Xurmanın faydası
Latın dilindən tərcümədə xurma "allahların qidası" deməkdir. Ramazan ayında süfrələrimizin bəzəyi olan xurmanın dünyada 500-ə yaxın növü var. İstifadə etdiyimiz qurudulmuş xurma tropik iqlimdə yetişir. Vətəni Azərbaycan olmasa da, o, nəinki bizdə, demək olar ki, bütün ölkələrdə məşhurdur. Hətta xurma haqqında belə də söyləyirlər ki, o, adi meyvə yox, sağlamlıq mənbəyidir. Qədim insana da məlum olan xurmanın hikmətləri haqqında Quranın bir neçə surəsində söhbət açılır. Cənnət meyvələri arasında xurmanın yeri əvəzsizdir.
Araşdırmalar nəticəsində bəlli olur ki, xurmanın həqiqətən də insan sağlamlığında şəfaverici əhəmiyyəti çoxdur. Ürək-damar xəstəliklərindən, xərçəngdən qorunmaqda təsirli vasitədir. Lazımdır ki, həmişə süfrəmizdə bu meyvədən istifadə edilsin. Əgər onun bizə verdiyi faydaya bütün incəliklərinə qədər bələd olsaq, hər zaman ərzaq alış-verişində birinci olaraq xurmanı axtararıq. Müxtəlif ərəb ölkələrindən, eləcə də qonşu İrandan ölkəmizə xurma ancaq qurudulmuş şəkildə gətirilir. Tünd qəhvəyi çalarda istifadə etdiyimiz xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır.
Bu meyvə insan orqanizminə çox xeyirlidir. Ləzzətli dadı və faydalı tərkibi ilə seçilən xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, kalium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. Xurma ürək-damar xəstəliklərinin müalicəsində əvəzolunmazdır. Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın vaxtlarda mümkünləşib. Halbuki Quranda təxminən 1400 il əvvəl bu barədə geniş söz açılır.
Xurmada insan bədənində hərarət enerjisi yaradan şəkər növü də var. Özü də bu şəkər qan şəkərini yüksəldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan şəkərinin sürətlə yüksəlməsi bir çox orqanlara mənfi təsir edir. Böyrəklər, sinir sistemi, görmə qabiliyyəti və s. sıradan çıxır. Maraqlıdır ki, gün ərzində 15 ədəd xurma yeməklə həm bədənin dəmirə olan ehtiyacını təmin etmək, həm də bir sıra xəstəliklərdən xilas olmaq mümkündür. Xurmanın tərkibində fosfor və kalsiumun bolluğu imkan verir ki, sümük zəifliyində və bu xəstəliklərin azalmasında ondan istifadə edəsən.
Başqa meyvələrlə müqayisədə yeganə nemətdir ki, proteinlə zəngindir. Bu da insanın bir sıra infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir, bədəndəki mayeni balanslaşdırır. Deyirlər ki, ət xeyirli qidadır. Alimlər müəyyənləşdiriblər ki, ət belə təzə xurma qədər fayda verə bilməz. Yayda ətdən çox istifadə edilməsi zəhərlənməyə də səbəb ola bilər. Həzmi asan olan meyvə-tərəvəzlə bərabər, xurmaya üstünlük verilməsi daha münasib seçimdir.
Xurmada olan fosfor yorğunluğu aradan qaldırır, beyni lazım olan maddələrlə qidalandırır. Sinir sistemində də xurmanın təsiri əvəzsizdir. Sakitləşdirici xüsusiyyəti var. Bu səbəbdən də tərkibindəki B1 və B2 vitaminləri zehnin və sinir sisteminin normallaşmasına kömək edir.
Xalq təbabətində öskürəyin ən yaxşı dərmanı yenə də xurma sayılır. Hətta el arasında ona "sinə dərmanı" deyirlər. Bəlğəm, nəfəs borusu xəstəliklərinin müalicəsində və öskürəyə qarşı istifadə olunur. Qan damarlarını yumşaldır, damar sərtliyinin qarşısını alır, üstəlik də qanı təmizləyir və təzyiqi nizamlayır.
Məlumdur ki, qəhvə və yağ xolesterolun yüksəlməsinə səbəb olur. Ərəb ölkələrində adətən qəhvədən çox istifadə edirlər. Araşdırmalar nəticəsində bəlli olub ki, ərəblərdə bu xəstəlikdən əsər-əlamət yoxdur. Səbəbini araşdıran mütəxəssislər bu nəticəyə gəliblər ki, ərəblər qəhvə və digər içkiləri qəbul edərkən mütləq xurma yeyirlər.
Əhalinin bir qismi böyrək daşı xəstəliklərindən
əziyyət çəkir. Yaxşı olardı ki, onlar hər gün yeməkdən öncə xurmadan istifadə etsinlər. Xurma
böyrəklərin yuyulmasına kömək edir,
daha yaxşı işləməsini tənzimləyir.
Xurma hətta böyrək
iltihabını da aradan
qaldırır. Xurmanın suyu da böyrək daşlarının parçalanmasında
çox faydalıdır. Bunu
belə hazırlamaq gərəkdir: 6-7 ədəd xurmanı
bölərək bir stəkan suya qoyurlar və bir neçə saatdan sonra onu süzərək azca isidib gündə iki dəfə içmək lazımdır. Bu proses 15 gün
davam edərsə, böyrək
daşları tamamilə yox olar.
Göz
xəstəliklərində də xurmanın şəfaverici
xüsusiyyəti var. Tərkibində A vitamini olduğuna
görə xurma gözləri qüvvətləndirir.
Xüsusilə də gecə korluğunun və digər xəstəliklərin
qarşısını alır.
Maraqlıdır
ki, xurmanın təkcə özü yox, tumlarının da
yeyilməsi məsləhət görülür.
Çünki onun tumunda xeyli miqdarda vitamin var. Toxumun
udulması tövsiyə edilir. Hətta bəzən
görürsən ki, xurmanın qabığını soyub
sonra istifadə edirlər. Halbuki xurmanın qabığı
da vitaminlərlə zəngindir və şəfaverici
xüsusiyyətlərə malikdir. Süfrənizdə həmişə
xurmanın olması məsləhətdir. Ən azından
çayı xurma ilə için. Xurmanın, əslində,
acqarına yeyilməsi məsləhətdir.
Biz
ölkəmizdə bitməyən, ancaq qurudulmuş halda əldə
etdiyimiz xurmadan söz açdıq. Azərbaycanda da
xurmanın bir başqa növü geniş yayılıb. Buna
el arasında bəzən "korolyok" da deyirlər. Əslində,
bu, Qafqaz xurmasıdır. Yapon xurması da var (sarı rəngdə
olur). Hər ikisi təzə halda yeyilir. Son vaxtlarda Qafqaz
xurmasının qurudulmuşu da diqqət çəkir.
"Azərbaycanın müalicə əhəmiyyətli
bitkiləri" kitabında göstərilir ki, Qafqaz
xurması bir sıra vitaminlərlə, üzvi turşularla,
yod və s. ilə zəngindir. Onun şirəsindən qalxanabənzər
vəzin müalicəsində istifadə edilir. Xalq təbabətində
bu meyvələrdən müxtəlif məmulat
hazırlanır. Məsələn, bəzi bölgələrimizdə
hətta xurmadan doşab bişirilir. Bu, müxtəlif xəstəliklərdə,
soyuqdəymədə, qan azlığında, sinir fəsadlarında,
iştahartırmada, hipertoniyada, öskürəkdə, sinə
yumşaltmaq və iltihabı götürmək məqsədilə
işlədilir. Təzə dərilmiş meyvəsinin
özü və şirəsi isə
ur (zob) və tireotoksiros xəstəliklərində məsləhətdir.
Bir
tövsiyəni də diqqətə çatdırmaq istəyirik
ki, bəzən hər hansı meyvənin faydasından, şəfaverici
xüsusiyyətindən söz açanda onu heç də
çox yemək lazım deyil. Nizami Gəncəvi söyləmişkən:
"Artıq içiləndə dərd verir su da". Bu səbəbdən
də bütün qidalar kimi, xurmadan da normal şəkildə
istifadə etmək gərəkdir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 21 avqust.- S. 6.