"Balaca Ərəblinski"nin böyük arzuları

 

Yorulmaz fəaliyyəti ilə adını Azərbaycan mədəniyyət tarixinə şərəflə həkk etdirmiş İsmayıl Hidayətzadə milli teatr sənətimizin görkəmli nümayəndələrindən biridir. Cəmi 50 il ömür sürmüş İsmayıl Hidayətzadə müqtədir aktyor olmaqla yanaşı, həm də istedadlı rejissor idi. Peşəkar teatr kollektivlərində 16 yaşından səhnə fəaliyyətinə başlayan İsmayıl həyatın hər cür əzab-əziyyətini görmüş, sərtlikləri ilə üz-üzə dayanmış, repressiyaların acılarını yaşamış sənətkarlardan olub. Unudulmaz Cəfər Cabbarlı dostluq etdiyi, ən etibarlı rəfiqi saydığı, çox sevdiyi İsmayıl Hidayətzadənin aktyorluq qabiliyyəti barədə mətbuatda yazırdı: "Zəngin texnikaya sahib olan Hidayətzadə çox nazik (kövrək - F.X.) bir aktyordur. O, bəzən öz rollarını yoxsul bir materialdan yaradır. Burada hər şey aktyordan gəlir; o, ən "boş" görünən yerlərdə belə, kəskin və təsirli vasitələr tapır. İncəlikləri zərgər kimi işləmək bacarığı, mükəmməl texnika, ixtiraçılıq və aktivlik - müxtəlif surətlər yaradan bu gənc aktyorun əsas sifətləridir".

İsmayıl Hidayətzadə 1901-ci il avqustun 19-da Bakıda dənizçi ailəsində anadan olub. Atası Hüseyn kişi oğlunun təhsil almasını çox isətəyirdi. Bu səbəbdən də balaca İsmayıl 1909-cu ildə "İttihad" məktəbində oxumağa başlayır. Hələ uşaqlıqdan şəbih tamaşalara maraq göstərdiyindən tez-tez həyətlərində özü kimi yaşıdlarını başına yığaraq "teatr" çıxardardılar. O dövrdə məhərrəmlik təziyələrini səbirsizliklə gözləyərdilər ki, şəbih tamaşalarında iştirak etsinlər. Gözəl nitqi, yaxşı hafizəsi olduğundan həmişə İsmayılı bu tamaşalarda uşaq "rol"unu aparmağa çağırardılar. Əslində İsmayıl Hidayətzadənin böyük sənətə gedən yolu məhz məhəllələrdə, həyətlərdə, məscidlərdə yaratdığı bu roldan başladı. İsmayıl təqlid etməyi də çox gözəl bacarırdı. O dövrün məşhur aktyoru Hüseyn Ərəblinskini elə ustalıqla yamsılayardı ki, hamı ona "balaca Ərəblinski" deyərdi.

İsmayıl Hidayətzadə "Mənim yaradıcılıq yolum" adlı xatirələrində yazırdı: "Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edərdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayardı... Tamaşalara hazırlıq məktəbin böyük salonunda keçirilirdi. Ərəblinski burada professional aktyorlarla məşq edirdi. Şagirdlərə məşqlərə baxmağa icazə verilmirdi. Mən isə oğurluqla salona yol tapıb Ərəblinskinin hər addımını izləyirdim. Mən Ərəblinskinin əsiri idim. O qədər məftun idim ki, onunla görüşməyi böyük səbirsizliklə gözləyirdim". Tale elə gətirib ki, kiçik yaşında ikən İsmayıla "Ağa Məhəmməd Şah Qacar" pyesində kütləvi səhnələrə çıxmağına icazə verilib. Məşq zamanı da onu Ərəblinski ilə tanış edərək "Səni təqlid edən balaca Ərəblinski budur" - deyiblər. Hüseyn böyük maraqla balaca İsmayılın oyununa diqqətlə nəzər yetirib. Sonra onunla söhbət edərək düzgün istiqamət verib. Məsləhət görüb ki,  oxumalısan, öyrənməlisən, əsərlərə tamaşa etməlisən. Amma kimsəni təqlid etmək yox, özünəməxsus tərzdə oynamaq gərəkdir. Bu hadisədən sonra İsmayıl yamsılamağa son versə də, məktəbdə hamı ona yenə də "balaca Ərəblinski" deyirdi.

İsmayılın səhnəyə gələn yolu çox ağır, çətin həyat tərzindən keçib. Atasını erkən itirdiyindən ailənin yükünü çiynində daşımağa, evə çörək pulu gətirməyə məcbur olub. Lakin sənət eşqi, aktyorluq yanğısı onu heç vaxt rahat buraxmırdı. 1920-ci ildə dövlət teatrında işləməyə başlayıb, həm də teatr studiyalarının birində professional aktyor sənətinin sirlərini öyrənib.

İsmayıl Hidayətzadənin bəxti bironda gətirib ki, Cəfər Cabbarlı ilə yaxından tanış olaraq dostluq edib. Bu ünsiyyət isə bir ali məktəbi bitirməyə dəyib. Sonralar xatirələrində özünü "mən Cabbarlı məktəbinin yetirməsiyəm" adlandırarmış. O, Cəfər Cabbarlı ilə birlikdə bu qərara gəlib ki, Azərbaycan teatrının tərəqqisi üçün əl-ələ verərək səhnəyə yeni nəfəs gətirsinlər, bir sözlə, yeni teatr yaratsınlar. Hətta Cəfər Cabbarlı məhz İsmayıl Hidayətzadə üçün rollar yazarmış. Bu rolların da təbii və təsirli alınması üçün İsmayıl Hidayətzadə küçə-küçə, kənd-kənd gəzərək tiplərin danışıq tərzini öyrənərmiş. Bu səbəbdən də onun bir sıra tamaşalarda yaratdığı rollar təbiiliyi ilə seçildiyindən tamaşaçılar tərəfindən rəğbətlə qarşılanardı. "Almaz" pyesində yaratdığı Şərif obrazı haqqında sənətşünas İnqilab Kərimov yazıb: "Obrazı İ.Hidayətzadə çox incə və mənalı cizgilərlə zənginləşdirmişdi. Aktyor obrazın həm zahiri görünüşünü, həm də hərəkət və rəftarını riyakarlıq məqsədinə tabe etdirmişdi. Aktyor obrazın saxta təbiətini çılpaq şəkildə göstərirdi". Təkcə Azərbaycan dramaturqlarının deyil, xarici ölkə müəlliflərinin də əsərlərində İsmayıl Hidayətzadənin yaratdığı obrazlar qalereyası zəngindir.

O dövrdə aktyorların teatr fəaliyyəti lentə alınmadığından biz bu gün İsmayıl Hidayətzadə haqqında ancaq xatirələrdən və vaxtı ilə mətbuatda dərc edilmiş yazılardan xəbər tutaraq onun səhnə fəaliyyəti haqqında müəyyən məlumata nail ola bilirik. Bir məsələ də diqqət çəkir ki, o, istedadlı aktyor olmaqla bərabər, eyni zamanda, rejissor kimi də mükəmməl fəaliyyət göstərib. 1934-cü ildə Firdovsinin yubileyi münasibətilə Hüseyn Cavidin "Səyavuş" pyesini, 1936-cı ildə "Şahnamə" (M.Cahan) əsərlərini tamaşaya qoymuşdur. İsmayıl Hidayətzadənin adı opera sənətimizin də tarixində iftixarla səslənir. 1937-ci il aprelin 28-də onun quruluşunda tamaşaya qoyulan "Koroğlu" Azərbaycan opera sənəti haqqında milli rejissorluq mədəniyyətinin yüksəlişini nümayiş etdirmişdir. Həmin ildən ömrünün sonuna qədər OperaBalet Teatrının baş rejissoru vəzifəsində çalışan İsmayıl Hidayətzadə bu möhtəşəm teatrın səhnəsində "Arşın mal alan" (1938), "Qız qalası" (1940), "XosrovŞirin" (1942), "Kamran" (1946) və sair əsərlərin quruluşunu vermişdir. Eyni zamanda, Milli Dram Rus Dram teatrlarında bir neçə pyesi tamaşaya qoymuşdur. Milli kinomuzun inkişafında da özünəməxsus əməyi olan İsmayıl Hidayətzadə "Qız qalası" (1924), "Bismillah" (1925), "Altıncı hiss" (1935),  "Almaz" (1936) filmlərinə çəkilib.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyət günlərində İsmayıl Hidayətzadənin quruluş verdiyi "Koroğlu" "Arşın mal alan" tamaşaları böyük uğur qazandı. Bu tamaşalar Azərbaycan opera sənətinin əldə etdiyi nailiyyətləri əks etdirməklə yanaşı, milli mədəniyyətimizin təntənəsinə çevrildi. Rejissor İsmayıl Hidayətzadənin gözəl işi Azərbaycan vokal sənətinin mahir ifaçısı Bülbülün baş rolda məharətli çıxışı tamaşanı yüksək səviyyəyə qaldırdı. Bülbül bu barədə yazmışdı: "İsmayıl Hidayətzadənin böyük zəhməti nəticəsində Üzeyir Hacıbəyovun "Koroğlu"su milli mədəniyyətimizin qələbəsi oldu". Bu səbəbdən Opera Balet Teatrı ən yüksək mükafata - Lenin ordeninə layiq görüldü. Koroğlu rolunun bənzərsiz ifaçısı Bülbülə SSRİ xalq artisti fəxri adı verildi. Beləliklə, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrəti daha da artdı. Ünvanına gələn təbriklərin sırasında təltiflər, orden medallar xüsusi yer tuturdu. Azərbaycanın xalq artisti fəxri adını da məhz həmin ildə aldı. Sonralar "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə layiq görüldü.

İsmayıl Hidayətzadə dövri mətbuatda da müntəzəm çıxış edirdi. Onun yazıları Azərbaycandan kənarda da işıq üzü görürdü. Məsələn, 1938-ci ildə "İzvestiya" qəzetində çap etdirdiyi "Ciddi imtahan" adlı məqaləsində yazırdı: "Azərbaycanda teatr incəsənətinin nailiyyətləri böyükdür. Lakin biz başa düşürük ki, əlimizdə olan imkanlarla daha çox görmək olar. Biz işləmək həvəsindəyik. Arzumuz daha əhəmiyyətli, daha təsirli tamaşalar yaratmaqdır. Görülən işlər başlanğıcdır..."

İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyətinə xidməti yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, həm də ilk milli baletimizin "Qız qalası"nın liberettosunu yazıb. Bütün varlığı ilə sənətə bağlı olan İsmayıl Hidayətzadənin arzuları çox idi. Amma ömrünün 50-ci zirvəsindən yuxarı qalxa bilməyən bu fədakar teatr xadimi bir çox istəklərini gerçəkləşdirə bilmədi. Bir təsəlli var ki, onun yaratdıqları tarixin pozulmaz səhifələrinə elə həkk olunub ki, bu gün onu minnətdarlıqla yada salır, xatirəsi qarşısında öz ehtiramımızı bildiririk... Əsl sənətkarlar əbədiyaşar olurlar. İsmayıl Hidayətzadə də belə unudulmaz şəxsiyyətlərdən biridir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-19 avqust.- S. 5.