Azərbaycan və
Rumıniya prezidentlərinin Qara dəniz və
Xəzər dənizi dövlətlərinin əməkdaşlığı
barədə təşəbbüsü müvəffəqiyyətlə
həyata keçirilir
Azərbaycan
Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü
ilə yaradılmış, Rumıniya Prezidenti Trayan Besesku və
Avropa İttifaqı tərəfindən dəstəklənmiş
Qara dəniz və Xəzər dənizi beynəlxalq əməkdaşlıq
və partnyorluq fondu (QMXMMF) hazırda ən nüfuzlu beynəlxalq
təşkilatlardan biridir. Bu barədə QMXMMF-nin baş
katibi, Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri
Eldar Həsənov müsahibəsində demişdir.
Moskvada
QMXMMF-nin Direktorlar Şurasının 7-ci iclasında
iştirak edən E.Həsənov bildirmişdir ki, 2006-cı
ildə iki ölkənin himayəsi altında
yaradılmış fond hazırda regionun əsas dövlətlərini
birləşdirir. Daha yeddi dövlət onun tamhüquqlu
üzvü olmaq istədiyini bildirmişdir. Diplomat demişdir:
"Qazaxıstan, Türkiyə, Ukrayna, Bolqarıstan, Moldova və
Qırğızıstanla intensiv iş gedir və bu iş
Avropa İttifaqı tərəfindən tam dəstəklənir.
Bu gün Serbiya tamhüquqlu üzv kimi sıralarımıza qəbul
olunmuşdur".
E.Həsənov
fondun məqsəd və vəzifələrindən
danışarkən qeyd etmişdir ki, bu, sülh,
razılıq, dialoq, əməkdaşlıq və
partnyorluqdur. Səfir demişdir: "Fondun başlıca
ideyası fikir ayrılıqları və ziddiyyətlər
olan yerdə dostluq və əməkdaşlıq körpüsü
yaratmaqdır. Fond elm, təhsil, mədəniyyət, ekologiya,
vətəndaş cəmiyyəti quruculuğu, dini
tolerantlığın təmin edilməsi, qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq sahəsində
ciddi layihələri həyata keçirir. Fəaliyyətin
başlıca istiqamətlərindən biri, həmçinin
region dövlətlərinin milli maraqlarının irəliləyişinə
kömək göstərməkdən ibarətdir. Bir sözlə,
ölkəmiz Qara dəniz və Xəzər dənizi
regionlarında partnyorluq və əməkdaşlıq
ideyalarının generatorudur və bizim fəxr etməyə
haqqımız vardır. Sevindirici haldır ki, fondun
yaradılması təşəbbüsü qlobal dünyada
uzaqgörən və praqmatik siyasət yürüdən
Prezidentimizə məxsusdur".
E.Həsənov
qeyd etmişdir ki, Beynəlxalq fondun iştirakçısı
olan bütün ölkələr regional əməkdaşlığın
möhkəmləndirilməsi prosesində Azərbaycanın fəal
mövqeyini yüksək qiymətləndirirlər. Diplomat
demişdir: "Fondumuz regionun bu və ya digər ölkəsi
barədə obyektiv və qərəzsiz hesabatlar tərtib
edilməsinin zəruriliyi haqqında Avropa İttifaqı
qarşısında məsələ
qaldırmışdır. Regionun,
xüsusən keçmiş sovet məkanı ölkələrinə
dair missiyaların hesabatları
o qədər də obyektiv olmur, ölkənin spesifik cəhətlərini,
onun tarixini, ənənələrini, adətlərini dərindən
öyrənmədən, maksimal standartlar üzrə tərtib
edilir və nəticədə ictimaiyyətin müxtəlif rəylərini
nəzərə almayan birtərəfli, qeyri-obyektiv bir fikir
yaranır. Fondun prezidenti, vitse-prezidentləri Brüsseldə
yüksək səviyyədə görüş
keçirmiş və belə məsələ
qaldırmışlar ki, hesabatlar qərəzsiz
olmalıdır. Sözümüzə əməl olundu və
bu proses başlandı. Hazırda Azərbaycanda monitorinq qrupu
işini başa çatdırmışdır. Bu gün qrup
Moskvada "Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin
rolu" hesabatını təqdim etmişdir. QMXMMF-nin
Direktorlar Şurasının iclasında edilən məruzə
Azərbaycandakı vəziyyət, aparılan islahatlar, ictimai-siyasi və iqtisadi sabitlik və
inkişaf barədə Aİ-nin obyektiv hesabat nümunəsi
kimi göstərilmişdir. Bu hesabatda belə bir nadir misal gətirilir
ki, ölkəmizin işğal olunmuş ərazilərində
Azərbaycan mədəni irsinin abidələri ermənilər
tərəfindən dağıdıldığı halda,
Bakıda Qriqoryan kilsəsi olduğu kimi qalmaqdadır. Bu misal
azərbaycanlıların milli mentalitetini, onların mədəniyyətini,
dini tolerantlığını nümayiş etdirir. Ekspertlər
deyirlər ki, bu, bütün region üçün nümunəvi
yanaşmadır. Azərbaycandan sonra Türkiyədə,
Ukraynada, Bolqarıstanda, Rumıniyada və regionun digər
dövlətlərində belə monitorinqlər keçiriləcəkdir".
Sonda
Eldar Həsənov bildirmişdir ki, 2012-ci ildə QMXMMF-nin rəhbərliyi
və üzvləri Azərbaycanda və Rumıniyada
olmağı, qarşılıqlı əlaqə, dostluq və
əməkdaşlıq fondunun yaradılması təşəbbüsünə
görə minnətdarlıqlarını ifadə etmək
üçün bu beynəlxalq layihənin himayədarları
olan hər iki ölkənin prezidentləri ilə
görüşməyi planlaşdırırlar.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2011.- 21 avqust.- S. 3.