Şərur rayonunda Alt Paleolit dövrünə aid yeni əmək alətləri aşkar edilmişdir

 

 AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin başçılıq etdiyi ekspedisiya Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi yaşayış yerində Alt Paleolit dövrünə aid yeni əmək alətləri aşkar etmişdir.

Bu barədə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan-Fransa ekspedisiyası tədqiqatlara avqustun əvvəllərindən başlamışdır. Tədqiqatlar zamanı Alt Paleolit dövrünə aid 3 əmək aləti aşkar olunmuşdur. Ekspedisiya rəhbəri demişdir ki, indiyədək  Ovçulartəpəsi yaşayış yerindəki araşdırmaların nəticəsi Son Eneolit dövrünü göstərsə də, builki araşdırmalar sübut edir  ki, insanlar bu ərazidə 500-300 min il bundan əvvəl məskunlaşmışlar. Əldə olunan bu alətlər Ovçulartəpəsi yaşayış yerinin nəinki Azərbaycanda, hətta  dünyada ən qədim yaşayış yerlərindən biri olduğunu sübut edir. Bu həm də Naxçıvanın tarixini qədimləşdirməyə imkan verir.

Məlumat üçün qeyd edək ki, ekspedisiya üzvlərinin bir qrupu Duzdağ ərazisində də kəşfiyyat xarakterli qazıntı işləri aparır. Ekspedisiya sentyabrın sonunadək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-19 avqust.- S. 5.