İslandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur
İslandiyada səfərdə
olan Milli Məclisin
deputatı Fuad Muradov bu ölkənin parlamentinin
üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşlərdə Azərbaycan haqqında islandiyalı deputatlara ətraflı məlumat verən F.Muradov ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolundan danışmışdır.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də əsas müzakirə mövzularından olmuşdur. Milli Məclisin deputatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu və 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından zorla çıxarıldığını İslandiya parlamentarilərinin diqqətinə çatdırmışdır.
F.Muradov bildirmişdir ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul olunduğuna baxmayaraq, Ermənistan buna məhəl qoymur.
Azərbaycanın problemi sülh yolu ilə həll etməyə tərəfdar olduğunu vurğulayan Milli Məclisin deputatı bildirmişdir ki, atəşkəs rejimi dövründə erməni tərəfi atəşkəsi pozaraq azərbaycanlıları öldürmüşdür. Bunların arasında hətta azyaşlı uşaqlar da vardır.
İkitərəfli müzakirələr
zamanı Azərbaycan-İslandiya parlamentlərarası əlaqələrin
genişləndirilməsi məsələləri də müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.- 20 avqust.- S. 3.