Qeyri-neft sektorunda istehsal artır

 

Respublikamızın inkişaf strategiyası 2011-ci ildə də iqtisadiyyatın bütün istiqamətlərində müsbət nəticələrin əldə edilməsi ilə müşayiət olunur. Ölkəmizdə  makroiqtisadi göstəricilər davamlı olaraq artır. Statistik rəqəmlər də bunu təsdiqləyir.

Bu ilin  birinci yarısında ölkəmizdə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox olub. İlin əvvəlindən ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 22,5 milyard manatlıq ÜDM istehsal edilib.  ÜDM-in 54,7 faizi sənayenin, 4,6 faizi kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatının, 6,9 faizi  tikintinin, 7,3 faizi ticarət və nəqliyyat xidmətinin, 1,3 faizi mehmanxana təsərrüfatının, 1,7 faizi informasiya və rabitənin, 11 faizi sosial xidmətlərin payına düşüb. Adambaşına düşən ÜDM istehsalı  2496,9 manat olub.

Göründüyü kimi, ÜDM-in tərkibində əsas yeri sənaye istehsalı tutur. Bu gün sənaye Azərbaycan iqtisadiyyatının ən mühüm və inkişaf etməkdə olan sahələrindən biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycanda son illərdə daha sürətlə inkişaf etməyə başlayıb. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin kompleks inkişafını təmin edib. Yeni neft strategiyasının uğurları və neft sənayesinin inkişafı digər istiqamətlərdə də sənaye sahələrinin tərəqqisinə yol açıb. Əvvəllər xarici ölkələrdən idxal olunan sənaye məhsullarının bir çoxunun artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarın zənginləşməsinə, idxaldan asılılığın aradan qalxmasına imkan yaradıb.

Elə buna görə də bu ilin birinci yarısında istehsal olunan ÜDM-in tərkibində sənaye məhsulları yenə də böyük çəkiyə malikdir. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma bölməsində, 17,7 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Fərəhli haldır ki, bu ilin əvvəlindən qeyri-neft sektorunda 7,2  faizlik artım olub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə deyib: "Bu, əslində, son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".

Qiymətli metalların, qida və kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və digər məhsulların istehsalında isə daha çox artım müşahidə olunub. Xüsusilə qeyd edilməlidir ki, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil edib, ümumi istehsalın 91,9 faizi sənaye mallarının, 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Ötən illərin statistik yekunlarına diqqət yetirdikdə sənaye istehsalının həcmcə ilbəil xeyli artdığını görmək olar. Azərbaycanda 2000-ci ildə 3640, 2001-ci ildə 3769, 2002-ci ildə 4019, 2003-cü ildə 4982 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Sonrakı illərdə ölkədə istehsal olunan sənaye məhsullarının həcmi daha sürətlə artıb. Belə ki, sənaye məhsullarının həcmi 2005-ci ildə 9309 milyon manat olmuşdursa, 2010-cu ildə 27453 milyon manat təşkil edib. 2009-cu ildəki beynəlxalq iqtisadi böhrana görə müəyyən qədər azalma olsa da, 2010-cu ildə dinamik artım davam edib.

Ölkəmizdə sənaye məhsulunun artımı daha çox mədən sənayesinin payına düşür. Bununla belə, Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasəti sayəsində emal sənayesinin də ümumi istehsalda payı getdikcə artır. Son illərdə sementin, metal məmulatların, məişət cihazlarının, avtomobillərin istehsalı da davamlı olaraq artmaqdadır.

Sənaye istehsalının artımında yeni yaranan müəssisələrin də böyuk rolu var. Əgər 2003-cü ildə ölkə üzrə 2421 sənaye müəssisəsi qeydə alınmışdısa, sonrakı illərdə onların sayı xeyli artıb. 2010-cu ilin yekunlarına görə, ölkəmizin sənaye sahələrində 2800-ə qədər müəssisə fəaliyyət göstərir. Sənayenin artımı yeni sənaye müəssisələrinin işə düşməsi ilə yanaşı, həm də mövcud müəssisələrdə istehsalat prosesinin genişlənməsi və məhsul istehsalının çoxalması sayəsində baş verib.

Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən amillərdən biri də özünün təbii sərvətlərindən, o cümlədən də neft-qaz ehtiyatlarından səmərəli istifadə olunmasıdır. Bu səmərəliliyin nəticəsidir ki, ilin əvvəlindən ölkəmizdə strateji valyuta ehtiyatları da xeyli artıb. Artan maliyyə imkanları isə istənilən layihəni uğurla reallaşdırmağa imkan verir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 21 avqust.- S. 1.