Əncirin faydası
Azərbaycanın müəyyən bölgələrində, xüsusilə də Abşeronda geniş yayılmış əncir çox qiymətli meyvələrdən sayılır. İndi onun mövsümü olduğundan əncirin bir sıra şəfaverici, faydalı keyfiyyətlərindən söz açmaq istəyirik. Həzrəti peyğəmbərimiz Məhəmməd (S.) buyurub: "Əncir behişt meyvəsidir". Eləcə də Qurani-Kərimin "Tin" surəsində də əncirin adı çəkilir.
Azərbaycanda bir neçə növü yayılmış əncır A, B, C vitaminləri ilə zəngindir. Ondan hələ qədim zamanlardan sinəyumşaldıcı, yuxugətirici, qəbzlik əleyhinə, başağrılarını kəsmək üçün istifadə ediblər.
Xalq təbabətində, türkə-çarələrdə, müalicə əhəmiyyətli bitkilərin təsnifatında və digər mənbələrdə əncirin adı tez-tez çəkilir. Onun şəfaverici xüsusiyyətlərindən bir neçəsini oxucuların diqqətinə çatdırırıq. Maraqlıdır ki, əncirin təkcə meyvəsi deyil, qurudulmuşu, yarpaqları, ağac zoğları da bir sıra xəstəliklərdə çox faydalıdır. Məsələn, saç tökülməsinin qarşısını almaq üçün əncir yarpağından müalicə öz bəhrəsini verir. Bunu etmək o qədər də çətin deyil. Bir litr suda 50 qram əncir yarpağını qaynadıb gün ərzində bir neçə dəfə onunla başı yumaq kifayətdir.
Vaxtilə aparılan eksperimental təcrübələr nəticəsində müəyyən edilmişdir ki, qurudulmuş əncir yarpaqlarından və qabıqlarından hazırlanan dəmləmələr, həmçinin alınan qətranın spirtli məhlulu ürək fəaliyyətini artırmaq qabiliyyətinə malikdir.
Xalq təbabətində əncir yarpaqlarından və budağının qabıqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrinin südündən emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin doşabı və mürəbbəsi ürək zəifliyində, qan azlığında qüvvətverici vasitədir.
"Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri" adlı kitabında yazılıb: "Təzə dərilmiş əncir meyvələrini qovurub yuxugətirici vasitə kimi qəbul etmək olar. Qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə, təpitmə formasında, eləcə də dəmləmə şəklində sinəyumşaldıcı kimi gərəklidir. Əncirin meyvələrindən quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı dərman kimi istifadə etmək də faydalıdır".
Azərbaycanın bəzi rayonlarında yerli əhali sınaqdan çıxarıb ki, əncirin quru yarpaqlarından çay dəmləyib bronxial astmada və böyrək xəstəliklərində sidikqovucu kimi, meyvələrini südlə bişirib ürək bulanmasının qarşısını almaq üçün işlədirlər. Uşaqların qarnı ağrıyan zaman əncir yarpaqlarının saplağını, cavan budaqlarının və kal meyvələrinin südünü su ilə qarışdırıb tez-tez içirtmək gərəkdir. Hətta yarpaq və cavan budaqlardan dəmlənmiş çayı da qurd əleyhinə işlətmək mümkündür. Bir sıra infeksiyalı poliartritdə əncir yarpaqlarından qatı dəmləmə hazırlanıb qəbul edilsə, bəhrəsi olar.
Diş ağrısının sakitləşməsi və müalicəsində də əncirin şəfası dada çatır. Əgər pambığı əncir ağacının şirəsinə batırıb dişə sürtsəniz və yaxud da qaralmış hissəsinə qoysanız, ağrısı dərhal kəsər.
Maraqlıdır ki, yaddaşın, hafizənin gücləndirilməsində də əncirin bərabəri yoxdur. Bir neçə quru ənciri doğrayaraq üyüdülmüş qoz, püstə və badamla qarışdırıb hər gün iki xörək qaşığı yemək hafizəni qüvvətləndirər. Bu proses on gün davam etməlidir.
Lap qədim zamanlarda xalq təbabətində bədənin müxtəlif yerlərində əmələ gəlmiş ziyili, başqa döyənəkləri aradan qaldırmaq üçün əncir şirəsindən istifadə ediblər. Hətta yetişməmiş əncirin tozunu əvvəlcədən keçi piyi ilə qarışdırıb ziyilin üzərinə çəkməklə onu məhv etmək olar. Plevrit, bronxit və göy öskürək üçün quru əncirin ununu qəhvə əvəzinə işlətmək çox faydalıdır.
Ağılagəlməz, amma sınaqdan çıxmış faktdır ki, bədənə yığılmış suyu xaric etmək üçün əncir köməyə yetişir. Bunun üçün əncir ağacının nazik budaqlarını suda qaynadıb içmək lazımdır. Bu, toxumalarda yığılmış suyu bədəndən xaric edəcək.
Xalq təbabətində dalaq ağrısının əncirlə müalicəsi də sınaqdan çıxıb. Bunun üçün 100 qram ənciri sirkədə isladıb bir gün saxlamaq lazımdır. Sonra acqarına onun 6 dənəsini yemək lazımdır. Yerdə qalan hissəsi isə əzilib dalaq nahiyəsinə təpitmə kimi qoyulmalıdır. Bu əməliyyat on gün davam edərsə, dalaq şişi və ağrılar çəkilər. Yalnız üç məqamda əncirdən istifadə etmək məsləhət deyil: şəkərli diabet, mədə-bağırsaq pozğunluğu, arıqlamaq istəyənlər.
İndi bağların əncir vaxtıdır. İmkan tapdıqca bu qiymətli, şəfaverici, kimyəvi dərmanlardan min dəfə faydalı olan əncirdən yetərincə istifadə edin, eləcə də qışa hazırlığınızı unutmayın. Mürəbbəsini bişirin, cemini hazırlayın, özünü və yarpaqlarını qurudaraq tədarükünüzü görün.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-18 avqust.- S. 5.