Nizami Gəncəvi irsinə aid kitab və bukletlərin təqdimatı keçirilmişdir

 

Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə şairin irsinin müxtəlif dövrlərini əhatə edən kitab və bukletlərin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Nizamişünas alimlərin apardıqları araşdırmaların əhəmiyyətindən danışmış, böyük Azərbaycan şairinin yubileyi ilə əlaqədar xüsusi xalçaların, misgərlik nümunələrinin hazırlandığını, həmçinin yaxın günlərdə şəhərdə Nizami Gəncəvi Mərkəzinin tikintisinə başlanacağını diqqətə çatdırmışdır.

Dahi şairin 870 illiyinə hazırlıq məqsədilə yaradılmış 37 nəfərdən ibarət komissiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Fuad Əliyevin təqdimatı ilə keçirilən kitab və bukletlər haqqında məlumatı dinlənilmişdir. Qeyd edilmişdir ki, bu kitab və bukletlər yaxın vaxtlarda rus və ingilis dillərində də çap ediləcəkdir.

Mərasimdə Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Gəncədə keçiriləcək beynəlxalq elmi-praktiki konfransa hazırlıq işlərinin gedişi barədə də məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 20 avqust.- S.  5.