Sağlığında klassikə
çevrilənlər
Proloq
İsti yay
mövsümündə yenə də həmişəki kimi gərgin
iş gününün sonunda Şərq-Qərb Mərkəzinin
işçiləri, nəhayət, dilə gəlib, "bəlkə
biz də arabir istirahət haqqında fikirləşək",
- dedilər.
- Amma bir şərtlə
ki, istirahət sadəcə vaxt itkisi olmasın, tədqiqatımız
üçün yeni qida versin, məsələn, Şərq
və Qərbin yeni bir təmas xəttini tapaq, - dedim.
Kim isə
İstanbula getməyi, Avropa və Asiya qitələrini birləşdirən
Boğaziçi körpüsü haqqında təəssüratları
bölüşməyi təklif etdi. Başqa təkliflər
də oldu... Amma iş çox idi və biz istirahət
üçün cəmi bir gün ayıra bilərdik.
- Şərq ilə Qərb
özgə harada birləşir? - deyə soruşdum.
- Üzeyir Hacıbəyovun
musiqisində!
- Bəli,
Üzeyir Hacıbəyov! Onun sənəti, doğrudan da,
Şərq ilə Qərbin vəhdətini təcəssüm
etdirir. Onu ziyarət etməyin ən gözəl məkanı
Şuşadır, amma...
- Bəs özgə harada?
- Lütfi Zadənin təlimində.
Onun Şərq düşüncə tərzi Qərb məntiqinə
yeni çalar gətirmiş və dünyanın ən
böyük kəşflərindən biri məhz bu vəhdət
sayəsində mümkün olmuşdur.
- Amma Amerika İstanbuldan da
uzaqdır.
- Bizim milli təsviri sənəti, təbiətimizin
və həyatımızın özünəməxsusluğunu
ən müasir rəngkarlıq texnikasının
açdığı yeni imkanlar zirvəsində Avropada təmsil
edən Toğrul Nərimanbəyovun sənət dünyası.
Sanki Şərqin rəng qamması Qərbə transfer olunub.
- Gözəl misaldır, amma Toğrul Nərimanbəyov,
çox güman ki, indi Fransadadı.
Fikir axtarışlarında uğursuzluqdan
az qala mütəəssir olmuşduq ki,
birdən ağlımıza vəhdət təcəssümünün
daha bir yüksək nümunəsi gəldi:
- Ömər Eldarovun
yaradıcılığında! Burada da iki
düşüncə tərzi, iki mədəniyyət üzvi
surətdə birləşmişdir. Həm
də bu vəhdətin yaradıcısı ilə bilavasitə
görüşmək şansımız var.
- Necə olub ki, indiyə qədər
müasirimiz olan və bizimlə bir şəhərdə
yaşayan bu canlı klassikin özü və
yaradıcılığı ilə yaxından tanış
olmamışıq? Məgər Şərq-Qərb
Mərkəzinin foyesində asılmış böyük
şəkil - hər gün işə gələrkən
rastlaşdığımız bu sənət əsəri - Azərbaycanda
bu problemin əsasını qoymuş görkəmli şərqşünas
alim Aida İmanquliyevanın qəbirüstü abidəsindən
reproduksiya deyilmi və bu abidə də məhz akademik Ömər
Eldarovun zəngin yaradıcılıq kolleksiyasından bir
nümunə deyilmi?
Bəzən biz uzaq ellərdə, qədim
zamanlarda yaradılmış sənət abidələrini, bu
abidələrin yaranma tarixçələrini təfərrüatlara
qədər əzbər bilirik. "Uzaq
elin halvası şirin olur", amma de, hansı sənət əsəri,
hansı heykəl qəlbimizi Füzulinin abidəsi qədər
riqqətə gətirə bilib? Bəs
Heydər Əliyevin məğrur simasını qranitlərdə
yenidən canlandırmaq hansı sənətkarın qüdrətidir?
Hansı mərmər parçası
"Elegiya" kimi musiqiyə çevrilib? Axı nəyə görə biz öz klassiklərimizi
sağlığında yetərincə dəyərləndirə
bilmirik?
İki akademiya
Əslində, akademik Ömər
Eldarovun sənət dünyası ayrıca bir akademiyadır. Onun yaradıcılığına
həsr olunmuş "Ömər Eldarov. Heykəltəraşlıq.
Bakı, 2005" kitabı isə bu akademiyaya
giriş hesab oluna bilər. Burada sənətkarın
həyat və yaradıcılığı haqqında
yığcam bir məlumatdan sonra onun ayrı-ayrı əsərləri,
yaratdığı sənət abidələri haqqında söhbət
açılır, heykəllərin müxtəlif rakurslarda təsviri
verilir. Kitab öz oxucu-tamaşaçılarını rəsm
əsərlərinə çevrilmiş heykəllərlə
tanış edir; istər-istəməz bu
abidələri üçölçülü fəzada,
gerçək həyatda görmək arzusu baş
qaldırır. Bunun üçün isə
bütün Bakı şəhərini və hətta
bütün ölkəni gəzmək kifayət etmir. Ö.Eldarovun bir sıra əsərləri bizi xarici
ölkələrdə təmsil etməklə Azərbaycanın
sənət elçilərinə çevrilmişdir. Amma "dənizin dadını bilmək
üçün onu bütövlükdə içməyə
ehtiyac yoxdur, elə bir damla da bəs edər"
düşüncəsi ilə yaxında olan, əlçatan əsərlərlə
canlı ünsiyyət qurduq. Daha sonra onun qurduğu
ikinci bir akademiya ilə - Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası ilə tanış olduq.
Ömər müəllimin son illərdə
ərsəyə gətirdiyi mühüm əsərlərdən
biri məhz bu akademiyadır. Biz bu
böyük sənətkarla görüşmək, onun yeni
yaradıcılıq axtarışları ilə,
davamçılarının, gənc heykəltəraşların
işləri ilə tanış olmaq
üçün Rəssamlıq Akademiyasına yollandıq.
Gənc sənətkarların əl
işləri ilə, real yaradıcılıq prosesləri ilə
tanış olmaqda bizə akademiyanın
prorektoru Validə xanım yardımçı oldu. Burada əsl yaradıcılıq mühiti, bir sənət
ab-havası var idi. Biz müəllimlərlə
tələbələr arasında səmimi, bərabərhüquqlu
bir münasibətin şahidi olduq. Maləsəf, indi ali məktəblərimizin çoxunda
çatışmayan bir mühit...
Buna şərait yaradan bir neçə
amili xüsusi qeyd etmək istərdim:
Birincisi, mənəvi təmizlik. Çirkab içərisində, təmənna olan
yerdə səmimiyyətdən söhbət gedə bilməz.
İkincisi, münasibətlərdə
bəlkə də sənətin özünün təlqin
etdiyi bir sevgi, doğmalıq, qayğı, gənclərin
özlərini öz evlərində, öz ailələrində
hiss etməsi.
Üçüncüsü,
yaradıcı mühit. Daxili azadlığın təxəyyülə
açdığı meydan və gənc sənətkarların
öz ideyalarını sınaqdan keçirə bilməsi
üçün yaradılmış şərait, texniki təchizat
da daxil olmaqla...
Və nəhayət, ustadlarla bilavasitə
təmas, onların yaradıcılığını izləmək
və bu prosesin iştirakçısı olmaq, öz xəyalları
ilə baş alıb çox uzaqlara uçmaqdan çəkinməmək,
həmişə ustad bələdçinin dəstəyini,
himayəsini hiss etmək.
Əslində, bu akademiyada digər ali məktəblərimiz üçün
örnək ola biləcək çox cəhətlər
vardır, amma indi mən bu akademiyanın da, neçə-neçə
böyük sənət əsərlərinin də müəllifi
olan böyük sənətkarımız Ömər Eldarovun
özündən bəhs etmək istəyirəm.
Ziyalı abidəsi
Ömər Eldarovun əsərləri
içərisində ən böyük abidələrdən
biri də onun yaşatdığı ziyalı
obrazıdır. Əslində, bu dəfə
mən onun əsərlərini yox, şəxsiyyətini nəzərdə
tuturam. Təəssüflər olsun ki, indiki ziyalı
kasadlığı şəraitində Ömər Eldarov
ziyalılığı yüksək səviyyədə təcəssüm
etdirmək baxımından özü də unikal bir abidədir
- canlı abidə! Sadəliyi, təvazökarlığı,
sənətə vurğunluğu ilə, işinə yüksək
məsuliyyətlə yanaşması, yaşının bu
çağında yaradıcılıq əzmi və nəhayət,
təşkilatçılığı, dövlətə və
xalqa bağlılığı ilə çoxlarından
seçilən Ömər müəllim
ziyalılığın və vətəndaşlığın
yüksək timsalıdır.
Ömər müəllimi səciyyələndirən
cəhətlərdən biri də onun az
danışması, çox vaxt sadəcə
susmasıdır. Belə təəssürat
yarana bilər ki, görünür, öz sözünü sənətilə
daha gözəl deyən Ömər Eldarov danışmaqda,
fikrini sözlə ifadə etməkdə çətinlik
çəkir. Amma yaxından
tanışlıq göstərdi ki, Ömər müəllim
dərin fəlsəfi təfəkkürə malik bir şəxs
olmaqla yanaşı, öz düşüncələrini də
məhz fəlsəfi dildə gözəl ifadə edə
bilir. Çox vaxt susmağının səbəbi
də, əslində, elə bununla bağlı imiş.
O, məhz adi söhbətlərə qoşulmağı,
boğazdan yuxarı, trafaret ifadələrlə
danışmağı xoşlamırmış. Amma gerçəkdən yeni bir ideya, sənət
haqqında dərin bir düşüncə onu silkələyir
və o, fikrin alt qatındakı diskursda ən gözəl həmsöhbət
olur. Bəsit söhbətləri sevməməsi,
artıq danışıqlardan qaçması mənə onun
sənəti ilə bağlı bir hikməti
xatırlatdı. Hansı isə
böyük bir heykəltəraşın, səhv eləmirəmsə,
Rodenin dediyi kimi, hər daşda bir heykəl yatır; sənətkar
bura nə isə əlavə etmir, əksinə, onun vəzifəsi
artıqları yonub-götürməkdir. Mahiyyət
ancaq artıqlar atılanda üzə çıxır. Ömər müəllim öz sənətində məhz
bu işlə məşğuldur; üzdə olan, artıq
olan və mahiyyəti malalayan nə varsa, ondan xilas olmaq. Söhbətlərində də zahirilikdən, bəsitlikdən,
təkrarlardan qaçır. Ancaq zəruri olanı deyir,
mahiyyəti ifadə etməyə çalışır:
sözü ilə də, sənəti ilə də!
Daşın
poeziyası
Nəyə görə poeziya
haqqında çox yazılır, hər bir kiçik şeir
də bəzən təhlil olunur, rəsm əsərləri və
monumental sənət növü, heykəllər, abidələr
haqqında isə fikir mübadiləsi nadir hallarda
aparılır?
Görünür, sözü sözə
çevirmək daha asandır. Poeziya
sənət olsa da, hər halda sözlə ifadə olunmuş
bir sənətdir. Onun nəbzi vurur, nəfəsi
eşidilir, yaratdığı obrazlar hərəkətli,
dinamikdir. Heykəl isə susur. Daş kimi soyuqdur və onun nəfəsini duymaq, nəbzini
tutmaq elə də asan məsələ deyil. Onu canlandırmaq üçün tək sənətkardan
deyil, tamaşaçının özündən də
böyük ruhani enerji tələb olunur.
Heykələ çevrilmiş hər
bir daş canlanmaq imkanına malik deyil. Daşın bətnində yatan böyük daxili
enerjini hərəkətə gətirmək, heykəli dilləndirmək
və onu timsalı olduğu prototipin real obrazına
çevirmək qeyri-adi məharət tələb edir. Sənətkar onu yaradarkən ona ruh bəxş edə
bilməyibsə, tamaşaçı nə qədər
ezoterik enerji sərf etsə də, daş canlanmaz.
Ömər Eldarovun heykəlləri
isə sanki canlıdır, onlar nəinki danışa bilir, həm
də proza ilə deyil, poetik dildə danışırlar. O, təcəssüm
etdirdiyi şəxsin sadəcə zahiri görkəmini yox, həm
də lirik "mən"ini, arzu və istəklərini, həyat
enerjisini daşa köçürür.
Əslində, bu enerji də, bu lirika
da əsərin prototipindən daha çox yaradıcı sənətkarın
özünə məxsusdur. Bir var kimsə
ürəyindən keçənləri sözlə ifadə
edərək desin; bu - şairlik məqamıdır. Bir var kimsə öz daxili halını zahirində,
sifətinin ifadəsində büruzə versin; bu məqamı
rəssamlar tərənnüm edir. Bir də
var insan hansı isə bir hərəkətə, hansı isə
həyəcanlı bir hadisəyə
hazırlaşmağını sadəcə duruşu ilə,
bədənin səmada vəziyyəti ilə ifadə etsin.
Daxili istəyin, könül pərvazlanmasının,
ehtizazın, ruhani yüksəlişin, şövqün
daşa həkk olunması, fəza konfiqurasiyasının
gözlə görünməyən daxili gözəlliyinin
üzə çıxarılması, Ömər Eldarovun
özünün dediyi kimi, "sanki uçmaq
üçün quşlardan qanad istəyinin" bədii tərənnümü!
Hərəkətə hazırlıq halında
ifadə olunan bütün sonrakı hekayətlərin
konsentrasiya olunmuş forması, ruhun həndəsi təsviri -
bütün bunlar hərəkəti heykəlləşdirən
bir sənətin möcüzələridir.
"Əyilməz vicdanın
böyük heykəli", - deyirdi şair.
Heç şübhəsiz, vicdanın heykəlini, ruhun fəza
təcəssümünü ifadə etmək
üçün sənətkardan böyük ruhani güc,
pak-təmiz estetik vicdan tələb olunur!
Anın əbədiləşdirilməsi
Bəli, təsviri sənətin, heykəltəraşlığın
ən zəif cəhəti zamanca sürəkli ola
bilməməsi, hərəkəti, dəyişikliyi və
müvafiq surətdə ritmi, melodiyanı, sonra gələnin əvvəlki
ilə uzlaşmasını və onu tamamlamasını ifadə
edə bilməməsidir.
Lakin onun gücü elə məhz
onu məhdudlaşdıran cəhətlərdədir. Əgər
zaman keçirsə, deməli, ən mühüm, ən həlledici
an sonrakı anlarla yanaşı, yəni
müəyyən bir zaman ardıcıllığında
düzüləcəkdir. Həyatın bütün anları
eyni dərəcədə önəmli ola
bilməz. Ciddi, möhtəşəm, həlledici
anlardan sonra mütləq yüngül, cari, ötəri anlar gəlir;
necə ki melodiyada həmişə zildə qalmaq
mümkün deyil. Səs enərək
başqa tonlara keçməlidir. Ən
tragik əsərlərdə belə əsəblərin həmişə
tarım çəkilməsi mümkün deyil;
yazıçı hərdənbir gərilmiş yayı
buraxmalı, əsəblər dincəlməlidir. Əslində, əgər adi həyati səhnələr,
hətta komik vəziyyətlər olmasa, tragizm məqamının
vurğulanması mümkün olmazdı.
Ancaq təsviri sənətə, ancaq
heykəltəraşlığa icazə verilmişdir ki,
hansı isə möhtəşəm bir anı seçərək
məhz həmin anı əbədiləşdirsin,
qalxdığı zirvədən heç vaxt enməsin. Bəli, heykəltəraşa cəmi bir şans
verilir; o, dəyişən dünyanın ancaq bir anını
vəsf edə bilər. Elə hər
şey də bu bir anın düzgün seçilməsindən,
bütün keçmişi və hətta gələcəyi
o ana "yerləşdirmək" qabiliyyətindən
asılıdır.
Romantika və
reallıq
Heykəltəraşlıq
bütün digər sənət növləri içərisində
gerçəkliyi ancaq maddiyyat müstəvisində ifadə
etmək baxımından ruhdan ən çox
uzaqlaşdırılmış bir sənətdir. Hegelin dediyi kimi, bu sənət qarşısında
ruhu ağır materiyanın dili ilə təcəssüm
etdirmək kimi çətin bir vəzifə dayanır.
Hələ bu az imiş kimi, gerçək
həyatdan zaman amili də götürülür və sənətkarın
ixtiyarında ancaq bir an qalır. Bu maddi dünyanın
dondurulmuş bir məqamı! Dayanmış zamanda nəinki ruhu ifadə etmək
çox çətindir, bu halda həm də hərəkəti
və dinamikanı təcəssüm etdirmək
üçün vasitələr yox dərəcəsindədir.
Bu ən monumental sənət həm də ən
ləng, ən statik, ən ağır bir ifadə
texnikasına əsaslanan sənətdir. Bu
baxımdan heykəltəraşlıq öz məqsədinə
daha çox dərəcədə simvolların dili ilə
çata bilir. Təsadüfi deyil ki,
postmodernizm dövründə bu sənət öz ifadə
vasitələrini xeyli genişləndirməyə nail
olmuşdur. Amma məhz klassik üslubda
yaratmaq, gerçəyə adekvat bir sənət yaratmaq, bu
cismani dünyanın ən cansız, ən ruhsuz sayılan
maddi vasitələrindən, daşından-kəsəyindən
istifadə edərək ruhun sanki əks qütbündən
başlayaraq ilahi bir məqama yüksəliş cəhdi
göstərmək, - bu, ən çətin və ən nadir
bir yaradıcılıq missiyası, əsl sənətkarlıq
əzmidir. Bəli, o şeyi ki böyük zaman və məkan
fəzasında sərbəst olaraq yaratmaq mümkün olur, o
şeyi ki bütün rəng çalarlarının və
bütün səs qammalarının vasitəsilə ifadə
etmək mümkün olur, o şeyi lokal məkanda və
dayanmış zamanda ağır maddiyyatın timsalında ifadə
etmək və bu ağır yükə qanad verərək onu
uçurtmaq, səs verərək dilləndirmək, daxili
impuls verərək hərəkətləndirmək sənətkardan
qeyri-adi bir istedad, virtuozluq tələb edir. Təsadüfi
deyil ki, sənət tarixində şairlərin, bəstəkarların,
rəssamların imzası kifayət qədər çox olsa
da, böyük heykəltəraşların imzası tək-təkdir.
Ömər Eldarovun yaradıcı
gücünün düzgün təsəvvür oluna bilməsi
üçün öncə onun seçdiyi bu sənətin
spesifikası, nə qədər məhdud imkanlara və vasitələrə
malik olduğu nəzərə alınmalıdır. Maraqlıdır ki, digər sənət növləri
ilə yanaşı, heykəltəraşlıq sahəsində
də incilər yaradan Leonardo da Vinçi müqayisəli təhlil
nəticəsində bu qənaətə gəlir ki, heykəltəraşlıq
məhz imkanlarının məhdudluğuna görə sənətkarlıq
baxımından ən çətin sahədir.
Biz bu sətirləri ona görə
yazmırıq ki, Ömər Eldarovu, onun sənətini və
bu sənətin həqiqi böyük qiymətini verməkdə
acizliyimizi ifadə edək. Əksinə,
ən incə mətləblər də məhz fəlsəfə
aynasında daha aydın görünür. Kimsə deyə bilər ki, bütün rəsmi
titullara layiq görülmüş, ən yüksək orden və
medallarla təltif olunmuş Ömər Eldarov sənətinə
bundan daha yüksək necə qiymət vermək olar ki? Amma nəzərə alınmalıdır ki, Ömər
Eldarov sənəti hər cür rəsmi təltifdən
yüksəkdə duran bir sənətdir. Ömər
Eldarov azərbaycanlıdır. Lakin onun sənəti
bir ölkə hüdudlarını keçərək
ümumbəşəri dəyərlər xəzinəsinə
elə töhfələr vermişdir ki, o, öz
yaşadığı lokal məkanın və zamanın
hüdudlarına sığmır.
Bütün böyük alimlər,
yazıçılar, sənətkarlar öz fəaliyyət
sahəsinin zirvəsinə qalxanda, əslində, filosofluq məqamına
yüksəlmiş olurlar. Mən
Ömər Eldarovun simasında böyük bir sənətkarla
yanaşı, həm də xalqımızın fəlsəfi
fikrini, yaradıcı təfəkkürünü ən
yüksək səviyyədə ifadə və təmsil edən
bir şəxsiyyət gördüm.
Sənət ilə fəlsəfənin
görüşü, sənətin fəlsəfə zirvəsinə
yüksəlişi və fəlsəfənin dönüb sənətə
qiymət vermək və onun simasında milli-bədii təfəkkürdən
qidalanmaq təşəbbüsü!
"Əyilməz
vicdanın böyük heykəli!"
Biz öz böyük sənət
abidələrimizin ideya dəyərini verə bilmək
üçün dünyadakı müvafiq sənət
nümunələri ilə müqayisələri hansı
meyarlar əsasında aparırıq? Düzdür,
Bakıda öz monumentallığına, ölçülərinə
və memarlıq həllinə görə Etyen Falkonenin I
Pyotru əks etdirən "Tunc atlı" abidəsi ilə
müqayisə oluna biləcək bir heykəl göstərmək
çətindir. Biz ona görə
"memarlıq həlli"ndən bəhs edirik ki, burada sənət
ilə elm birləşmişdir. Yəni
atın iki ayaqları üzərində o qədər nəhəng
bir abidənin dayanması məsələsi sadəcə sənət
yox, həm də riyazi həll tələb edən bir məsələdir.
Lakin əgər söhbət məhz heykəltəraşlıqdan
gedərsə və məhz daşın
canlandırılmasından və fərdi ruhun təkrarolunmaz
cizgilərlə daşlaşmasından gedərsə, onda
müqayisə üçün bizdə ən yüksək sənət
nümunələri vardır.
Bakıda böyük Füzuliyə qoyulan
abidədə dərd çəkən insan, düşünən
insan və
poetik ruhun üzvi bir vəhdəti öz monumental
ifadəsini tapmışdır. Bu baxımdan biz
Füzuli heykəlini Oqüst Rodenin "Mütəfəkkir"
əsəri ilə müqayisə edə bilərdik. Lakin "Mütəfəkkir"də
düşüncə üzün ifadəsindən və
duruşun əzəmətindən daha çox bədənin
və qolun köməyi ilə, yeddi qat əyilərək dirsəklənmək
və düşünən adamın ənənəvi
obrazına girmək vasitəsilə ifadə olunur. Digər tərəfdən, burada ancaq
düşüncə obrazı yaradılır. Mütəfəkkir olmaq isə rasional
düşüncədən daha çox təxəyyül və
şeiriyyət tələb edir. Füzuliyə
həsr olunmuş möhtəşəm abidə Danteyə həsr
olunmuş "Mütəfəkkir" heykəlindən təkcə
öz monumentallığı ilə deyil, həm də məhz
düşünən insanın əzəmətini ifadə
etmək baxımından daha təsirlidir. Burada
insan öz düşüncəsinin
ağırlığından əyilmir, əksinə, bu
ağırlığı ruhun əzmi ilə dəf edir.
Digər tərəfdən, Füzuli heykəlində
düşüncə sosial məzmun kəsb edir və qəmlə
birləşir. Və bütün bunların yekununda "əyilməz
vicdanın böyük heykəli" prinsipinə də riayət
edilir.
Lakin Oqüst Rodenin "Mütəfəkkir"
əsərinin bir üstünlüyü var ki, o öz təqdimatını
Avropa mühitində, sənəti dəyərləndirmək
üçün yüksək fəlsəfi-estetik meyarları
olan bir cəmiyyətdə tapdı. Biz
isə bəlkə də Füzulinin özü qədər
möhtəşəm olan Füzuli heykəlinin qiymətini, həqiqi
dəyərini hələ də verə bilməmişik.
Biz böyük mükafatları nəzərdə
tutmuruq. Biz əsərin estetik dəyərini
və fəlsəfi məzmununu nəzərdə tuturuq.
Ruh və bədən
Antik heykəltəraşlıq daha çox
dərəcədə bədənin harmoniyasını,
plastikasını və dinamik fiziki potensialını ifadə
etməyə yönəldilmişdi. Burada
insan mənəvi aləminin, fərdi ruhun təzahürü
və tərənnümü bir məqsəd kimi hələ
yox dərəcəsində idi. Fərdiləşdirmə
yox idi, ruh hələ fərdi ruh kimi özünü təsdiq
edə bilmirdi.
Məqsəd bədənin bu və
ya digər tipini, məsələn, gənclikdən gələn
gözəlliyi, yaxud aşıb-daşan fiziki gücün tərənnümünü
və ya əksinə, zərifliyi və həzinliyi önə
çəkmək idi. Deməli, ayrıca
götürülmüş bir şəxsiyyətdən, yəni
tarixi şəxsiyyətdən, unikal bir reallıqdan deyil,
ümumi insani-fiziki keyfiyyətlərin tipologiyasından bəhs
olunurdu. Ancaq fərdi mənəviyyat, ancaq ruhun,
xarakterin, şövqün, ehtirasın bir ansambl halında təsviri,
yəni hər hansı bir keyfiyyətin önə çəkilməsi
yox, bu keyfiyyətlərin müəyyən nisbətdə və
müəyyən miqdarda ahəngdar surətdə birləşməsi
və bununla da individuallığın təmin edilməsi -
bax, bu vəzifə ancaq Yeni Dövr heykəltəraşlığında
önə çıxır. Və bu
missiyanı ancaq barmaqla sayıla bilən nadir sənətkarlar
öz üzərinə götürə bilirlər.
Hansı isə bir sənət əsərində
insanın fiziki gücünü, kədərini, qəzəbini,
sevincini və s. bu kimi keyfiyyətləri
ayrı-ayrılıqda ifadə etmək bir şeydir,
bunların təkrarolunmaz bir biçimdə konkretləşməsi
və reallaşmasından dolayı fərdi ruhun
obrazının canlandırılması başqa bir şeydir.
Göte məqsədyönlü bir təsnifat
aparmasa da, heykəltəraşlıqda texnikaya görə
deyil, ideyaya görə yanaşmanın vacibliyini önə
çəkərək qeyd edirdi ki, "Afrodita"da ifadə
olunan ideya ilə "Herkules"də ifadə olunan
ideyanın fərqi bu heykəllərin sənət həllində
də öz əksini tapır.
Afrodita gözəlliyin, Herkules
gücün təcəssümü kimi
götürülür və onun digər keyfiyyətlərindən
sərf-nəzər etmək və diqqət mərkəzinə
ancaq fiziki gücün tərənnümünü çəkmək
yetərli olur.
Əgər məqsəd gözəlliyi
ifadə etməkdirsə, burada hansı isə konkret bir tarixi
şəxsiyyətin, məlum bir qadın simasının təsvirindən
deyil, bütün başqa keyfiyyətlərindən sərf-nəzər
olmaqla mücərrəd
bir qadın obrazının yaradılmasından gedir. Bu -
romantizmdir. Əlbəttə, bu özü də
böyük sənətkarlıq tələb edir. Amma bütün bu cəhətləri göylərdən
yerə endirmək, gerçək həyatla bağlamaq və
onları reallıq müstəvisində təsbit etmək
daha çətindir. Ömər Eldarov sənətində
bir klassisizm, romantizm və realizmin üzvi vəhdəti ilə
rastlaşırıq. Başqa bir rakursda bu
sənət Şərq və Qərb mədəniyyətlərinin
də vəhdətini ifadə edir.
"Elegiya"
Füzuli abidəsinin müəlliflərindən
biri olan Ömər Eldarov qəmin, kədərin xeyli dərəcədə
fərqli bir obrazını akademik Zərifə Əliyevaya həsr
etdiyi heykəldə də yaratmışdır. Lakin burada həzin kədər gözəlliklə,
zərifliklə vəhdətdə ifadə olunur. Əslində, burada kədər obrazın
özündə məskunlaşmır. Əsər elə
qurulub ki, bu hiss tamaşaçıda yaranır. "Elegiya"
təkcə Zərifə xanımın deyil, ümumiyyətlə
zərifliyin obrazıdır. Sadəcə,
bu dəfə zəriflik Zərifə Əliyevanın
çöhrəsindən boylanır.
Bayron müqəddəs məbəddə
mərmər heykəli təsvir edərkən belə bir cəhəti
önə çəkir ki, bu mərmər hətta insanın
yüksələ bilmədiyi bir məqama
qaldırılmışdır və indi o, Tanrının
timsalına çevrilmişdir: "Biz Tanrını
görürük, səsini eşidirik". Lakin onun
yaradıcısı insandır - sənətkardır:
Bu mərmər adi insan əlində
dirilmişdir.
Olimpdən poeziya ilə endirilmişdir.
Və bununla da Ömər Eldarov sənəti
haqqında bizim deyə bilmədiklərimizi böyük Bayron
şeirlə dilə gətirmişdir.
Böyük sənət həmişə,
hər yerdə eyni yüksək bir məqamdadır. Bütün dahilər zirvədə
görüşürlər. Çünki
onlar eyni bir mənanı, eyni bir mahiyyəti təcəssüm
etdirir, yaradılmışların timsalında Yaradanın
obrazını axtarırlar. Ağac,
daş, mərmər canlandırılaraq insan simasında təqdim
olunsa da, əslində, onların ruhani siqlətini, ilahi mahiyyəti
ifadə edirlər. Lakin bu, ancaq böyük sənətə
aiddir - Mikelanceloların, Berninilərin, Falkonelərin, Rodenlərin,
Ömər Eldarovların sənətinə!
Epiloq
Yaratdığı əsərlərin
canlı olmasına inamdan irəli gəlir ki, akademik Ömər
Eldarov həmin əsərlərin sonrakı taleyinə biganə
qalmır, vaxtaşırı onlarla söhbətləşir,
onların könlünü alır, necə deyərlər, dərdini
çəkir. O özü bu cəhəti ürəyinin
yumşaqlığı kimi izah edir. Bəli, nəinki
insanların, hətta daş heykəllərin də ürəyini
qırmaq istəməyən, öz ürəyinin hərarəti
ilə onları isidən, yağışda-boranda onların
üstünü örtməyə, günün istisində
onlara çətir tutmağa çalışan bir sənətkarın
könül etirafları...
Ümumiyyətlə,
yaradıcılıq məhəbbəti öz xarakterinə
görə valideyn məhəbbəti ilə eyniyyət təşkil
edir. Sənətkarın öz
yaratdıqlarına münasibəti ananın öz
övladına münasibətinə bənzəyir.
Fəlsəfi baxımdan ən dərin
və ən mübahisəli məsələlərdən biri
sənət əsərində nə kimi bir ruhun təcəssüm
olunması məsələsidir. Poeziyada
şair özünü, öz daxili aləmini, şəxsi
yaşantılarını ifadə edir. Burada
mübahisə üçün əsas yoxdur. Amma təsviri sənətdə, xüsusən portret
janrında, heykəltəraşlıqda məsələ
onunla mürəkkəbləşir ki, burada birbaşa məqsəd
məhz təsvir olunan şəxsin portretini və deməli, məhz
onun daxili aləmini, yaşantılarını təcəssüm
etdirməkdir. Digər tərəfdən,
sənətkara bəlli olan ancaq öz ruhudur. Deməli, sənətkar öz qəhrəmanının
obrazına girmədən, onun yaşadıqlarını
yaşamadan - yarada bilməz. Yaratdıqlarını
yaşadan, onlara öz ruhundan pay verən sənətkar, digər
tərəfdən özü də öz əsərlərinin
həyatında yaşadığına, onların simasında
əbədiyyətə qovuşduğuna şübhə etməyə
bilər.
Səlahəddin
XƏLİLOV,
AMEA-nın
müxbir üzvü,
professor
Azərbaycan.-
2011.-21 avqust.- S. 5.