Təhsil problemlərinin həllinə kompleks yanaşma
Keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan mühüm makroiqtisadi göstəricilərə nail olmaqla yanaşı, elm və təhsil sahəsində də bir sıra uğurlu nəticələrə imza atır, dövlət səviyyəsində mütərəqqi islahatlar inamla davam etdirilir. Neft gəlirlərini güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəltməyi mühüm vəzifə kimi qarşıya qoyan Azərbaycan Prezidenti İlham Əliyev ölkə elminin və təhsilinin inkişafı məqsədilə yeni sərəncamlar, fərmanlar imzalayır.
Qloballaşma əsrində respublikada milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev elm və təhsilə qayğını, bu sahədə özünü göstərən bir sıra problemlərin həllini hökumət qarşısında ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Müqayisə üçün bildirək ki, əgər 2003-cü ildə təhsilə 243 milyon manat ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 1338,2 milyon manat təşkil edib. Bu isə 2010-cu il büdcəsində nəzərdə tutulan vəsaitdən 50,2 milyon manat (3,9 faiz) çoxdur. Eyni zamanda, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2010-cu ilin dövlət büdcəsində bu məqsədlə 98,2 milyon manat, 2011-ci ilin dövlət büdcəsindən isə 108,6 milyon manat vəsait ayrılmışdır. Bu isə 2010-cu ildəkindən 5,6 faiz (5,8 milyon manat) çoxdur.
Təhsilə ayrılan vəsaitlərin ilbəil artırılması həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə onlarca bu cür inkişafyönümlü proqramın icrasına başlanılmış, strateji əhəmiyyətli həmin sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidən qurulması isə ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-inşaat işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı"nda əksini tapmışdır. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bütün bunların nəticəsi kimi ölkədə 2 mindən çox orta ümumtəhsil məktəbinin inşa olunması da son illərin ən mühüm uğurlarından biri kimi diqqəti çəkir.
Bir faktı da qeyd edək ki, respublikada 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi proqramı üzrə 600 yeni məktəbin inşası nəzərdə tutulmuşdur. Bu müddətdə, eyni zamanda, 1500 məktəbin əsaslı təmiri və yenidən qurulması işi də həyata keçiriləcək. 500-ə yaxın məktəb üçün isə əlavə korpus və sinif otaqlarının inşası reallaşdırılacaq. Bu işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda məktəb infrastrukturunun yeniləşdirilməsi prosesi başa çatacaq.
Müasir dövrdə təhsilin səviyyəsi
həm də hər bir ölkədə kompyuter və
informasiya texnologiyalarının sürətli inkişaf
dinamikası ilə şərtlənir. Bu baxımdan
2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi
haqqında" fərman ötən müddətdə gənclərin
müasir biliklərə və informasiya texnologiyalarını
dərindən mənimsəməsinə elmi-texniki zəmin
yaratmışdır.
2008-ci
il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" isə müasir informasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi yolu ilə vahid
ümummilli təhsil mühitinin yaradılması və əhalinin
bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanlarının təminatı məqsədinə
xidmət edir.
Ümumtəhsil məktəbləri üçün müasir tələblər səviyyəsində yeni dərsliklərin hazırlanması və şagirdlərə pulsuz paylanılması məsələləri də dövlətin sosialyönümlü proqramları sırasında mühüm yer tutur. "Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı (2006-2015-ci illər)" bu mənada xüsusi aktuallıq kəsb edir. 2003-2010-cu illərdə Azərbaycan və rus dillərində ümumilikdə 30 milyondan çox dərslik çap edilərək məktəblilərin istifadəsinə verilmişdir. 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar və Azərbaycan bu sahədə MDB məkanında yeganə ölkədir.
Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı isə təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla müsabiqə əsasında 50 ən yaxşı ümumtəhsil məktəbinin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10 min manat və 100 ən yaxşı müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik mükafat təsis olunmuşdur.
Prezident İlham Əliyev 28 iyun 2011-ci il tarixli sərəncamı ilə "2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamlar imzalamışdır.
Ölkə başçısı "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə 2010-cu il 15 sentyabr tarixdə "Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" sərəncam imzalamışdır. Sərəncamla 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat, habelə peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün də 2 milyon manat (cəmi 4 milyon manat) məbləğində vəsait ayrılmışdır.
Dövlət başçısı bütün bunlarla yanaşı, təhsil işçilərinin sosial vəziyyətlərinin gücləndirilməsini də vacib sayır, bu istiqamətdə əməli tədbirlər həyata keçirir. Ötən illərdə həmin tədbirlər inamla davam etdirilmiş, nəticədə təhsil işçilərinin orta aylıq əməkhaqqı 285 manata yüksəlmişdir.
Prezident İlham Əliyevin 20 aprel 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə" sərəncamı da ölkənin təhsil və səhiyyə işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bu konsepsiya hazırlanaraq qəbul edildikdən sonra təhsil və səhiyyə işçilərinin məvaciblərində müəyyən artımların olacağı gözlənilir.
Ölkə başçısı təhsili strateji əhəmiyyətli sahə hesab etdiyindən onun problemlərinin həlli üçün davamlı və sistemli tədbirlər həyata keçirir. Ölkə Prezidentinin 2011-ci il 11 iyul tarixli "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncamı da sosial-iqtisadi inkişafın hazırkı mərhələsində təhsilin mövcud problemlərinin kompleks həlli məqsədinə xidmət edir. Sərəncamın preambula hissəsində vurğulandığı kimi, "...İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir".
Prezident İlham Əliyev ölkədə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı xüsusi Dövlət Komissiyası yaratmışdır. Komissiya "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Əminliklə demək olar ki, hazırlanacaq milli strategiyada Azərbaycan təhsilinin mövcud problemlərinin həlli üçün kompleks tədbirlər proqramı nəzərdə tutulacaqdır.
Hazırda cari dərs ilinə ciddi hazırlıq işləri aparılır. Yeni dərsliklər çap olunur, məktəblərdə tikinti-abadlıq işləri başa çatdırılır. 2011-2012-ci tədris ilində ölkəmizin ümumtəhsil məktəblərinin birinci sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32 min 812 nəfər təşkil edib.
Bundan başqa, hazırda 2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb. Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri əsasında ümumilikdə 99 peşə üzrə 16 min 570 nəfərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulu planlaşdırılıb. Onlardan 14 min 190 nəfərin dövlət vəsaiti hesabına, 2 min 380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur.
Bu il Təhsil Nazirliyi sistemindəki ümumtəhsil müəssisələrində olan vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üçmərhələli müsabiqə yolu ilə həyata keçirilir. 2 min 177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. 8 min 700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin ikinci mərhələsinə buraxılıblar.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolu məhz təhsilin müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Bir tərəfdən respublikamızın iqtisadi inkişaf tempi, digər tərəfdən isə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda daha möhkəm əsasda intişar tapması milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil sahəsində özünü göstərən problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.-19 avqust.- S. 3.