Franfurt Sülh Tədqiqatları İnstitutunda azərbaycanlı gənc tədqiqatçının elmi jurnalı dərc edilmişdir

 

Almaniyanın tanınmış Frankfurt Sülh Tədqiqatları İnstitutunun (HSFK) "HSFK-Report" elmi jurnalının yeni - üçüncü  nömrəsi işıq üzü görmüşdür.

Jurnalın bu nömrəsinin müəllifi həmyerlimiz, siyasi elmlər doktoru Azər Babayevdir. Jurnalda gənc tədqiqatçının ABŞ və Almaniyanın timsalında Avropa İttifaqının Belarusla bağlı siyasətinə dair elmi araşdırması yer almışdır. Qərbin hər iki güc mərkəzinin siyasətini müqayisəli şəkildə araşdıran həmyerlimiz, Belarusa qarşı indiyədək həyata keçirilən sanksiyalar siyasətinin səmərəli olmadığını nəzərə çarpdırır, bu siyasətin "tənqidi dialoq" formasında davam etdirilməsinin daha məqsədəuyğun olmasını yazır. Jurnalın yeni sayı artıq Almaniyanın ən aparıcı elmisiyasi dairələrinə göndərilmişdir. Jurnalın abunəçiləri arasında  ölkənin prezidenti Kristian Vulfkansler Anqela Merkel də vardır.

Almaniyanın ilk və ən böyük sülh tədqiqatı institutu olan HSFK ölkə üzrə 86 tədqiqat institutunu birləşdirən Leibniz Cəmiyyətinin üzvüdür. İnstitutun əsas məqsədi beynəlxalq və daxili münaqişələrin araşdırılması, sülh şərtlərinin tədqiq edilməsi və habelə sülh ideyasının dəstəklənməsidir. Həmçinin siyasi məşvərət funksiyasını həyata keçirən institutun əldə etdiyi tədqiqat nəticələri Almaniya federal hökumətinin bu istiqamətdə konkret siyasi qərarlarının qəbul olunmasına da töhfəsini verir. Bununla yanaşı, HSFK müvafiq mövzularda alman ictimai fikrinin formalaşmasında da önəmli rol oynayır.

Azər Babayev hazırda həmin tədqiqat institutunda "Hakimiyyət və sosial sülh" departamentinin elmi əməkdaşı kimi postdoktorluq akademik karyerasını davam etdirir. O, artıq  Cənubi Qafqaz regionunda gedən siyasi proseslərə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair məqalələri, habelə konfranslarda çıxışları ilə alman elmi dairələrində Cənubi Qafqaz  üzrə ekspert kimi tanınmaqdadır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 21 avqust.- S. 3.