Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Avqustun 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin əvvəlində komissiyanın üzvlərinə MSK-nın üzvlük vəsiqələri təqdim edilmişdir.
Daha sonra MSK-nın mayın 18-də və iyulun 19-da keçirilmiş iclaslarının protokolları təsdiqlənmişdir.
İclasda aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə baxılmışdır. Bununla bağlı məlumat verən MSK sədri bildirmişdir ki, "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair hazırlıq işlərini başa çatdırmışdır.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcəkdir. Kurslar mühazirə və seminardan ibarət olacaqdır.
MSK sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi barədə qərar qəbul etmişdir.
MSK 5 saylı Şahbuz-Babək və 15 saylı Yasamal birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2011.-18 avqust.- S. 4.