Azərbaycanın BMT yanında daimi nümayəndəsi təşkilatın baş katibinə məktub göndərmişdir

 

AzərTAc BMT-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna növbəti məktub göndərmişdir.

Məktubda deyilir: "Son aylarda cəbhə bölgəsində yaşayan dinc azərbaycanlı əhali arasında itkilərin çoxalması onu göstərir ki, Ermənistan beynəlxalq hüquq qarşısında və münaqişənin nizamlanma prosesi kontekstində üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Fransa, Rusiya və ABŞ prezidentləri 2011-ci il mayın 26-da Dovildə qəbul etdikləri birgə bəyanatda hər iki tərəfi əhalini müharibəyə deyil, sülhə hazırlaşdırmağa çağırmışdılar. Ermənistan tərəfi bu çağırışa özünəməxsus şəkildə cavab vermiş və cəbhə boyu Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı hücumları intensivləşdirmişdir. Eyni zamanda, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yönəlmiş bəyanatları da tez-tez səslənməyə başlamışdır".

A.Mehdiyev vurğulamışdır ki, Ermənistan prezidenti Serj Sarkisyan öz hökumətinin regionda konstruktiv sülh axtarışında olması barədə yaratdığı mifi də birdəfəlik dağıtmışdır. 2011-ci il iyulun 25-də Ermənistanın Qara Çiçək (Tsaxkadzor) şəhərində keçirilmiş erməni dili və ədəbiyyatı olimpiadasında S.Sarkisyan ölkəsinin gənclərini region xalqları arasında nifrət və inamsızlıq yaradan siyasət yürütməyə çağırmışdır. Bir tələbənin Ermənistan ərazisinin qonşu Türkiyənin hesabına genişlənməsi barədə sualı cavablandırarkən S.Sarkisyan bildirmişdir ki, bu vəzifə yeni nəslin öhdəsinə düşür. Ermənistan prezidenti "vətənimiz" adlandırdığı Qarabağın işğal edilməsini buna misal çəkmişdir. S.Sarkisyan xalqı qonşu ölkələrlə sülhdostluq şəraitində yaşamağa hazırlamaq əvəzinə, gəncləri və gələcək nəsilləri yeni müharibələrə və zorakılıqlara sürükləyən çağırışlar edir.

Məktubda qeyd olunmuşdur ki, prezident S.Sarkisyan zərərli fikirlərini 2011-ci il iyulun 28-də Yerevanda Polşa prezidenti ilə keçirdiyi mətbuat konfransında da davam etdirmişdir. Ermənistan prezidentinin fikrincə, "Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun pozulması nəticəsində yaranmışdır". Azərbaycan erməni tərəfinin tarixlə bağlı fikirlərini saxta hesab edirbildirir ki, Ermənistan bu bəyanatlarla beynəlxalq birliyi çaşdırmaq və zorakı ərazi işğalı siyasətinə haqq qazandırmaq məqsədi güdür. Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini "tarixi torpağımız", "vətənimiz" adlandırması buna parlaq misaldır. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində erməni olmayanlara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bunun nəticəsində həmin ərazilərdə monoetnik mədəniyyət yaratmış Ermənistan rəhbərliyi özünün işğalçı niyyətlərini çox əvvəl göstərmişdir. Bu niyyətlərin kökündə isə tarixi xülyalarirqi düşmənçilik durur.

Məktubda Azərbaycanın BMT yanında daimi nümayəndəsi  vurğulamışdır: "Ermənistan rəsmilərinin çıxışları regionun dincfiravan gələcəyinə qarşı yönəlmişdir. Azərbaycanın mülki əhalisini, o cümlədən uşaqları hədəfə almaq, ictimai fikirlə manipulyasiya etmək, beynəlxalq ictimaiyyətdə səhv fikirlər yaratmaq cəhdləri göstərir ki, ermənilər sülh istəmirlər və genişmiqyaslı qeyri-sabitlik yaratmağa çalışırlar. Biz inanırıq ki, Ermənistan rəhbərliyi fitnəkar siyasətindən əl çəkməyə məcbur olacaq, Azərbaycan ərazilərinin işğalına son qoyacaq, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkəcək və regionun dövlətləri ilə sivil münasibətlər quracaqdır. Azərbaycan Respublikası əmindir ki, sülhə, sabitliyə və qarşılıqlı fayda gətirən regional əməkdaşlığa alternativ yoxdur".

Diplomat atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez pozulması faktını da xüsusi qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.- 18 avqust.- S. 5.