Azərbaycan Kiyevdə keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında layiqincə təmsil olunur

 

Ukrayna Dövlət Teleradio Komitəsinin təşkilatçılığı ilə avqustun 16-dan 18-dək Kiyevdəki "Ukrayna Evi"ndə keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Ukraynadakı səfirliyimizin hazırladığı ekspozisiya ilə təmsil olunur.

Azərbaycanın Ukraynadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Ukraynanın bütün regionlarından, həmçinin Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Belarus və Polşadan 100-dən çox nəşriyyat şirkətinin qatıldığı sərgi-yarmarka Ukraynanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən rəsmi tədbirlər siyahısına daxil edilmişdir.

Tədbirin açılış mərasimində Baş nazir Nikolay Azarov bildirmişdir ki, Ukrayna hökuməti ölkədə nəşriyyat işinin inkişafına böyük əhəmiyyət verir. Gələn ilin dövlət büdcəsində bu sahənin dəstəklənməsi üçün nəzərdə tutulan vəsaitlərin həcmi iki dəfə artırılacaqdır.

Azərbaycana dair ekspozisiyada ölkəmizdə yüksək poliqrafik üsulla çap edilmiş kitablar və dövri mətbuat nümunələri - ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, "Təhsil" nəşriyyatı tərəfindən buraxılmış nəşrlər təqdim edilir. Bundan əlavə, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan tarixinə, xalçaçılıq məktəbinə, musiqisinə, görkəmli insanların yaradıcılığına dair kitablar, həmçinin səfirliyin dəstəyi ilə Kiyevdə Ukrayna dilində çap edilmiş akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların genosidinin reallıqları", görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr"i, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun "Azərbaycan dövlətçiliyinin qısa tarixi", eləcə də "Azərbaycan poeziyası antologiyası", "Azərbaycan nağılları" və s. kitablar nümayiş olunur.

 

 

Azərbaycan.- 2011.- 18 avqust.- S.  5.