Belarusda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş fotosərgi açılmışdır

 

Azərbaycanın Belarusdakı səfirliyi Bobruysk şəhərində respublikamızın müstəqilliyinin bərpasından ötən 20 il ərzində əldə olunmuş nailiyyətləri əks etdirən fotosərgi təşkil etmişdir.

Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar səfirliyin tədbirlər planına uyğun olaraq təşkil edilmiş sərginin açılışında səfir İsfəndiyar Vahabzadə, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Bobruysk şəhər sərgi mərkəzindəki tədbirdə səfir İ.Vahabzadə Prezident İlham Əliyevin müstəqilliyimizin bərpasının iyirminci ildönümünün geniş şəkildə qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını və tədbirlər planına uyğun olaraq həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda bu məqsədlə tədbirlərin təşkil edildiyini bildirmişdir. Diplomat ölkəmizdə gedən davamlı inkişaf barədə ətraflı məlumat vermiş, Bobruysk şəhərində təşkil olunan sərginin də məhz Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əks etdirdiyini vurğulamışdır. Sərginin keçiriləcəyi  müddətdə şəhər sakinlərinin ölkəmizlə qiyabi tanışlıq imkanı əldə edəcəyini bildirən səfir, belə tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Sonra Bobruysk Şəhər İcraiyyə Komitəsinin sədri D.Bonoxov sərginin keçirilməsi üçün məhz bu şəhərin seçilməsinə görə səfirliyə minnətdarlığını bildirmişdir. O, strateji tərəfdaş hesab etdikləri Azərbaycanın uğurlarına hər bir belarusun sevindiyini, belə tədbirlərin davamlı olaraq həyata keçirilməsinin xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə, həmçinin Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov və Bobruyskda fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri E.Yusifov çıxış etmişlər.

Azərbaycanın çoxəsrlik tarixə malik zəngin mədəniyyətini, müasir müstəqillik dövründə əldə etdiyi nailiyyətlərini, turizm imkanlarını əks etdirən və həzin Azərbaycan musiqisinin sədaları altında davam edən sərgi qonaqlar tərəfindən son dərəcə maraqla qarşılanmışdır.

On gün davam edəcək sərginin açılış mərasiminin iştirakçılarına milli mətbəximizin ləziz nümunələri təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 20 avqust.- S.  3.