OANA-nın və
EANA-nın baş məclislərinin, Ümumdünya
İnformasiya Agentlikləri Şurasının, Avrasiya Media
Forumunun, Beynəlxalq Rus Mətbuatı Konqresinin, MDB dövlət İnformasiya
Agentlikləri Rəhbərləri Şurasının
iclaslarında, Dünya İnformasiya Agentliklərinin
qurultaylarında fəal iştirakı və səmərəli
görüşləri ilə nail olmuşdur.
Bu uğurlar beynəlxalq aləmdə Azərbaycana, AzərTAc-a marağı artırmışdır. Bunun nəticəsidir ki, 2008-ci ilin may ayında TKA-nın Baş Məclisinin 7-ci, həmin ilin oktyabrında OANA İcraiyyə Komitəsinin 30-cu iclasları A.Aslanovun sədrliyi ilə Bakıda keçirilmişdir. Baş direktorun təşəbbüsü ilə OANA-nın və EANA-nın tarixində ilk dəfə bu beynəlxalq media qurumlarının rəhbərləri Bakı iclasında bir araya gəlmişlər. Bu, Şərq və Qərbin aparıcı informasiya agentlikləri arasında dialoqun başlanğıcı olmuşdur. O vaxt OANA-nın prezidenti olan görkəmli Avstriya jurnalisti Volfqanq Vislozil Bakı toplantısı haqqında təəssüratlarında yazırdı: "Bu, Şərq və Qərb mass-mediası arasında yeni yanaşma idi. Biz Şərqin aparıcı informasiya agentliklərinin rəhbərləri ilə Bakıda bir araya gələrək səmərəli dialoqun təməlini qoya bildik. Bu işdə AzərTAc-ın və onun rəhbərinin tarixi xidməti olmuşdur".
AzərTAc-da daim irəliyə getmək, yeni uğurlara imza atmaq artıq ənənəyə çevrilmişdir. A.Aslanovun səyləri nəticəsində agentliyin xarici ölkələrdə müxbir məntəqələrinin sayı son illərdə 15-ə çatdırılmış, AzərTAc-da 5 xarici dildə - ingilis, rus, fransız, alman, ərəb dillərində informasiya buraxılışı təşkil olunmuş, multimedia, videoxəbər redaksiyası yaradılmış, jurnalistikanın yeni janrı olan infoqrafikadan istifadə olunmağa başlanmışdır. Hazırda AzərTAc-ın saytında səsli xəbərlərdən, audioslaydşoulardan, video, fotolent, inforqrafikadan geniş istifadə olunur.
Tezliklə AzərTAc-ın həyatında daha bir əlamətdar hadisə baş verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə agentlik üçün yeni inzibati bina tikiləcəkdir.
Aslan müəllim çox böyük təşkilati
işlərlə yanaşı, elmi
araşdırmalarla da məşğuldur.
O, "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan
AzərTAc-a mürəkkəb və şərəfli yol", "AzərTAc-90"
kitablarının, eləcə də Azərbaycan mətbuatının
problemlərinə həsr olunmuş onlarca məqalənin müəllifi,
çoxsaylı kitabların redaktorudur. Aslan Aslanovun gərgin
axtarışları milli
jurnalistikamızın inkişafına daha
bir dəyərli töhfənin verilməsi
ilə nəticələnmişdir. Yubileyi
ərəfəsində Aslan müəllimin
"Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın
yeri: təşəkkül tarixi və inkişaf mərhələləri"
adlı çox dəyərli
monoqrafiyası işıq üzü görmüşdür. Aslan
müəllimin jurnalistikamızın inkişafı sahəsindəki
xidmətləri yüksək qiymətləndirilmişdir. O,
2000-ci ildə Azərbaycan Prezidenti Heydər
Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət
işçisi" fəxri adına, Prezident İlham Əliyevin
sərəncamları ilə 2005-ci ildə "Tərəqqi"
medalına, 2010-cu ildə isə "Vətənə xidmətə
görə" ordeninə layiq görülmüşdür. O, Həsən bəy
Zərdabi, Qızıl qələm və Ali
Media mükafatları laureatıdır.
Yubiley
həmkar, dost haqqında səmimi duyğuları ifadə etmək
üçün yaxşı fürsətdir. Bu fürsətdən
istifadə edərək həmkarları adından Aslan Aslanovu
təbrik edir, ona möhkəm cansağlığı, ailə
sevinci, yeni yaradıcılıq uğurları
arzulayırıq.
Rüstəm RÜSTƏMOV,
əməkdar journalist
Azərbaycan.- 2011.- 18 avqust.- S. 4.