Azərbaycan musiqisinin Xanı

 

Qarabağın  havasındandır, ya da suyundan, körpələri muğamla, segahla dil açır. Dağların quşqonmaz qayalarının qoynundan süzülüb arana doğru yorğun-arğın axan,  indi o yerlərin həsrətini çəkənləri yandırıb-yaxan Qarqarın, Tərtərin, HəkərininE həzin laylasında var bu səslər, tər nəfəslər. Segah və muğamlarımızın boyuna biçilmiş bu səslər  bənzərsizlikləri ilə seçiliblər. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan əmiE kimi dili nəğməli ustad xanəndələrimiz həmin səsləri bizə əmanətləyib gediblər.

Söhbət heç də Qarabağın muğam beşiyi, Şuşanın konservatoriya olmasından getmir və bu barədə kifayət qədər yazılıb, deyilib. Şuşanın dağlarının daim başı dumanlı olmasının yozumunu özünəməxsus vermiş Xan Şuşinskinin həyat və fəaliyyətinə bir daha sənət  prizmasından baxmaq qərarına gəlməyimiz də təsadüfi deyil.

Azərbaycan muğam sənətinin korifeyi olan Xan Şuşinskinin anadan olmasının 110-cu ildönümüdür. 1901-ci il avqust ayının 20-də  anadan olmuş, hələ on-on iki yaşlarından əsl "adı unudulmuş", səsin və musiqinin xanı kimi tanınmış İsfəndiyar Aslan oğlu Cavanşirov Şuşada, musiqi  və muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.

Sovet hakimiyyəti digər bəylər  və xanlar kimi, onun babası Aslanın da Şuşadakı mülkünü müsadirə edib, özünü isə doğma yurdundan didərgin salıb. Bundan sonra Aslan bəy Bərdədə məskunlaşmalı olub.

Heç kim  inkar edə bilməz ki, Qarabağda dünyaya göz açanların əksəriyyətinin səsi və nəfəsi muğama, segaha necə yatımlı olub.  Balaca İsfəndiyara da bu vergi ulu Tanrıdan verilmşdi. Onun səsinin cilalanmasında, ümumiyyətlə,  bu sənətə gəlişində Segah İslamın xüsusi əməyini ustad xatirələrində də bildirib. Xatirələrdən məlumdur ki, "Xan" ləqəbinin ona verilməsi də maraqlı bir hadisə ilə bağlıdır. Segah İslam səsini bəyənib şəyird götürdüyü İsfəndiyarı özü ilə Ağdamın Novruzlu kəndində keçirilən məclislərin birinə aparıb. Məclis başlanmamış ev sahibi xanəndə İslamın arzusu ilə qrammofonu qurub. Təbrizli Əbülhəsən xanın ifasında "Kürd-Şahnaz"ı dinləyiblər. Bu məşhur xanəndənin səsinin məclis əhlini  xəyallara qərq etdiyi anlarda ustad üzünü şəyirdi İsfəndiyara tutaraq deyib:

- Bəlkə, sən də bizim üçün bir "Kürd-Şahnaz"ı oxuyasan?

Hələ sənət meydanında ilk və titrək addımlarını atan İsfəndiyar bu təklifdən tutulub. Xeyli fikirləşməli olub. 12-13  yaşlarından  saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub diqqətlə qulaq assa da, onları, hətta əməlli-başlı təqlid etsə də, o, tərəddüd içərisində qalıb. Amma ustadın təklifinə yox deməyə də cürət etmir. Məclis əhli  bu dəfə də İsfəndiyarın ifasında "Kürd-Şahnaz" muğamını dinləyib. Muğamın zil hissəsində hamı çaş-baş qalıb. Yerbəyerdən "əhsən" sədaları ucalıb və "əsl Xan bu imiş ki...", - deyiblər.

Şəyirdinin bu məharəti ustadı  vəcdə gətirib, elə oradaca ona xeyir-dua verib: "Bu gündən sən oldun Xan Şuşinski"...

Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda,  həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən "Qəmərim", "Şuşanın dağları...", "Ay gözəl", "Al yanağında", "Məndən gen gəzmə", "Gözəl yarım", "Ölürəm", "Dağlarda çiçək...", "A ceyran bala"nın müəllifi Xan Şuşinski olmuşdur. Onu da qeyd edək  ki, "Şuşanın dağları..." mahnısının sözləri də Xan əminindir. Deyilənlərə görə, o zaman mahnının sözlərinə "siyasi don" geyindirənlər tapılmış və bəstəkar-xanəndəni çəkevirə də salmışlar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə  sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlmişdi. Bundan yaxa qurtarmaq üçün, hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı"  şəklində ifa edibmiş.

Deyirlər ki, Xan əmi çox məsuliyyətli olub. Daim öz səsini qoruyub. Püxtələşmiş, tanınmış,  sevilmiş xanəndə olanda da onun  keçirdiyi daxili həyəcan hiss edilib. Səsinə İlahinin əmanəti kimi baxan Xan Şuşinski hələ gənclik illərindən ona verilən yüksək adın - "Xan"ın şərəfini qoruyub. Ona görə də onu Azərbaycan musiqisinin Xanı kimi sayıblar.

Daim səsinin sehrinə düşdüyü və özünə ustad bildiyi təbrizli Əbülhəsən xanla Xan Şuşinski 1944-cü ildə görüşüblər. Ustad xanəndənin yaddaşına yazılan xatirələrdən biri də Əbülhəsən İqbal Soltanın onunla  yaxından maraqlanması və "Qrand hotel"də şərəfinə  qonaqlıq verməsi olub.

XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı  yaranan segah "Mirzə Hüseyn"  adlanır. Xan Şuşinskini də segahın həmmüəllifi sayırlar. Ona görə ki, sonralar bu segaha Xan Şuşinski "Manəndi müxalif" şöbəsini əlavə edib.

Daha maraqlı məqamlardan biri də  odur ki, Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkara müraciət etməyib. Bunun əsas səbəbi Üzeyir bəyin Xan Şuşinskinin ifasında öz mahnılarını dinləməsindən xüsusi zövq alması imiş. Xan Şuşinskinin ifasında səslənən "Qaragöz" mahnısı isə dahi bəstəkarın daha çox xoşladığı mahnılardan biri olub. 1926-cı ildə bəstələnən bu mahnı ilk dəfə Xan Şuşinskinin ifasında səslənib. Bir sözlə, həmin mahnıya qızıl möhrü Üzeyir bəy demişkən, Xan əmi vurub. Peşəkar musiqiçilər  yaxşı bilirlər ki, simfonik muğamlarda solo hissəni ifa etmək o  qədər də asan deyil. Simfonik orkestrin müşayiəti ilə bu məsuliyyətli işi ilk dəfə olaraq Xan Şuşinski öz üzərinə götürüb. Musiqi tarixində ilk duetin (Şövkət xanım Ələkbərova ilə) ifası da onun adı ilə bağlıdır.

Maraqlıdır, belə bir səs diapazonuna malik ustad sənətkar opera səhnəsində görünməyib. Əlbəttə, bu, olduqca təəccüb doğuran haldır. Belə bir  sənətkarın opera səhnəsində görünməməsi maraqlı olduğu qədər də təəssüfləndiricidir. Bu maraqlı və təəccüblü sualın cavabına Xan Şuşinskinin xatirələrində rast gəlmək mümkündür. Ustad xanəndə yazır: "Üzeyir bəy ayrı adam idi. Belə insan dünyaya beş yüz ildən bir gəlir. Onunla  heç bir kəsi tərəziyə qoymaq olmaz. Mənim xətrimi çox istəyirdi. Yamanca muğampərəst idi. "Şur"u çox sevirdi. Özü də həmişə deyərdi ki, heç kəs "Qarabağ şikəstəsi"ni və "Simayi-şəms"i Xan kimi oxuya bilməz. Çox çalışdı ki, məni operaya gətirsin, özüm getmədim. Dedim ki, a bəy, mən üzümə ənlik-kirşan yaxıb səhnəyə çıxa bilmərəm. Bir də səhnədə xalqın qızına, gəlininə eşqnamə oxuyacam?"

Xan Şuşinskinin özünün sevdiyi "Qarabağ şikəstəsi" idi, ona görə də daha çox  onu oxuyardı. Şikəstə ondan əvvəl məclisdə neçə dəfə ifa olunursa-olunsun, Xan Şuşinski bütün çıxışlarında birinci sevimli muğamını   təqdim edərdi. Deyirlər ki, bu, çox təbii qarşılanırmış.

Seyid Şuşinskinin maraqlı bir xatirəsini də yada salmaq yerinə düşərdi. Seyid Şuşinski ilə Cabbar Qaryağdıoğlu neçə illər imiş ki, Qarabağa getmirmişlər.  Bir gün Cabbar Qaryağdıoğlu Seyid Şuşinskiyə deyir ki, Xanı neçə müddətdir görmürəm, xəbər göndər bizə gəlsin. Seyidin sifarişini Xan əmiyə çatdırıblar. Xan Şuşinski Cabbar Qaryağdıoğlugilə gəlib. Orada ustadların xahişi ilə "Mirzə Hüseyn" segahını və "Qarabağ şikəstəsi"ni oxuyub. İfadan sonra Cabbar Qaryağdıoğlu Xan əmiyə deyib: "Üç-dörd ildir ki, Qarabağa getmirdik. Dedik sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turş suyunu, İsa bulağını, Cıdır düzünü, Topxananı gəzib gələk. Çox sağ ol, gəzib-gəldik".

Demək, ustadların da duyduğu və xatirələrində yazdıqları kimi, Xan əminin səsi Qarabağın  şikəstəsi - ab-havası idi.

 Cabbar Qaryağdıoğlu Xan Şuşinskiyə  öz tövsiyə və məsləhətlərini verərkən deyərmiş: "Səsin sənə qulaq asmadı - oxuma, zökəm oldun - oxuma, yorğun oldun - oxuma və bir də Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə".

Bu  ustad sözləri onun səsini və nəfəsini qoruyub.  Ömrünün müdrik çağlarında da Xan Şuşinskinin avazından gənclik təravəti duyulardı.

Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə  də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Sənət o zaman sevilir ki, sənətkarda xarakter bütöv olsun. Kamil sənətkar eyni zamanda həm də şəxsiyyət kimi formalaşmış insan deməkdir. Xan Şuşinskidə bu fəlsəfi anlamlar  bitkin və bütöv olduğundan, o, sözün əsl mənasında, ustad və şəxsiyyət kimi tanınıb. O, ictimaiyyətdə  sevildiyi və sayıldığı qədər də ailədə hamının doğması və əzizi olub:  ailəcanlı, qayğıkeş ata, ünsiyyətli  və sədaqətli dost kimi xatırlanır. Xan Şuşinskinin oğlu Aslan Cavanşirov da bu deyilənləri təsdiqləyir. O, atasını əsl Azərbaycan kişisi  kimi xatırlayır və belə xarakterizə edir: hündürboylu, yaraşıqlı, şux yerişli, enlikürəkli, buxara papaqlı...

O, bütün muğamları  məharətlə ifa edirdi. Ritmik  muğamları isə qeyri-adi bir ustalıqla oxuyar, dinləyicidə böyük ruh yüksəkliyi  yaradardı. Azərbaycan musiqi tarixinin əvəzsiz korifeyi sayılan Xan Şuşinskinin səsinin yadigarı kimi onun 40 saatlıq lent yazısı qalıb.

Xan Şuşinskinin ömrü onun səsi, nəfəsi ilə cilalanmış muğamlarımız qədər  əbədiyaşardır, baxmayaraq ki, 1979-cu il mart ayının 18-də dünyadan bir xan köçdü...

Yeri gəlmişkən qeyd etməliyik ki, 1943-cü ildə Azərbaycanın xalq artisti  adına layiq görülmüş, müstəsna fitri istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərindən şöhrətin zirvəsinə  ucalıb.

Bioqrafiyasına yazılanlara bir daha nəzər saldıqda görürük ki, yaradıcılığında "Mirzə Hüseyn", "Şahnaz", "Qarabağ şikəstəsi", "Kürd-Şahnaz", "Rast", "Bayatı-Şiraz", "Qatar", "Cahargah", "Mahur", "Heyratı", "Şur" kimi muğam və segahlar əsas yer  tutur.

Ustad xanəndənin iştirakı ilə çəkilmiş və  yaradıcılığına həsr olunmuş bir çox filmlər də vardır: "Muğamat var olan yerdə", "Muğamlar", "O olmasın, bu  olsun", "Bakı bağları: Buzovna", "Biz qayıdacağıq", "Havalansın Xanın səsi", "Mədəniyyət salnaməsi: Əbülfət Əliyev", "Özgə ömür", "Prima", "Qızıl Fonddan seçmələr", "Səs"...

Xan Şuşinskinin yaradıcılığı musiqişünasların, peşəkar qələm sahiblərinin, ədəbi aləmin tanınmış simalarının diqqətindən kənarda qalmayıb. Neçə-neçə əsərlər məhz ölməz muğam ustadının həyat və yaradıcılığına həsr edilib.

Bir vaxtlar sədaları Şuşadan, İsa bulağından, Turş sudan, Cıdır düzündən gələn, bir sözlə, aranlı-dağlı  cənnət-misal Qarabağımızın  azman və ölməz sənətkarlarının duyğularımıza sığal çəkən  səslərini bu gün lent yazılarından eşidir və kövrəlirik. Xan əminin "Qarabağ şikəstəsi", "Şur"u, "Cahargah"ı hopmuş qayalardan xınalı kəklikləri perik düşsə də, bulaqların gözü tutulsa da, cığırları ot bassa da, el yaylağa qalxa bilməsə də, Topxanada xanələr qurulmasa da, ruhumuzda, canımızda bir məhəbbət yaşayır: torpağa, yurda, doğma ellərə qayıdış həvəsi, mübarizlik, dönməzlik  və əyilməzlik...

Şuşanın dağlarının başı olsa da dumanlı, o yerlərə qayıtmağa hələ çoxdu gümanlı...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 20 avqust.- S. 5.