Londonda ARDNŞ ilə bp arasında "Şahdəniz-2" layihəsi üzrə vacib texniki məsələlər müzakirə edilmişdir

 

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurumun ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bu günlərdə Londonda səfərdə olmuşdur. Səfər zamanı o, "London-2012 Beynəlxalq olimpiya proqramı"nın bp üzrə direktoru Seve Kiryakou ilə görüşmüşdür. Görüşdə bp şirkəti tərəfindən 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan idmançılarının dəstəklənməsi məsələsi müzakirə olunmuşdur. S.Kiryakou bp şirkətinin Olimpiya Oyunları iştirakçılarına xidmət göstərmək üçün 4000 nəqliyyat vasitəsi ayıracağı barədə məlumat vermişdir. O, nəqliyyat vasitələrindən zərərli qazların atmosferə atılmasının azaldılması və atılmaların hesablama metodikasının hazırlanması fikrini irəli sürmüşdür. R.Hüseynzadə bu metodikanın ARDNŞ-ə təqdim olunmasını xahiş etmişdir. Təklif qəbul olunmuş və təqdimatın sentyabr ayının birinci yarısında Londonda və ya Bakıda keçirilməsi qərara alınmışdır.

Səfər çərçivəsində Rəfiqə Hüseynzadə, həmçinin bp-nin  sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə meneceri Austin Hayeslə görüşmüşdür. Görüşdə "Şahdəniz-2" layihəsinin ekoloji məsələləri üzrə təqdimat keçirilmişdir. Qazmadan əvvəl "Şahdəniz-2" layihəsinin ekoloji, texniki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin strukturu, sualtı infrastruktur və s. vacib texniki məsələlər müzakirə olunmuşdur. Müzakirənin ikinci mərhələsinin sentyabrın sonlarında "bp-Azərbaycan" şirkətinin ofisində keçirilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.- 2011.- 18 avqust.- S.  4.