Məqsəd budur: xalqımız daha firavan yaşasın

 

Bunun üçün respublikamızın bütün bölgələrində genişmiqyaslı işlər görülür

 

Azərbaycan hazırda dünyanın ən sabit və davamlı inkişaf edən dövlətlərindəndir. Son 8 ildə həyata keçirilən düzgündüşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etmiş, valyuta ehtiyatları artmış, əhəmiyyətli sosial proqramlar reallaşdırılmışdır. Ölkəmizin iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da dəyərli töhfə verir. Xüsusən də regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, bir milyona qədər yeni yerinin açılması, əhalinin maddi rifahının durmadan yaxşılaşması buna misaldır.

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının imzaladığı 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının, eləcə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Regionlarda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı ödənilir. Kənd yollarının asfaltlaşdırılması, magistral yolların çəkilməsi əhalinin gediş-gəlişini daha da yaxşılaşdırır. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə kreditlər, subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin güzəranını daha da yüksəldir.

Son illər ölkəmizin hər yerində olduğu kimi, Siyəzən və Şabran rayonları da inkişaf dövrünü yaşayır. İnfrastrukturun yeniləşməsi ilə bağlı Siyəzən rayonunda mühüm işlər görülmüşdür. Bir neçə məktəb, səhiyyə ocaqları tikilərək istifadəyə verilmişdir. Rayonda insanları narahat edən problemlərin aradan qaldırılması üçün konkret addımlar atılmışdır. Belə ki, kənd yolları düzəldilir, qazlaşdırma, elektrik təchizatı, içməli su, kanalizasiya ilə bağlı məsələlər həll olunur.

Bu günlərdə Siyəzən və Şabran rayonlarına səfər edən Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşmüş, sosial əhəmiyyətli binaların, mədəniyyət mərkəzlərinin açılışında iştirak etmişdir. Respublikamızın bütün bölgələrinin inkişafına xüsusi önəm verən dövlət başçısı bildirmişdir: "Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, magistral yol çəkilmişdir".

Bölgələrə səfəri çərçivəsində dövlətimizin başçısı Siyəzən şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir. Yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə həsr olunan dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolareksponatlar yer almışdır. Tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, orijinal layihə əsasında inşa olunmuşdur.

Prezident İlham Əliyev Şabran rayonunda həyata keçirilən quruculuq, abadlıq işləri ilə yaxından tanış olmuşdur. Rayonda inşa olunan Heydər Əliyev Mərkəzi ulu öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından önəmlidir. Dövlət başçısı Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olmuşdur. Muzeydə qədim Şabranın tarixini, mədəniyyətini əks etdirən, eləcə də arxeoloji qazıntılar zamanı tapılan 3 min 572 eksponat nümayiş olunur.

Respublikada səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bütün bölgələrimizdə gözəl, müasir standartlara uyğun xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri inşa olunur. Tədbirlər planı çərçivəsində Şabranda Mərkəzi Xəstəxananın tikilərək istifadəyə verilməsi də əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə, ölkəmizin maliyyə resurslarının, iqtisadi qüdrətinin artması infrastruktur layihələrinin reallığa çevrilməsinə əlverişli şərait yaradır. Şabran rayonunda Prezident İlham Əliyevin iştirakı ilə 10.7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ən böyük layihələrdən biridir. Layihənin həyata keçirilməsi nəticəsində ümumilikdə 19 min hektardan çox sahədə əkin sahəsinin suvarma suyu ilə təchizatı yaxşılaşacaqdır. Vəlvələçay-Taxtakörpü kanalının əhəmiyyətindən söz açan dövlətimizin başçısı bildirmişdir: "Budur Azərbaycanın reallıqları. Su inkişaf gətirəcək, həyat verəcəkdir. Fermerlər ondan faydalanacaqlar. Təkcə bu rayonda beş min hektar, Qubada isə min hektar əlavə torpaqlar suvarılacaqdır. Bütövlükdə isə yüz əlli min hektar torpaqlara su verilməsi daha da yaxşılaşacaqdır. Hazırda suvarılmayan doqquz min hektar yeni torpaqlara su, həyat verilir. Ulu öndərin Azərbaycanın inkişafı ilə bağlı olan bütün ideyaları, arzuları yüksək səviyyədə reallaşır".

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla icra edilməsi bölgələrimizin sürətli inkişafından xəbər verir. Bütün sosial infrastrukturun yaradılması layihəsi uğurla reallaşdırılır - xəstəxanalar, məktəblər, idman kompleksləri, mədəniyyət ocaqları müasir tələblər səviyyəsində tikilərək istifadəyə verilir. Bir sözlə, ölkə rəhbərinin həyata keçirdiyi düzgündüşünülmüş siyasət məhz xalqımızın milli maraqlarına, onun daha yaxşı yaşamasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı proqram və layihələr insanların yaşayış səviyyəsinin daim yüksəlməsinə, işsizlik probleminin aradan qaldırılmasına yönəlmişdir.

 

 

Tural ƏHMƏDOV

 

Azərbaycan.- 2011.- 19 avqust.- S.  1.