Təbiətə
köməyə yubanmayaq!
"Bəlkə də toya, yasa və ya digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır". Bu sözləri görkəmli təbiətşünas alim Həsən Əliyev böyük inamla deyirdi və heç vaxt, heç vədə torpağın, təbiətin nazını çəkməkdən yorulmazdı. Dünyanın hər tərəfini gəzib dolaşanda ən nadir pöhrələri doğma vətəninə gətirməyə can atardı. Alim həmkarları deyir ki, akademik Həsən Əliyev ağacların, fidanların dilini bilirdi. Yol kənarında, lap ucqar dağ kəndində tənha bir ağac görəndə sükutla ötüb keçə bilmirdi, ayaq saxlayırdı, elə bil təbiətin qəribsəmiş bir övladından hal-əhval tuturdu...
Vaxt, zaman ötür. Yaşadığımız illəri mənəviyyat süzgəcindən keçirdikcə çox şeyləri saf-çürük edirik. Təkcə cəmiyyət, el-oba qarşısında yox, sabahına cavabdeh olduğumuz canlı təbiətə də hesabat verməliyik. Heç kəs kosmetik əxlaqın, malalı ziyalı adının arxasında gizlənə bilməz. Biz təbiətin saflığını, təmizliyini mənəvi cavabdehliklə qorumaq istəyiriksə, humanist dəyərləri yaşatmalıyıq. Əgər bilərəkdən, qəsdən təbiətin gözəlliklərinə, heyrətamiz mənzərələrinə qıyırıqsa, onda hər birimiz öz fitri kamilliyimizə qarşı çıxırıq. Özü də bu qəsdin arxasında beş-üç nəfərin faciəsi yox, genetik varlığımızın məhv olmaq təhlükəsi dayanır. Statistik hesablamalara görə, son illər dünyada hər onuncu uşaq xəstə və şikəst doğulur. Elə bunun bir səbəbi də (bəlkə də başlıca səbəbi) təbiətin ekologiyasına qəsdlərlə bağlıdır. Biz təbiətin harmoniyasını pozmaqla özümüzə və gələcək nəsillərə, bəşəriyyətin dirilik taleyinə ciddi zərbə vurmuş oluruq. Təbiətlə münasibətdə saxtakarlığın, naşılığın zədələri və zərbələri bir ilə, beş ilə yox, bəzən on illərlə sağalmır. Bunu da ekoloji mühitin gələcəyinə cavabdeh olan mütəxəssislər hesablayıblar. Hesablayıblar ki, elə insanın mənəviyyatı, əxlaqı qədər təbiətin də ahənginin qorunmasına ciddi ehtiyac var. Bəs bu gün yaşadığımız paytaxt şəhərində min bir əzabla boya-başa çatdırdığımız ağacları şəhərin "ağ ciyərləri" kimi qoruya bilirikmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən ilki məlumatları, həmçinin bu ilin 6 ayının hesabatı açıq-aşkar sübut edir ki, təbiətin bənzərsiz gözəlliklərinə fiziki qəsdin miqyası ildən-ilə genişlənir. Konkret bir faktı deyək: ötən il hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 828 protokol tərtib olunub. Ümumilikdə, yaşıllığın məhvi ilə bağlı 815 iş üzrə 6134322,15 manat məbləğində cərimə tətbiq olunub. Aldığımız sonuncu məlumata görə, həmin məbləğin yalnız 285779,84 manatı ödənilib. Əlbəttə, cərimələrin ödənilməsi də, digər cəzalar da yalnız əlacsızlıq əlamətidir. Başlıca məqsəd, sonuncu hədəf isə belə qlobal qanun pozuntularının qarşısını almaqdır. Özü də vaxtında!
Başı kəsik kötüklə söhbət
Hər gün paytaxtın küçə və meydanlarında, park və xiyabanlarında qarşımıza başı kəsik kötük çıxır. Halına acıyırıq, gövdəsinə qıyanları məzəmmət edirik, o adamları mənəvi qınağa çəkmək üçün arayıb axtarırıq. Amma heç kəs başı kəsik kötüyün dərdini, fəryadını, harayını eşitmir. Anlamırıq ki, o ağacın gövdəsinə dəyən zərbə bizim, uşaqlarımızın və gələcək nəsillərin sağlamlığına tuşlanan qəsddən savayı bir şey deyil. Bunu biz demirik. Mütəxəssis hesablamalarına görə, bir orta ölçülü ağac sutkada təxminən üç nəfər insan üçün oksigen təminatı yaradır. Bir hektar meşə isə 180-200 kiloqram karbon qazını udur və bir o qədər də oksigeni bərpa edir. Deməli, hər kəsilən ağac üç uşağı şikəst edir. Yaşıllıqları məhv edib, meşələri qırdıqca genetik varlığımıza qənim kəsilirik. Bunun başqa yozumu yoxdur!
Böyük şəhərlərdə, o cümlədən Bakıda havanın saflığını, təmizliyini qorumaq qlobal problemlərdən sayılır. Şəhərin yaşıl örtüyünü genişləndirmək üçün hər il iri həcmli maliyyə ayırmaları olur. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən Əzizbəyov dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral-avtomobil yolunun yaşıllaşdırılmasına 5 milyon manat məbləğində vəsait ayrılmışdır.
Əgər ildə bir hektar yaşıl zolaq 1 ton tozu udub havanı zəhərli maddələrdən qoruyursa, onda təbiətin bəlli gücünə, sehrinə və qüdrətinə qeydsiz-şərtsiz inanmalıyıq. Heç şübhəsiz ki, problemlərin üst-üstə qalaqlandığı böyük şəhərlərdə xoşbəxtlik axtaranların kütləvi artımı sonuncu həddə çatdıqca iqlim problemi də yaranır. Elə Azərbaycanda da əhalinin 70-75 faizi şəhərlərdə yaşayır. Onu da hesablayıblar ki, 3 milyondan artıq əhalisi olan Bakıda ildə ən azı 150 milyon ton oksigen tələb olunur. Başı kəsik kötüklərlə yeni əkilən ağacların sayı az qala, eyni tənasüblə ölçülür. Nəzərə alsaq ki, təzə fidanların iri gövdəli kötükləri əvəzləməsinə hələ aylar, illər - böyük zaman kəsiyi tələb olunur, onda təbiətdə itirdiklərimizin qədərindən, miqdarından xəbərdar olarıq. Elə başı kəsik kötük də gileyli-gileyli bunları pıçıldadı...
Vətəndaş
təklif verir...
Doğrusu, təbiətlə bağlı fikirlərin müxtəlifliyini, həm də polemik dəyərini nəzərə alaraq təkcə mütəxəssislərin yox, adicə vətəndaş mövqeyini də öyrənməyə cəhd etdik. Öyrəndik ki, adamlar ekoloji mühitin sağlamlaşması, yaşıl örtüyün mühafizəsi üçün hansı təklifləri verir və ya belə bir qlobal problemin həllinə - özlərinin yaşam və dirilik taleyinə necə yanaşırlar?..
İsmayıl
ABBASQULİYEV, təqaüdçü:
- Mənə elə gəlir ki, insan yaşa dolduqca ətraf mühitin təsirlərinə həssas münasibəti də dəyişir. Məsələn, adicə avtomobilin siqnal səsləri və ya texniki qurğuların həddini ötən hay-küyü insan psixikasında pozuntulara, dəyişmələrə səbəb ola bilər. Ekoloqların mülahizələrinə görə, təbiətin yaşıl örtüyü səs enerjisinin ən azı 25 faizini udur. Deməli, təbiət bizi həm də artıq səslərin sıxıntısından, təsirlərindən qoruyur...
Məryəm
BAYRAMLI, pedaqoq:
- Ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Ona görə ki, bəzən ekoloji təhlükələrin çoxu şəxsi hasarlar arxasında gizlədilir. Çirkab sularının nəzərdə tutulmayan yerlərə axıdılması və ya tullantıların küçə və dalanlarda qalaqlanması elə ekoloji tarazlığı açıq-aşkar pozmaq deməkdir. Bakıda il ərzində insan həyatına təhlükə yaradan 10 milyon tondan çox çirkab suları axıdılır. Əlbəttə, yaşadığımız şəhərin abadlığına, sağlam atmosferinə, bir sözlə, təbiətin mühafizəsinə cavabdehlik inzibati təsirlərlə yanaşı, vətəndaş həmrəyliyi və cavabdehliyi ilə də tənzimlənməlidir. Rəyini, təklifini öyrəndiyimiz hər kəsin son qənaəti belədir ki, təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri - təbiətin saysız-hesabsız nadir abidələrini qorumaq deməkdir. Akademik Həsən Əliyev səyahət təəssüratlarında yazır ki, demək olar, dünyanın bütün ölkələrində olmuşam. Bir dəfə almanlardan soruşdum ki, nə üçün böyük tarlalarda meyvə bağları deyil, meşə üçün tinglik salırsınız? Cavabında alman meşəçisi dedi: "Meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək olmaz. Axı, meşə torpaqdır, sudur, havadır..." Yaşıllıqları, parkları və meşələri qorumaq nəsillərin əmanətinə, toxunulmaz sərvətinə çevirmək, yaşatmaq deməkdir.
Qətiyyət
Əgər bizim hər birimizin təbiətə münasibətində cavabdehlik azalıbsa, ənənəvi bağlar zaman-zaman qırılıbsa, deməli, fərdi günahlarımız böyükdür. Bəs əlacı nədir? Təkcə cərimələr, cəzalarmı? Əlbəttə, yox! Bunun üçün ekoloji mühitin gələcəyinə cavabdehlik şüar və hazır reseptlər şəklində yox, hər kəsin müstəsna marağı və təbiətə doğma münasibəti çərçivəsində olmalıdır. Bizim hər birimiz təbiətin məhvinə yönəldilən cəhdləri diriliyə qəsd, cəmiyyətdə vahimə yaradan hadisə kimi dəyərləndirməliyik. Əgər günün günorta çağı paytaxt Bakının dördüncü, altıncı, doqquzuncu mikrorayonlarının ərazisində zeytun bağları hamının biganə müşahidəsi ilə məhv olursa, onda hansı mənəvi və vəzifə cavabdehliyindən danışmaq olar?! Deməli, hələ də yaşıllığın məhvinə konkret yasaq zolağı yoxdur. Əgər belə olmasaydı, zeytun bağları artmaq əvəzinə bu qədər seyrəlməzdi. Yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlarının bir arayışına istinad edək. Bu ilin 6 ayı ərzində Abşeron yarımadasında, yəni, Bakı şəhəri və onun ətraf ərazilərində qanunsuz məhv edilən yaşıllıqlarla bağlı 26 akt və 9 protokol tərtib olunmuş, 12 iş üzrə 2112200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Aldığımız ən son məlumata görə, 7 iş üzrə 3279 manat məbləğində inzibati cərimə üçün iddia qaldırılmışdır. Bu rəsmi rəqəmləri, arayış faktlarını ona görə sadalayırıq ki, təbiətə qəsd və bilərəkdən hücumlar hələ də davam edir. Hər kəs öz fərdi maraqlarına uyğun şəkildə təbiətin intihar planını cızır və ya təzə pöhrəni iflic vəziyyətə gətirir. Belə faktlara kəskin münasibət bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətlə demişdir: "Bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər, əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər. Özü də maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneçilik törədən ağaclar məhv edilməsin. İndi xüsusi maşınlar da alınıbdır. Bu maşınların alınmasına böyük vəsait ayrılıbdır. Bu maşınlarla ağacı kökü ilə bərabər çıxarıb başqa yerdə əkmək də mümkündür". Deməli, dövlət başçısı adicə bir ağacın, pöhrənin kəsilməsindən ciddi narahat olur, kəsilməyin yox, daha çox əkməyin tərəfdarı kimi çıxış edir. Bu ciddi xəbərdarlıq hər bir vətəndaş üçün vaxtında səslənən həyəcan təbili kimi qəbul olunmalı, təbiəti hücumlardan qorumaq üçün etibarlı zəmanət, kəsərli və təpərli mövqe sayılmalıdır!
Bəşir
ŞƏRİFLİ
Azərbaycan.- 2011.-19 avqust.- S. 5.