Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Seçkiqabağı mühitin demokratikliyinin təmin edilməsi baxımından Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa da bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmişdir. Dəyişikliklər Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında hazırlanmış, yeni dövrün tələblərinə cavab vermişdir. Təklif olunan dəyişikliklərlə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun beynəlxalq konvensiyalara maksimum dərəcədə uyğunlaşdırılmışdır. Qanuna əsasən, müvafiq dövlət orqanları sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələləri həll edərkən yerli qanunvericiliklə yanaşı, beynəlxalq standartları və Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsini nəzərə almalıdırlar.

Kütləvi aksiyaya icazə verilməməsi anlayışı, ümumiyyətlə, qanundan çıxarılmışdır. Yalnız beynəlxalq tədbirlərə hazırlıq ərəfəsində kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırıla bilər. Qanunda ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda tətbiq olunan sərbəst toplaşmaq azadlığı ilə bağlı qadağa aradan götürülmüşdür. Qeyd olunan yerlərdə aksiya keçirilərkən qanunun tələbləri pozularsa, toplantının keçirilməsi məhdudlaşdırıla bilər. Qanundakı digər yenilik isə xüsusi mülkiyyətlərin qarşısında kütləvi aksiyaların keçirilməsinə icazənin verilməsidir. Toy və yas mərasimlərinin siyasi xarakterli kütləvi aksiya kimi keçirilməsi isə qanunla qadağan olunmuşdur. Bundan əlavə, zəruri hallarda milli təhlükəsizlik və ictimai təhlükəsizlik mənafeləri, iğtişaşların və cinayətlərin qarşısının alınması, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırıla bilər.

Yeni variantda dövlət orqanlarının yerləşdiyi ərazinin 200 metr radiusunda kütləvi aksiya keçirilməsinə icazə verilmir. Dəyişikliklərdən əvvəl isə dövlət orqanlarının 300 metrlik radiusunda kütləvi aksiyanın keçirilməsinə icazə verilməməsi göstərilmişdi. Qanunda vətəndaşlara əks-toplantı keçirmək hüququ da verilmişdir - müəyyən məsələ ilə bağlı aksiya keçirənlərin fikirləri ilə razılaşmayanlar eyni vaxtda və eyni yerdə əks-toplantı keçirə bilərlər. Qarşıdurma ehtimalı mövcuddursa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflərə digər yerlər təklif edilməlidir. Əks-toplantılar keçirilən zaman polis təhlükəsizliyi təmin etmək məqsədilə toplantı keçirilən yerdə olmalıdır. Qanundakı digər yeniliklərdən biri də Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarına sərbəst toplaşmaq azadlığının verilməsi ilə bağlı olmuşdur.

Beləliklə, istər "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, istərsə də Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər ümumilikdə pozitiv xarakter daşımış, seçki qanunvericiliyinin daha da demokratikləşməsini, beynəlxalq təcrübənin nəzərə alınaraq tətbiq olunmasını, seçki qanunvericiliyinin tətbiqi praktikasının yaxşılaşdırılmasını şərtləndirmişdir. Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər daha çox praktik xarakteri ilə diqqət çəkmiş, bu da öz növbəsində seçki administrasiyasının fəaliyyətinin daha yaxşı təşkil olunmasına, seçkilərin daha effektiv idarəsinə, şəffaflığın və hesabatlılıq standartlarının yüksəldilməsinə xidmət etmişdir. Bu əlavə və dəyişikliklər ümumilikdə Seçki Məcəlləsinə daha demokratik məzmun verilməsində çox böyük və əhəmiyyətli nailiyyət kimi qiymətləndirilə bilər.

Prezident seçkiləri ərəfəsində cəmiyyətdə möhkəm ictimai-siyasi sabitlik, əmin-amanlıq müşahidə edilmiş, ictimai təhlükəsizliyə təsir göstərə, onu poza biləcək hər hansı müdaxilə və meyillər baş verməmişdir. İqtidarda olan Yeni Azərbaycan Partiyasından fərqli olaraq, 2008-ci ilin əvvəllərindən radikal müxalifət partiyaları seçkidə iştirak edib-etməməklə bağlı ziddiyyətlərlə, kəskin fikir ayrılığı ilə müşahidə olunan müzakirələrə başlamışlar.

Seçkiərəfəsi ənənəvi olaraq ölkədə siyasi gərginlik yaratmağa çalışan radikal müxalifət partiyaları seçki ərəfəsində şəhərin mərkəzində aksiya keçirmək barədə qərar qəbul etmişlər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər qanunamüvafiq olmadığından rədd edilmişdir. BŞİH "boykotçu" müxalifətin aksiya keçirməklə bağlı müraciətinə cavab olaraq onlara daha öncə hakim Yeni Azərbaycan Partiyasının aksiya keçirdiyi Bibiheybət meydanını göstərmiş, həmin meydanda mitinq keçirməyin məqsədəuyğunluğunu bildirmişdir. Həmin partiyalar isə BŞİH-in bu qərarı ilə razılaşmamış, aksiya keçirmək qərarından vaz keçmişlər. Bununla belə, radikal müxalifət seçkilərin gedişini müşahidə etmək niyyətində olduğunu bəyan etmiş, səsvermə günü prosesi izləmişlər.

Müxalifət düşərgəsinə aid konstruktiv mövqeli partiyalar isə prezident seçkilərində fəal mövqe nümayiş etdirməyə çalışmışlar. Seçkiyə namizədləri ilə qatılan partiyalarla yanaşı, namizədi olmayan bəzi müxalifət partiyaları da seçkiqabağı ərəfədə yüksək siyasi fəallıq nümayiş etdirmişlər. Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal-Demokrat Partiyası, Ümid Partiyası, Yaşıllar Partiyası, Müasir Müsavat Partiyası prezident seçkilərində iştirak barədə qərar qəbul etmişlər. Seçkilərin birinci mərhələsində "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Qulamhüseyn Əlibəyli partiyadan istefa verərək müstəqil şəxs kimi prezidentliyə namizədliyini irəli sürmüşdür.

Müxalifətin seçkilərdə iştirakdan imtina qərarı seçki ərəfəsində ayrı-ayrı müxtəlif beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən düzgün olmayan addım kimi dəyərləndirilmişdir.

Prezident seçkilərinin ən mühüm yeniliklərindən biri də seçki məntəqələrində kameraların quraşdırılması olmuşdur. MSK-nın 2008-ci il 8 oktyabr tarixli qərarı ilə seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair qaydalar təsdiq edilmişdir. Bu qaydalar Seçki Məcəlləsinin 40.1 və 110-cu maddələrinə müvafiq olaraq hazırlanmış, Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumlarda) aşkarlıq institutunun daha geniş tətbiq edilməsi məsələlərini əhatə etmişdir. Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq seçki prosesi aşkar olmalıdır. Səsvermə günü ictimaiyyət tərəfindən səsvermənin gedişinin izlənməsi yolu ilə aşkarlığın geniş tətbiq edilməsi, səsvermə prosesinə qanunsuz müdaxilələrin yol verilməməsi və seçkilərə ictimai inamın daha da artırılması  məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-kamera tətbiq edilir. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini heç bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunaraq seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir.

Seçki prosesində kameraların tətbiq edilməsi heç bir vəchlə seçkilər və referendum zamanı səsvermənin gizliliyinə xələl gətirməməli, habelə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir. Kamera səsvermə günü, səsvermə kabinəsi istisna olmaqla, seçki məntəqəsinin içərisində gedən prosesləri müşahidə etmək və əldə edilən görüntüləri birbaşa Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə kütləvi şəkildə nümayiş etdirmək üçün nəzərdə tutulan müvafiq texniki qurğudur. Kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Azərbaycan Respublikasının Rabitə və İnformaiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılır. Kameralar tələb olunan qaydada quraşdırılaraq yerləşdirilməli, səsvermə günü fasiləsiz fəaliyyət göstərməli, məlumatlar təhlükəsiz şəkildə əldə edilməli, ötürülməli və müəyyən olunmuş müddətdə saxlanılmalıdır. Kameraların tətbiqi və onunla bağlı digər məsələlər Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə müəyyən edilir. Kameraların qanunauyğun tətbiqi və fəaliyyəti üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.

 Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük maraqla izlənən 2008-ci ilin 15 oktyabr prezident seçkiləri kifayət qədər demokratik, azad, şəffaf keçməklə respublikamızın davamlı demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 15 oktyabrda təxminən 4 milyon 800 min nəfər ölkə vətəndaşı seçki məntəqələrinə gedərək növbəti 5 il üçün seçimlərini etmişlər. Hakimiyyətin yüksək siyasi iradə nümayiş etdirərək seçkiqabağı mühitin demokratikliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi təşkilati-hüquqi tədbirlərin məntiqi yekunu olaraq səsvermə prosesi sakit, sərbəst, azad, ədalətli, demokratik şəraitdə keçmiş, seçicilərin yüksək fəallığı müşahidə edilmiş, ciddi saxtakarlıq faktı kimi dəyərləndiriləcək heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Səsvermə günü ciddi əhəmiyyət kəsb etməyən, texniki xarakterli, yekun nəticələrə təsir göstərməyən bəzi xırda qüsurlara rəğmən, 15 oktyabr seçkilərinin beynəlxalq standartlara cavab verdiyi, demokratikləşmə yolunda mühüm irəliləyiş olduğu, ən başlıcası, xalqın iradəsini əks etdirməsi beynəlxalq müşahidə missiyaları, habelə ayrı-ayrı yerli və xarici QHT-lər, mətbuat nümayəndələri tərəfindən də birmənalı etiraf olunur.

MSK-nın yüksək təşkilatçılığı ilə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə start götürmüş, prosesin gedişi barədə ictimaiyyətə, habelə yerli və xarici kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatlar çatdırılmışdır. Bu informasiyaların operativ, obyektiv şəkildə əhaliyə çatdırılmasında əsas ağırlıq avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Mərkəzinin üzərinə düşmüşdür. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin 2000-ci il 3 sentyabr tarixli "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" sərəncamına əsasən, Azərbaycan Respublikasında seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması və seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya sistemi yaradılmışdır. Sərəncamın 2-ci bəndində MSK-ya sistemin fəaliyyətini təşkil etmək üçün öz nəzdində İnformasiya Mərkəzi yaratmaq, sistemə aid tələbləri və ondan istifadə qaydalarını müəyyən etmək, həmçinin sistemin daxilində informasiya mübadiləsi və mühafizəni təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanları ilə birgə zəruri tədbirlər hazırlayıb həyata keçirmək tövsiyə edilmişdir. 2000-ci il noyabrın 2-də "Seçkilər" İnformasiya Mərkəzinin rəsmi açılışı olmuş, mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev mərkəzin iş rejimi ilə maraqlanmış, burada quraşdırılmış müasir avadanlıqlar və kompyuter texnikası ilə tanış olmuşdur.

Ötən illərdə "Seçkilər" İnformasiya Mərkəzi təcrübəsini artırmış, seçkidən-seçkiyə işini ən müasir metodlar çərçivəsində qurmuşdur. Mərkəz bütün seçkilərdə və referendumda fəal iştirak etmiş, vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin funksiyalarını Seçki Məcəlləsinə uyğun olaraq MSK müəyyənləşdirir. DAİS-in texniki baxımdan iş icraçılığını isə "Seçkilər" İnformasiya Mərkəzi yerinə yetirir. Seçki dövrü olmadığı müddətlərdə belə mərkəz daim fəaliyyət göstərmişdir.

Ötən seçkilərdə əsası qoyulmuş mütərəqqi ənənənin davamı kimi yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin əməkdaşlarının, beynəlxalq müşahidəçilərin mərkəzdə normal fəaliyyəti, informasiya əldə etməsi və ötürməsi üçün lazımi şərait yaradılmışdır. Mərkəzin qapıları istənilən jurnalist və müşahidəçi üçün açıq olmuş, onların rahat şəkildə seçkinin gedişini izləmələri, məlumat toplamaları üçün lazımi texniki imkanlar yaradılmışdır. Müşahidə zalındakı texniki avadanlıqlar isə son parlament seçkiləri zamanı quraşdırılmış avadanlıqlardan fərqlənmişdir. Divarda quraşdırılmış üç monitor vasitəsilə kompyuter arxasında əyləşmədən gün ərzində dairələr üzrə səsvermənin gedişini izləmək mümkün olmuşdur. Bundan başqa, jurnalistlər zalda quraşdırılmış ən müasir kompyuterlər vasitəsilə lazımi məlumatları əldə etmişlər. Kütləvi informasiya vasitələri nümayəndələrinin, müşahidəçilərin operativ şəkildə internet, telefon və ya faks vasitəsilə informasiya ötürməsi, o cümlədən televiziya kanallarının əməkdaşlarının birbaşa efirə çıxmaları üçün hər cür şərait yaradılmışdır. Mərkəzin rəhbərliyi və əməkdaşları səsvermənin gedişini izləyən hər kəsin müraciətinə həssaslıqla yanaşmışlar.

Oktyabrın 15-dən 16-na keçən gecə saat 1.50-də MSK məntəqələrin 70 faizindən əldə olunmuş ilkin məlumatları açıqlamışdır. İlkin məlumatlara görə, seçkilərdə səsvermə hüququ olan əhalinin 75,64 faizi iştirak etmişdir. Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 89,04 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Seçkilərdə məğlub olan namizədlər nəticələrlə razılaşdıqlarını bildirərək qələbə münasibətilə cənab İlham Əliyevi təbrik etmişlər.

Seçkilərin demokratik keçirildiyini səsvermədə iştirak edən vətəndaşlar, namizədliyini irəli sürmüş siyasilər, prosesi müşahidə edən müşahidəçilər də təsdiq etmişdir. Seçkinin gedişini izləyən QHT koalisiyaları, "exit-poll" təşkilatları da prosesin kifayət qədər demokratik keçdiyini bəyan etmişlər.

Seçkinin gedişini "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  və "Rəy" Monitorinq Mərkəzi  izləmişdir. Bu sırada "Seçki-2008", "Azad, Şəffaf və  Ədalətli Seçkilər" (AŞƏS) koalisiyaları da yer almışdır. Bütün QHT koalisiyalarının və "exit-poll" aparan birliklərin seçki günü yaydıqları hesabatlar prosesin kifayət qədər demokratik keçdiyini nümayiş etdirmişdir.

Oktyabrın 24-də isə "Respublika" Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir. Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, ictimai təşkilatların, siyasi partiyaların nümayəndələri, xarici ölkələrin səfirləri iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2008-ci il 22 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçimiş cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içmişdir.

Andiçmə mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyərək ötən beş ildə qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə danışmış, bundan sonra da Vətənimizin uğurlu inkişafı, Azərbaycanın çiçəklənməsi, demokratik yolla inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etmişdir.

Azad, ədalətli, şəffaf və sivil rəqabət şəraitində keçirilmiş 2010-cu ilin 7 noyabr parlament seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi prosesində mühüm mərhələnin əsasını qoymuş, liberal dəyərlərə, demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir. Postkeçid mərhələsində olan respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın, dövlətin perspektiv inkişaf strategiyasında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini bir daha önə çəkmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunmuşdur. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını hazırlamış və təsdiq etmişdir. Seçki prosesi məhz bu təqvim planına uyğun aparılmış və hansısa ciddi problem müşahidə olunmamışdır.

Hakimiyyətin yüksək siyasi iradə nümayiş etdirərək seçkiqabağı mühitin demokratikliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi təşkilati-hüquqi tədbirlərin məntiqi yekunu olaraq səsvermə prosesinin tamamilə sakit, sərbəst, ədalətli, demokratik keçməsi baş tutmuşdur. Ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkiqabağı mühitin demokratikləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər beynəlxalq müşahidəçilər tərəfindən də müsbət dəyərləndirilmişdir. Seçki kampaniyasının bütün mərhələlərini diqqətlə izləyən müxtəlif dövlətlər, o cümlədən demokratik institutların təmsilçiləri Azərbaycanda 7 noyabr seçkilərinin azad və demokratik şəraitdə keçirildiyini bəyan etmişlər.

Seçkiqabağı mühitlə tanışlıq məqsədilə Azərbaycana səfərlər edən müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri prosesin Seçki Məcəlləsinin tələblərinə müvafiq şəkildə keçirildiyini, ciddi qanun pozuntularına yol verilmədiyini açıq bildirmişlər. Belə ki, Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı missiyası Azərbaycanda parlament seçkilərinə hazırlıq işlərinin sakit şəraitdə aparıldığını bəyan etmişdir. Missiya onu da açıqlamışdır ki, yeni seçki kampaniyası beş il bundan əvvəl keçirilmiş seçki kampaniyasından müsbət mənada fərqlənir və seçkilərə hazırlıq yüksək səviyyədə təşkil edilmişdir. AŞ PA missiyası ötən seçkilərlə müqayisədə bu seçkilərdə müxalifət siyasi partiyaların fəal iştirakını xüsusi qeyd edərək bunu Azərbaycanda demokratiyanın inkişafı kimi dəyərləndirmiş, eləcə də qeyri-hökumət təşkilatlarına yaradılan şəraiti təqdir etmişdir.

Parlament seçkilərinin gedişini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası da seçkiqabağı mühitlə bağlı iki aralıq hesabat açıqlamışdır. Müşahidə missiyasının ikinci hesabatında göstərilmişdir ki, Azərbaycanda seçkilərə hazırlıq prosesi fəal şəkildə davam etdirilmiş, Mərkəzi Seçki Komissiyasının iclasları KİV nümayəndələri və müşahidəçilər üçün açıq olmuşdur. MSK seçicilər, seçki qurumları və polis əməkdaşları üçün maarifləndirmə işlərini davam etdirmiş, həmçinin seçici siyahılarının təkmilləşdirilməsi istiqamətində ciddi səylər göstərmişdir. Seçicilərə siyahıda özləri ilə bağlı yanlış məlumatları düzəltmək imkanı yaradılmışdır. Hesabatda həmçinin qeyd edilmişdir ki, oktyabrın 25-dən başlayaraq MSK quruma daxil olan 224 şikayəti araşdırmış, 42 şikayəti təmin etmişdir.

Azərbaycanın mövcud seçki qanunvericiliyinin azad, ədalətli və demokratik seçkilərin keçirilməsi baxımından təkmil sənəd olduğu da etiraf edilmişdir. Qüvvədə olan Seçki Məcəlləsinə indiyədək edilmiş dəyişikliklər zamanı Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, İFES, eləcə də seçki üzrə ixtisaslaşmış digər mötəbər beynəlxalq təşkilatlardan müsbət rəy alınmışdır. Milli Məclis 2010-cu ilin iyun ayında "Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini qəbul etmişdir. Məcəlləyə edilən bu və digər dəyişikliklər təkcə beynəlxalq təşkilatların tövsiyəsi ilə deyil, həm də seçki praktikasına əsaslanaraq hazırlanmış və qəbul edilmişdir. Təkliflər hazırlanarkən Azərbaycanda gedən demokratik inkişaf prosesi, ötən seçkilərin təcrübəsi və daim yeniləşən beynəlxalq standartlar nəzərə alınmışdır.

Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik sənədidir. Bu mənada, Məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir. 2010-cu ilin iyununda Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatlarının təklifi ilə respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir.

Dəyişikliklərdən biri seçkilərə qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa hesablarına ayırırlar, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Həm də indiyədək keçirilmiş seçkilər namizədlərə vəsait ayrılmasının neqativ tərəflərini üzə çıxarmışdı. Bu da ondan ibarət idi ki, bəzi vətəndaşlar seçkiyə yalnız dövlət tərəfindən ayrılan vəsaiti əldə etmək niyyəti ilə qoşulurdular. Onların seçki kampaniyasında iştirakı namizədliklərini qeyd etdirib dövlət tərəfindən ayrılan vəsaiti alana qədər davam edirdi. Seçki kampaniyasının digər hissəsində isə bu namizədlərin hər hansı seçki hərəkəti müşahidə olunmurdu. Azərbaycanın seçki praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədilə namizədlərə vəsaitlərin ayrılmasının ləğv edilməsi təqdirəlayiq hal idi.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, ölkə ərazisində daimi fəaliyyət göstərən dairə seçki komissiyalarının iş şəraiti və maddi-texniki vəziyyətinin öyrənilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası hələ 2010-cu ilin əvvəllərindən monitorinqlərə başlamış, 125 dairə seçki komissiyasının fəaliyyətini yoxlamışdır. Monitorinq zamanı dairə seçki komissiyalarının kargüzarlıq işlərindən tutmuş, onların yerləşdiyi binada mövcud olan iş şəraitinədək bütün müvafiq məsələlər nəzərdən keçirilmişdir. Dairə seçki komissiyalarının iş şəraiti yaxşılaşdırılmış, yüksək standartlara cavab verən yeni inzibati binalar inşa olunmuş, digər dairə seçki komissiyalarının yerləşdiyi binalarda təmir və yenidənqurma işləri aparılmışdır. Bütün dairə seçki komissiyaları, həmçinin yeni kompyuter avadanlığı da daxil olmaqla, zəruri ofis ləvazimatı ilə təchiz edilmişdir. MSK-nın yeni binasının açılışında Prezident cənab İlham Əliyev də iştirak etmiş, seçkilərin demokratikliyinin təmin edilməsi ilə bağlı görülən işləri təqdir edərək demişdir: "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər".

Seçki Məcəlləsinə müvafiq olaraq səsverməyə 24 saat qalmış başa çatan təşviqat kampaniyasının gedişi də hakimiyyətin parlament seçkilərinin demokratikliyinin təmin edilməsi, prosesdə bütün tərəflərə bərabər imkanların yaradılması, ümumilikdə seçkiqabağı mühitin şəffaflığına xələl gətirə biləcək neqativ halların tam aradan qaldırılması üçün ciddi siyasi iradə və qətiyyət nümayiş etdirdiyini təsdiqləmişdir. Hakimiyyət təşviqat mərhələsinin lazımi səviyyədə aparılması üçün bütün deputatlığa namizədlərə bərabər və əlverişli imkanlar yaratmış, əvvəlcədən namizədlərin seçicilərlə görüş keçirəcəyi yerləri dəqiq müəyyəndirmişdir.

MSK-nın qərarı ilə hər bir deputatlığa namizədə İctimai Televiziyada 4 dəqiqə olmaqla ödənişsiz efir vaxtı, habelə ödənişsiz təşviqat materialının yerləşdirilməsi üçün "Azərbaycan" qəzetində yer ayrılmışdır. Hər bir deputatlığa namizəd təşviqat mərhələsində qanunvericiliyin yaratdığı imkanlardan maksimum dərəcədə yararlanmış, təbliğatını aparmışdır.

Səsvermə günü prosesin demokratikliyinin və şəffaflığının təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Mərkəzi Seçki Komissiyası "exit-poll" aparmaq üçün müraciət etmiş "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası"nı rəsmən qeydə almışdır. Səsvermə prosesinin demokratikliyinin təmini istiqamətində mühüm addımlardan biri də 500-dək seçki məntəqəsində veb-kameraların yerləşdirilməsi olmuşdur. Bundan əvvəlki seçkilərdə olduğu kimi, Azərbaycanda məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə səsvermə günü lazımi şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması və nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesi seçki məntəqələrində quraşdırılan veb-kameralarla görüntüyə alınmışdır. Beləliklə, seçki məntəqəsinə getmədən nəinki Azərbaycanda, dünyanın istənilən nöqtəsindən internetdə MSK-nın saytlarına daxil olmaqla seçki məntəqələrində gün ərzində baş verən bütün prosesləri izləmək mümkün olmuşdur.

Bütün bunlar parlament seçkilərinin tamamilə azad, obyektiv və demokratik keçdiyini böyük əminliklə söyləməyə ciddi əsaslar verir. Prosesin Avropa standartlarına uyğun keçməsini şərtləndirən ən vacib amillərdən biri də bunun üçün lazımi siyasi iradənin mövcudluğu olmuşdur.

2010-cu ilin 7 noyabr parlament seçkilərinin tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməsi də son illərdə əldə olunmuş inkişaf göstəricilərinin qorunub saxlanılması, habelə ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasında dərinməzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev deputatlara gələcək fəaliyyətlərində uğurlar diləmiş, onların qarşıdakı fəaliyyətlərinin məhsuldar olacağına ümidvar olduğunu bildirmişdir. Cənab İlham Əliyev son parlament seçkilərinin Azərbaycanın demokratik, hüquqi və siyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdığını da razılıqla vurğulamışdır: "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək, Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".

Şübhəsiz, 2010-cu il noyabrın 7-də keçirilən seçkilər Azərbaycan xalqının Heydər Əliyevin ideallarına yüksək inamını, hörmət və ehtiramını növbəti dəfə təcəssüm etdirmişdir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının şəksiz qələbə qazanması həm bu hörmət və ehtiramın nəticəsi, həm də dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin insanlar tərəfindən yüksək qiymətləndirilməsi nəticəsində mümkün olmuşdur.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.-  20 avqust.- S. 2.