Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər".

 

İlham ƏLİYEV

 

 

Xalqın azad seçim hüququnu təmin edən islahatlar

 

Demokratiya sahəsində böyük inkişaf yolu keçmiş dövlətlərin təcrübəsi göstərir ki, sabit vətəndaş cəmiyyətinin, müstəqil dövlətin mütərəqqi inkişafı ilk növbədə demokratik seçkilərdən keçir. Siyasi nəzəriyyələrdə təsbit olunduğu kimi, seçkilər demokratik idarəetmənin mərkəzi institutu, vətəndaşların yaşadığı cəmiyyətin ictimai həyatında, dövlət işlərində iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə demokratik seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır.

Seçib-seçilmək istəyi insanlığın can atdığı ali siyasi dəyər olaraq ta qədimdən sivilizasiyanın müasir mərhələsinədək uzun yol gəlmiş, bəşəriyyətin demokratik-hüquqi ideallar uğrunda mücadiləsinin ideya istiqamətinə, başlıca qayəsinə çevrilmişdir. Bəşəriyyətin insan haqları uğrunda tarixi mücadiləsinin, davamlı səylərinin əsas hədəflərindən biri də məhz seçki hüquqları əldə etmək olmuş, insanlar öz gələcək müqəddəratları baxımından bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmışlar. Eynən yaşamaq hüququ kimi, seçki hüquqları uğrunda mübarizədə də çoxlu qanlar tökülmüş, insanlar legitim hakimiyyət strukturları formalaşdırmaqla azad, firavan həyat tərzi əldə etməyə çalışmışlar. Yaranmış əlverişli tarixi şəraitdə gələcəyi baxımından xeyirli olanı seçən ayrı-ayrı xalqlar bununla həm də dünya miqyasında özünütəsdiq şansı qazanmış, etnos kimi nəyə qadir və layiq olduqlarını təcəssüm etdirmişlər.

Tale yolunu müstəqil şəkildə seçmək, gələcək müqəddəratını sərbəst şəkildə müəyyənləşdirmək əzmini qərinələr boyu sübuta yetirmiş azərbaycanlıların da milli düşüncəsində seçim anlayışı dərin mənəvi-psixoloji məzmuna malikdir. Yaxşını pisdən, ağı qaradan seçməyi bacaran müdrik xalqımızın dünyagörüşündə xeyrin şər üzərində təntənəsi, ədalətli rəhbərə sahiblik arzusu da qırmızı xətlə keçir.

Azərbaycan insanının formal seçib-seçilmək imkanları qazanması hələ ötən əsrin əvvəllərinə təsadüf edir. Belə ki, çar hakimiyyəti dövründə azərbaycanlılar Rusiya Dövlət Dumasına, o cümlədən "şəhər sovetləri"nə seçib-seçilmək hüquqlarından istifadə edirdilər. XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci ilin mayında Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. Həticədə ölkə vətəndaşlarının, o cümlədən müsəlman Şərqində ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, 1918-ci ilin dekabrında isə demokratik yolla ilk parlament formalaşdırılmışdır.

Müstəqillik yolunda ilk kövrək addımlarını atan AXC-nin 1920-ci ilin aprelində süqutundan sonra Azərbaycan 70 il imperiya buxovları altında yaşamış, vətəndaşların sovet konstitusiyaları ilə təsbit olunmuş seçki hüquqları əslində formal səciyyə daşımışdır. Birpartiyalı totalitar rejim şəraitində seçkilər alternativsiz - xüsusi direktivlər əsasında, qeyri-demokratik şəraitdə keçmiş, xalqın iradəsini əks etdirməmişdir.

Azərbaycan xalqı ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ bütün dünyaya bəyan olunmuşdur.

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasının 1-ci maddəsinə əsasən, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 2-ci maddəsində göstərilir ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda keçirilən hər seçki müstəqil Azərbaycan dövlətinin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. 1993-cü ildən ölkəmizdə keçirilmiş iki referendum, dörd prezident, üç parlament, iki bələdiyyə seçkisi Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkədə keçirilmiş hər bir seçkinin əvvəlki illə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili də birmənalı sübuta yetirir.

Azərbaycan dövləti tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Ölkə iqtidarının siyasi iradəsilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.

Azərbaycanda seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın uğurlu bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondu (İFES) ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.

2002-ci ilin dekabrında Azərbaycan hökumətinin, müxalifətin, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən təşkil olunmuş "dəyirmi masa"larda Seçki Məcəlləsinin layihəsi ətrafında müzakirələr aparılmış, televiziya vasitəsilə yayımlanan bu tədbirlər nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin layihəsi ilə bağlı məlumatlar əldə etmişdir. Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Hələ 2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradılmışdır. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etmiş, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olmuşdur.

Seçki təcrübəsi təkmilləşən proses olduğundan, sonrakı mərhələdə də Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. 2005-ci il fevral,  may və iyun aylarında Azərbaycan və Venesiya Komissiyası ekspertlərinin görüşlərində sənədə bir sıra dəyişikliklərin edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Prezidentinin 2005-ci il 11 may tarixdə imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncam da Seçki Məcəlləsinə yeni dövrün tələblərindən irəli gələn, demokratik seçimə daha münbit zəmin yaradan bir sıra mütərəqqi dəyişikliklərin edilməsini nəzərdə tutmuşdur. Dövlət başçısının  qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi təqdim edilmiş, beynəlxalq təşkilatların təklifləri, o cümlədən Venesiya Komissiyasının irəli sürdüyü tövsiyələrin böyük əksəriyyəti həmin layihədə əksini tapmışdır. 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış, sənədin 43 müddəasında mütərəqqi dəyişikliklər edilmişdir.

 "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqibinə yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğat aparmaq imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən "exit poll" prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti sərəncam imzalamışdır. Sərəncamla Mərkəzi Seçki Komissiyasına seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etmək tövsiyə olunmuşdur.

Müvafiq dövlət orqanlarına şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsinin təmin edilməsi, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün zəruri şəraitin yaradılması, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan cinayət tərkibli olması ehtimal edilən məlumatların təcili araşdırılması və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması tapşırılmışdır.

Sərəncamla Milli Məclisə təklif edilmişdir ki, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının prezident, Milli Məclis və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. MSK-ya tövsiyə olunmuşdur ki, seçki komissiyalarına daxil olan seçki hüquqlarının pozulması haqqında şikayətlərə baxılma qaydaları haqqında təlimatı qısa müddətdə hazırlayıb təsdiq etsin; deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası zamanı yol verdikləri qanun pozuntularına dair qətiyyətli mövqe bildirsin, qanunla ona verilmiş inzibati tənbeh səlahiyyətlərindən tam və dönmədən istifadə etsin; məntəqə seçki komissiyalarında seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etsin.  

Sənəddə, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraitin yaradılması barədə tapşırıq verilmişdir.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.

2005-ci ilin parlament seçkilərindən ötən 5 ildə Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən islahatlar durmadan dərinləşmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrində proqressiv meyillər güclənmiş, beynəlxalq aləmə sıx inteqrasiya təmin olunmuşdur. Bu isə vətəndaş hüquq və azadlıqlarını, o cümlədən seçki hüquqlarının daha etibarlı təminatını dövlətin mühüm vəzifəsi kimi aktuallaşdırmışdır. 2008-ci ilin may-iyun aylarında Azərbaycanın Seçki Məcəlləsinə edilmiş bir sıra mütərəqqi dəyişikliklər sənədin daha da təkmilləşdirilməsinə, 15 oktyabr 2008-ci il tarixli prezident seçkilərinin tamamilə azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət etmişdir.

Azərbaycanda demokratik inkişafın mühüm göstəricisi, "lakmus kağızı" sayılan seçki sisteminin hərtərəfli inkişaf etdirilib təkmilləşdirilməsi üçün 2008-ci ildə də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan hakimiyyətinin Avropa Şurasının Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə apardığı uzunmüddətli işin yekun nəticəsi olaraq Milli Məclis bu il iyunun 2-də keçirilən iclasında "Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanunu qəbul etmişdir. Həmin qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişiklik edilmişdir.

Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə, seçkilərin monitorinqi, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa xidmət etmişdir.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları (DTİİ) Bürosu da müsbət rəy vermişdir. Həmin təşkilatların birgə rəyində təklif olunan əlavə və dəyişikliklər ölkənin seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılmış addım kimi dəyərləndirilmişdir.

Seçki Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də səmərəlilik baxımından seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi, habelə seçkiqabağı təbliğat-təşviqat müddətinin 28 gün müəyyənləşdirilməsi olmuşdur. Bu dəyişiklik seçki kampaniyasının daha çevik, operativ və keyfiyyətli təşkilinə xidmət etməklə bir sıra obyektiv reallıqlarla şərtlənmiş, dünyanın bir çox inkişaf etmiş demokratik dövlətlərinin təcrübəsinə əsaslanmışdır. Əhalisi və ərazisi o qədər də böyük olmayan Azərbaycan Respublikasında 4 ay müddətində davamlı kampaniya aparmaq seçkilərdə iştirak edən namizədlər üçün əlavə vaxt və maliyyə məsrəfi deməkdir. Bu müddətin 75 günə endirilməsi namizədlərin daha səmərəli, yığcam, yorucu xarakter daşımayan seçki kampaniyası aparması baxımından məqsədəuyğun sayılmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, Gürcüstanın Seçki Məcəlləsində bu müddət 60 gün, Rumıniyanın "Prezident seçkiləri haqqında" qanununda 45 gün, Macarıstanın "Seçkilər proseduru haqqında" qanununda 72 gün, Rusiya və Qazaxıstan kimi ərazi və əhalisinə görə böyük dövlətlərdə isə cəmi 90 gün nəzərdə tutulmuşdur.

Digər mühüm dəyişiklik namizədlərin qeydə alınması üçün depozit sisteminin ləğvi ilə bağlı olmuş, habelə namizədin qeydə alınması üçün tələb olunan imzaların sayı 45 mindən 40 minə endirilmişdir. Venesiya Komissiyası və ATƏT DTİB-in tövsiyəsinə əsasən, Seçki Məcəlləsinə seçkilərin gedişinə qanunsuz müdaxilənin qadağan edilməsini nəzərdə tutan bənd əlavə edilmiş, bu cür qanunsuzluğa yol verən dövlət məmurları və bələdiyyə işçiləri üçün hüquqi məsuliyyət normaları müəyyən olunmuşdur. Cinayət Məcəlləsində təsbit olunmuş bu müddəanın Seçki Məcəlləsində də əksini tapması seçkilərin gedişinə hər hansı qanunsuz müdaxilənin qarşısının alınması baxımından preventiv - çəkindirici addımdır.

Məcəlləyə vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması prosedurunu tənzimləyən bəzi əlavə müddəalar daxil edilmişdir. Seçki prosesi ilə bağlı daxil olmuş şikayətlərin ayrıca komissiya tərəfindən araşdırılmasını nəzərdə tutan dəyişiklik Venesiya Komissiyası və ATƏT DTİB tərəfindən də müsbət qiymətləndirilmişdir.

Seçki Məcəlləsinə edilmiş daha bir dəyişikliklə dövlət büdcəsindən maliyyələşən televiziya, radio və qəzetlərdə namizədlərin ödənişli və ödənişsiz əsaslarla təbliğat aparması qadağan olunmuş, prezidentliyə namizədlərin seçki fondu 1 milyon manatdan 10 milyon manata, deputatlığa namizədlər üçünsə, 85 min manatdan 500 min manata qədər artırılmışdır.

Mühüm dəyişikliklərdən biri də Mərkəzi Seçki Komissiyasına paralel seçki - "exit-poll" keçirmək istəyən təşkilatları akkreditasiyadan keçirmək səlahiyyətinin verilməsidir. Səslərin paralel sayılması prosedurunu həyata keçirən yerli və yaxud xarici qeyri-hökumət təşkilatlarının hansısa dövlət qurumunda deyil, müstəqil orqan olan MSK-da qeydiyyatdan keçməsi onların azad, ədalətli və obyektiv mövqeyini təmin edir, onları hakimiyyət strukturlarının təsir və nüfuz dairəsindən azad edir. Başqa bir dəyişikliyə əsasən, xüsusi rejimli hərbi hissələrdə seçki məntəqələri yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hallarda yaradıla bilər. (Dəyişikliklərdən əvvəl isə hərbi hissələrdə seçki məntəqələrinin yaradılması Müdafiə Nazirliyinə həvalə edilmişdi). Üstəlik, MSK belə bir qərarı səsvermə gününə ən azı 5 gün qalmış qəbul edə bilər.

 Məcəlləyə edilmiş mühüm dəyişikliklərin bir qismi indiyə qədərki seçkilərdə problem kimi özünü göstərən seçici siyahıları ilə bağlı olmuşdur: əvvəlki seçkilərdən fərqli olaraq adı seçici siyahısında olmayan vətəndaşların hüquqlarının məhkəmədə deyil, məhz məntəqə seçki komissiyalarında bərpa olunması nəzərdə tutulmuşdur. Son illərin təcrübəsi adı siyahıda olmayan vətəndaşlarla bağlı məsələnin məhkəmələrə həvalə edilməsinin o qədər də ciddi səmərə vermədiyini göstərmişdir. Bu, həm vətəndaşlara problem yaratmış, həm də məhkəmələrin bir gün ərzində obyektiv araşdırma aparmaq imkanlarını məhdudlaşdırmışdır. Buna görə də qanunla vətəndaşların adlarının seçici siyahısına daxil edilməsi məsələsinin həlli  məntəqə seçki komissiyalarına həvalə olunmuşdur.

Seçici siyahıları ilə bağlı digər mühüm dəyişiklik məntəqələrdə xüsusi lövhələrdə yerləşdirilən seçici siyahılarında vətəndaşların ev ünvanlarının konkret şəkildə göstərilməsini nəzərdə tutmuşdur. Beləliklə, seçicilərin ünvanlarının təkcə "Seçkilər" İnformasiya Mərkəzinin internet saytında deyil, həm də məlumat stendlərində birbaşa göstərilməsi nəzərdə tutulmuşdur.

Namizədlərin seçki təbliğatı ilə bağlı qaydalara da müəyyən dəyişikliklər edilmişdir. Prezidentliyə namizədlərə yalnız İctimai Televiziya və radioda pulsuz seçki təbliğatı ilə məşğul olmaq hüququ verilmişdir. Özəl telekanallarda ödənişli təbliğat kampaniyasının aparılması qaydaları isə "Reklam haqqında" qanunun müddəalarına uyğun olaraq həyata keçirilir.

Seçkiqabağı təşviqat materiallarının böyük şəhərlərdə yerləşən binalarda və müxtəlif obyektlərdə yerləşdirilməsi də qanunla qadağan edilmişdir. Bu dəyişiklik iri şəhərlərdə, xüsusilə də Bakıda seçkilərdən sonra binalara yapışdırılmış seçkiqabağı təşviqat materiallarının qopardılması üçün ayrılmalı olan xərclərin qarşısını almaq məqsədi güdür.

Seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi məsələsi də məcəllədə konkret müddəa ilə təsbit olunmuşdur. Xatırladaq ki, 2005-ci ilin parlament seçkilərində seçicilərin barmaqlarının gözə görünməyən şəffaf mürəkkəblə işarələnməsi Azərbaycan Prezidentinin 25 oktyabr 2008-ci il tarixli "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamında əksini tapmış tövsiyə əsasında həyata keçirilmişdi. Seçkilərin şəffaflığına maksimum təminat yaradan bu prosedurun Seçki Məcəlləsinə salınması son dərəcə mütərəqqi addımlardan biri kimi qeyd olunmalıdır.

Məcəlləyə edilmiş digər dəyişikliyə əsasən, seçkilərin ilkin nəticələrinin dərhal elan olunması nəzərdə tutulmuşdur. Bu, şəffaflığın təmini və prosesə müdaxilə imkanlarının heçə endirilməsi baxımından mühüm addımlardan biridir. Dəyişikliklərdən əvvəl isə nəticələrin ən geci 24 saat müddətinə açıqlanması nəzərdə tutulurdu.

Məcəllədə "Xarici dövlətlər qarşısında öhdəliklər olan" ifadəsi açıqlanmış, bununla əlaqədar Konstitusiya Məhkəməsinin 2003-cü il 1 avqust tarixli qərarında verilən təfsir dəqiqləşdirilmiş, üstəlik, buraya zaman elementi (5 il) əlavə edilmişdir. Həmçinin qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyətinin seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra bərpa olunması ilə bağlı müddəa Seçki Məcəlləsinə əlavə edilmiş, seçki komissiyalarının daimi əsasda fəaliyyət göstərməsinə mane ola biləcək məqam aradan qaldırılmışdır.

Məcəlləyə edilmiş mühüm bir dəyişikliyə görə seçki bülletenləri üçün zərflərdən istifadə olunması praktikası aradan qalxmış, bu, bir tərəfdən şəffaflığın təminatı, digər tərəfdənsə səslərin sayılması zamanı vaxt itkisinin qarşısının alınması məqsədindən irəli gəlmişdir. Bu dəyişiklik, eyni zamanda, səsvermə protokollarını sadələşdirməyə və səslərin təkrar hesablanmasını asanlaşdırmağa xidmət etmişdir.

Məcəlləyə edilmiş dəyişikliyə görə, daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır.

Məcəllədə özünü göstərən bir sıra boşluqlar aradan qaldırılmış, istintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və ya inzibati qaydada saxlanılan vətəndaşların seçici siyahısına daxil edilməsi qaydası tənzimlənmişdir. Eyni zamanda, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi qaydaları müəyyən olunmuşdur.

Məcəlləyə edilmiş dəyişikliyə əsasən, birmandatlı seçki dairəsində seçkilərin nəticəsi ləğv olunarsa, MSK-nın qərarı ilə bülletenlər yenidən sayıla bilər.

Seçki Məcəlləsinin müzakirəsi ərəfəsində müxalifət partiyaları, o cümlədən Avropa Şurası Venesiya Komissiyası, ATƏT DTİB tərəfindən Mərkəzi Seçki Komissiyasının paritet əsasda formalaşdırılması ilə bağlı təkliflər irəli sürülsə də, hakimiyyət bu variantın praktikada reallaşdırılmasının qeyri-mümkünlüyünü konkret mülahizələrlə əsaslandırmışdır. Komissiyaların paritet əsasda formalaşdırılması Azərbaycan reallığında özünü doğrultmadığından və ölkədəki real siyasi qüvvələr spektrini əhatə etmədiyindən qəbul edilməmişdir. Hakimiyyət hələ 2000-ci ildə keçirilmiş parlament seçkiləri ərəfəsində komissiyaların formalaşdırılması ilə bağlı məsələdə müxalifətə ciddi güzəştlərə getsə də, sonradan həmin qüvvələr bundan istifadə edərək iclaslarda iştirak etməmiş, nəticədə seçkilərin pozulması təhlükəsi yaranmışdır. Bəzi müxalifət partiyalarının MSK-nın fəaliyyətində yaratdığı böhranlı vəziyyəti aradan qaldırmaq üçün Milli Məclis seçki qanunvericiliyində yenidən dəyişiklik etmək məcburiyyətində qalmışdır.

Seçki komissiyalarının paritet əsasda formalaşdırılması ilə bağlı təkliflərin reallaşacağı halda, iki qütbə bölünmüş komissiyaların normal fəaliyyət göstərə bilməyəcəyi arqumenti Milli Məclis tərəfindən yenə də ciddi əsas kimi götürülmüşdür. Müzakirələr zamanı çoxluğun fikri belə olmuşdur ki, paritet əsasda formalaşdırılan komissiyalarda konsensusun əldə edilməsi ehtimalı sıfırdır: uduzan tərəflər bununla razılaşmadıqları üçün komissiyaların hər hansı qərar qəbul etməsinə imkan verməyəcəklər. Digər tərəfdən, belə arqumentlər də səsləndirilmişdir ki, Azərbaycan seçiciləri təkcə iqtidar və müxalifətdən ibarət deyil - ölkə əhalisinin böyük bir hissəsi bitərəflərdən ibarətdir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 19 avqust.- S.  3.