Kollegiya iclasında elektron xidmətlərin göstərilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanının icrasının müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, nazir Əli Abbasov bu fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığının artırılmasına xidmət edən vacib sənəd olduğunu diqqətə çatdırmışdır. Ə.Abbasov fərmanın icrasının təmin edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı, həmçinin bu sənədin icrasının əlaqələndiricisi kimi həyata keçirilən tədbirlərdən danışmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, fərmanın icrasını təmin etmək üçün RİTN ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət qurulmuş və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülmüşdür.
Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilmiş, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir. Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.
Kollegiyada nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən, xüsusən də telefon, internet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirilmişdir.
Nazir Ə.Abbasov yekun çıxışında elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi, eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd etmişdir. Fərmanın icrası ilə bağlı digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin davam etdirilməsi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 20 avqust.- S. 3.