Sərhəd Mühafizəsi yaradılmasının 92-ci ildönümünə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur

 

Avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Sərhəd Mühafizəsi yaradılmasının 92-ci ildönümü münasibətilə elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə yaradıcılıq üçün əlverişli şəraitin yaradıldığını, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini demişdir.

Rəis müavini qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.

Bildirilmişdir ki, bu il müsabiqəyə bədii ədəbiyyat üzrə 17, təsviri sənət üzrə 22, qəzet məqaləsi üzrə 14, televiziya verilişi üzrə 4 və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazısı üzrə yüzlərlə iş təqdim olunmuşdur. Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşə və peşəkarlıq səviyyəsi də müxtəlifdir. Təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilmişmükafatlara layiq görülmüşdür.

 Bildirilmişdir ki, bu il Azərbaycan Sərhəd Mühafizəsi yaradılmasının  92-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə 5 nominasiyada müsabiqə elan edilmişdir. Müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, şairləri, jurnalistləri, tələbələri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

 Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, gənclər və idman nazirinin müavini İntiqam Babayev qalibləri təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışlar.

Çıxış edənlər bildirmişlər ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.

Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur. Mükafat alanlar arasında AzərTAc-ın müxbiri də vardır.

 

 

Azərbaycan.- 2011.-18 avqust.- S.  4.