Azərbaycan sosial-iqtisadi inkişafında daha böyük nailiyyətlərə imza atır

 

Beynəlxalq təşkilatlar iqtisadiyyatın diversifiksiyası istiqamətində ölkəmizdə həyata keçirilən siyasəti yüksək qiymətləndirirlər

 

Yüksək inkişaf dinamikasına malik Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi  yüksəlişinə böyük töhfələr verərək, onu daha sürətli hala gətirib.

Beynəlxalq miqyasda da açıq etiraf edilir ki, sosial-iqtisadi sferada inkişafın Azərbaycan modelinin ən önəmli cəhətlərindən biri iqtisadiyyatın uğurla şaxələndirilməsidir. Elə bu da zəngin təbii resurslara malik Azərbaycanda təkcə enerji sektorunun yox, iqtisadiyyatın digər sahələrinin, o cümlədən qeyri-neft sektorunun dinamik yüksəlişinə rəvac verir.  Bu sektorun sürətli artım tempinin real nəticələri var. Elə cari ilin ilk yarısı bu baxımdan möhtəşəm müvəffəqiyyətlərin əldə olunması ilə yadda qalıb.  Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı qeyri-neft sektorunda qeydə alınan artımı yüksək dəyərləndirən  Prezident İlham Əliyev bildirmişdir: "Əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".

Beynəlxalq maliyyə institutları da hesab edirlər ki, Azərbaycanın iqtisadi sahədə uğurlarının təmin olunmasında təkcə enerji hasilatı və onun dünyaya nəqli rol oynamır, eyni zamanda qeyri-neft sektorunun tərəqqisi istiqamətində atılan addımlar sözügedən kontekstdə mühüm nailiyyətlərə yol açır. Dünya Bankının ekspertləri bəyan edirlər ki, Azərbaycan öz problemlərini malik olduğu neftqazla həll etmir. İnkişaf prosesində qarşıya çıxan problem və çətinliklərin çözümündə, ölkənin tərəqqisinin daha böyük vüsət almasında iqtisadiyyatın digər sahələrində qeydə alınan yüksəliş böyük rola malikdir. Məsələn, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından Azərbaycan MDB məkanında liderlik edən dövlətlərdəndir.

Karbohidrogen ehtiyatlarının satışından əldə olunan gəlirlərin səmərəli idarə edilməsi isə ölkədə həm sosial rifahın yüksəlməsinə, həm də iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına gətirib çıxarır. "Qara qızıl"ın insan kapitalına çevrilməsi siyasəti uğurla həyata keçirilir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə direktoru Maykl Qrin də ölkəmizdə neft gəlirlərinin düzgün xərcləndiyini vurğulayır: "Məncə, hökumət Neft Fondunu yaratmaqla əla görüb. Neft-qaz gəlirləri artıq işlənməyərək həmin fondda yığılır. Bəzi ölkələrdə bu gəlirlərin çox mənfi təsiri olub, ancaq bu təsir Azərbaycanda baş verməyib. Mərkəzi Bank da makroiqtisadi sabitliyi qoruyub saxlaya bilib. Neft Fondundan hazırkı investisiyalara gəlincə, məncə hökumət onlardan da əla istifadə edir, uzunmüddətli infrastruktur yaradır, yollar çəkir, metro stansiyaları tikir". Onun sözlərinə görə, fonddan vəsaitlər düzgün ayrılır: "Mənfi nəticə, məsələn, inflyasiyanın artdığını görmürüksə, deməli, Neft Fondunun vəsaitlərindən ağlabatan formada istifadə olunur".

Ümumi iqtisadi tərəqqi prosesində regionların xüsusi çəkisinin davamlı şəkildə yüksəlişi, bu xüsusda müxtəlif dövlət proqramlarının həyata keçirilməsi, kənd təsərrüfatında qeydə alınan mütəmadi artım, müasir tələblərə uyğun infrastrukturun yaradılması və bu qəbildən olan digər hallar dünya miqyasında geniş təqdir olunur. Cari ilin ilk 7 ayının makroiqtisadi göstəriciləri fonunda da aydın müşahidə etmək mümkündür ki, Azərbaycanın sosial-iqtisadi inkişafı yüksək templə davam edir. Belə ki, 2011-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik tərəqqi etdiyini göstərir. Nəticə etibarı ilə yeddi ay ərzində ölkədə məhsul istehsalı çoxalıb, xidmətlərin çeşidi genişlənib, yeni yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib.

Özüyaşanan inkişaf neft-qaz sektorunda məhsul istehsalının azalması kontekstində baş verir. Bu da bir daha Azərbaycanın qeyri-neft sektorunun sürətli yüsəlişini təsdiqləyən əsas amillərdən biridir. Hesablamalara görə, bu ilin ilk 7 ayında  ümumi daxili məhsul istehsalı 267.9 milyon manat artaraq 26.5 milyard manata çatıb. Neft-qaz sektorunda məhsul istehsalı keçən ilin müvafiq dövrünün səviyyəsində qalsa idi, onda ÜDM-in artım sürəti 4.2 faizə çatardı. Burada ən önəmli cəhətlərdən biri əhalinin maddi gəlirlərinin miqdarında qeydə alınan artımdır ki, bu da bir daha insanların sosial rifah halının yüksəlməsindən xəbər verir.

Araşdırmalar göstərir ki, bu ilin altı ayında əhalinin gəlirləri 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 17.3 faiz artaraq 16.3 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin məbləği 15.8 faiz artaraq orta hesabla ayda 258.6 manat təşkil edib. Gəlirlərin 66.3 faizi son istehlaka yönəldilib, 8 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 23.9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründəki səviyyəni 32.8 manatya 10.3 faiz üstələyərək cari ilin yanvar-iyun aylarında 352.7 manat təşkil edib.

Yaşlı nəslin, əhalinin aztəminatlı təbəqəsinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi də ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. 2011-ci il iyul ayının 1-i vəziyyətinə Sosial Müdafiə Fondu sistemində 1 milyon 280.8 min nəfər pensiyaçı qeydiyyatda olub. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 115 manata çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2011-ci il iyul ayının 1-nə ölkədə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub.  Ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Əhalinin gəlirlərinin artmasını və məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması və xidmətlərdən geniş istifadə edilməsi də təsdiqləyir.

Bütün bunlar Azərbaycanda mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin mühüm göstəricisdir. Elə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də insanların layiqli həyat tərzinin təmin olunması, onların rifah halının davamlı şəkildə yüksəlişidir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 23 avqust.- S.  1.