Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir".
İlham ƏLİYEV
Vətəndaş cəmiyyətinin
qurucusu
Tarixən formalaşmış
siyasi nəzəriyyələr göstərir ki, əsl
demokratiya yalnız vətəndaş cəmiyyəti
ideyasının gerçəkləşdiyi, eləcə də
vətəndaş cəmiyyəti təsisatlarının
mövcud olduğu dövlətlərdə özünə
möhkəm dayaqlar tapa bilər. Hüquqi
dövlət özünün formalaşması və qərarlaşması
prosesində nəinki fərdi azadlığın və
hüququn qanunvericiliklə təmin olunmasını işləyib
hazırlayır və möhkəmlədir, eyni zamanda vətəndaş
cəmiyyətinin normal mövcudluğu və fəaliyyəti,
onun başlıca təsisatları, prinsipləri və dəyərləri
üçün təminat yaradır. Politologiyanın mürəkkəb
kateqoriyalarından biri olan vətəndaş cəmiyyəti
özlüyündə heç bir təşkilati mərkəzə
malik olmayan cəmiyyətdir. Vətəndaş cəmiyyətini
təşkil edən təşkilatlar və birliklər
öz-özünə yaranır. Dövlətin hər
hansı formada iştirak etmədiyi vətəndaş cəmiyyəti
ictimai həyatı təşkil edən və tənzimləyən
qüdrətli sferaya çevrilməklə, demokratik dövlətin
ən mühüm tərəfidir. Vətəndaş cəmiyyəti
institutlarının inkişaf dərəcəsi isə hər
bir dövlətdə demokratiyanın inkişaf səviyyəsini
əks etdirir.
XIX-XX
əsrlərdə inkişaf etmiş ölkələr
üçün vətəndaş cəmiyyətinin təşəkkülü
ictimai məqsədlərin qəbulu və etirafı kimi dəyərləndirilir.
Xüsusən də ötən əsrin ikinci yarısında
vətəndaş cəmiyyətinə doğru irəliləmək
coşqun iqtisadi və elmi-texniki inkişafın tərkib hissəsi
kimi səciyyələnmişdir. Y.İ.Averyanovun rəhbərliyi
altında nəşr olunmuş politologiyaya dair ensiklopedik
lüğətdə vətəndaş cəmiyyəti belə
səciyyələndirilir: "Vətəndaş cəmiyyəti
dövlətdən asılı olmayan, lakin onunla əlaqə
kəsb edən, həmin cəmiyyətin üzvləri
arasında inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və
siyasi münasibətlərdir, dövlətlə birlikdə
inkişaf etmiş hüquqi münasibətlər yaradan,
yüksək sosial, iqtisadi, siyasi, mədəni və əxlaqi
statusa malik olan cəmiyyətdir".
Vətəndaş
cəmiyyəti azad və bərabərhüquqlu fərdlərin
bazar və demokratik hüquqi
dövlətçilik şəraitinə dövlət vasitəsilə
tənzimlənən qarşılıqlı münasibətlərin
çoxcəhətliliyidir. Vətəndaş cəmiyyəti
aşağıdan öz-özünə təşəkkül
tapan ictimai orqanizm olmaqla xüsusi mənafelərin və fərdiyyətçiliyin
azad oyun sferasıdır. Yəni bu cəmiyyətin
formalaşmasını şərtləndirən birliklər
öz-özünə, vətəndaşlar qrupunun və ya
müəssisələrin təzahürü ilə
yaranır. Onlar öz mənafelərini və tələbatlarını
reallaşdırmağa çalışırlar. Ölkədə
vətəndaşların könüllü birliyini və
müəssisələrini özündə birləşdirən
möhkəm ictimai "şəbəkə" rolunu oynayan
vətəndaş cəmiyyəti eyni zamanda yüksək
inkişaf etmiş demokratik cəmiyyətin əlamətidir. Vətəndaş
cəmiyyətini təşkil edən birliklər vətəndaşların
iqtisadi, ailə, hüquqi, mədəni və digər mənafelərinin
geniş dairəsini əks etdirir, bu mənafeləri təmin
etmək məqsədilə yaradılır. Bu mənada, o həm
də bütövlükdə ictimai rəyin ifadəçisi
olmaqla özünü spesifik formada təzahür edən
siyasi hakimiyyətinə xidmət edir.
Vətəndaş cəmiyyətində assosiasiya həyatı, kütləvi hərəkatlar sferası, partiyalar, inama və digər əlamətlərə görə təzahür edilən qruplaşmalar azad şəkildə formalaşır. Onlar hakimiyyət səlahiyyətlərinin bir hissəsinin özünüidarəyə həvalə olunması hesabına onun mərkəzləşdirilməsinə nail olur, münaqişəsiz, razılıq əsasında çoxluğun və azlığın qarşılıqlı fəaliyyətini həyata keçirir. Vətəndaş cəmiyyəti elə böyük ictimai qüvvədir ki, dövlət onunla hesablaşmaya bilməz. Eyni zamanda vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, dövlətin demokratikliyi üçün bir o qədər geniş meydan açılar. Çünki vətəndaş cəmiyyəti bəşər sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən inkişaf etmiş iqtisadi, mədəni, hüquqi, siyasi münasibətlərdir. Prinsip etibarilə siyasi strukturlardan kənarda təşəkkül tapan vətəndaş cəmiyyəti bu strukturları da əhatə edir. Çünki siyasi strukturlar vətəndaş cəmiyyətinin bir hissəsidir və vətəndaşlar tərəfindən yaradılır.
Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək formasıdır.
Ötən əsrin 90-cı illərində vətəndaş cəmiyyətinin qurulması ətrafında müzakirələr dünyanın bütün ölkələrini bürümüş, milli dövlətlər çərçivəsində hər hansı istibdad rejiminin mövcudluğunu təhlükə altına almışdır. Vətəndaş cəmiyyəti "soyuq müharibənin" qurtarması ilə başlanan dövrün əsas ünsürünə çevrilmişdir. Bu anlayışın nəzəri və praktik aspektlərinin aktuallığı sıravi vətəndaşların və onların könüllü birliklərinin rolunun bəşər cəmiyyətinin bütün sferalarında - iqtisadi, siyasi, sosial, mənəvi həyatda açıq-aşkar artması ilə şərtlənir. Xoşməramlı insanların yaratdığı ictimai təşkilat və hərəkatların beynəlxalq gərginliyin yumşaldılmasında, təbii fəlakət və müsibətlərə, sosial bədbəxtliklərə düçar olmuş xalqlara yardım göstərilməsində qazandığı uğurlar yaxşı məlumdur. Bu uğurların əsasında vətəndaş cəmiyyətlərinin inkişafı, vətəndaşların və onların könüllü birliklərinin yüksək fəallığı durur.
Vətəndaş cəmiyyəti anlayışının genezisi ilə bağlı tarixən mövcud olan mülahizələrdən çıxış edərək bu mürəkkəb orqanizmin "tərifini" verməyə çalışaq: birincisi, vətəndaş cəmiyyəti əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır; ikincisi, vətəndaş cəmiyyəti individlərin könüllü formalaşmış ilkin birlikləri (dövlət və siyasi strukturlardan başqa ailə, kooperasiyalar, peşə, yaradıcılıq, idman, etnik, konfessional, dini və s. birlikləri) kompleksidir; üçüncüsü, o, cəmiyyətdə qeyri-dövlət münasibətlərinin məcmusudur (iqtisadi, sosial, ailə, milli, mənəvi, əxlaqi, dini və s. insanların istehsal və özəl həyatı, onların adətləri, ənənələri, xasiyyətləridir). Nəhayət, vətəndaş cəmiyyəti dövlət hakimiyyəti tərəfdən fəaliyyətlərinə birbaşa müdaxiləyə və bu fəaliyyətlərin özbaşına reqlamentləşdirilməsinə qanunla yol verilməyən azad individlərin və onların birliklərinin özünütəzahür sferasıdır. Vətəndaş cəmiyyətinin bütün bu elementləri bir-birinə sıx inteqrasiya olunaraq bir-birindən asılı vəziyyətə düşmüşdür.
Vətəndaş cəmiyyəti dövlətlə dialektik vəhdətdə mövcuddur və dialektik vəhdətdə fəaliyyət göstərir. Demokratik rejimlərdə o, dövlətə çox yaxındır və onunla qarşılıqlı fəaliyyətdədir, avtoritar və totalitar rejimlərdə isə rejimə qarşı passiv və ya aktiv müxalifətdə olur. Dövlət vətəndaş cəmiyyətinin həyati fəaliyyətini xeyli məhdudlaşdıra bilər, amma onu tamamilə dağıda, "ləğv" edə" bilməz, çünki o, dövlətə münasibətdə ilkindir, onun bünövrəsini təşkil edir. Öz növbəsində vətəndaş cəmiyyəti də dövlətin funksiyalarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər, amma onu əvəzləməyə, xüsusilə də cəmiyyətin indiki inkişaf mərhələsində onu ləğv etməyə qabil deyildir.
Vətəndaş cəmiyyəti öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir, inkişaf edir. Belə bir şəraiti, dövlət vasitəsilə və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü yaradır. Dövlət vasitəsilə dedikdə, lazımi qanunların yaradılması, demokratik strukturların formalaşdırılması, dövlətin hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi nəzərdə tutulur. Dövlətin əksinə dedikdə isə müstəqil ictimai təşkilatlar, kütləvi demokratik ictimai hərəkatlar, kütləvi informasiya vasitələri timsalında konstitusiya çərçivəsində dövlətə qarşı balanslaşdırıcı güc mərkəzinin yaradılması nəzərdə tutulur.
Vətəndaş cəmiyyətinin həyati fəaliyyətinin başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır. Mülkiyyət sahibi olmaq vətəndaş cəmiyyətində şəxsiyyət azadlığının əsas, təməl şərtidir. Vətəndaş cəmiyyətinin uğurlu fəaliyyətinin daha bir mühüm şərti cəmiyyətdə müxtəlif qrupların və təbəqələrin mənafelərini bütün zənginliyi və çoxcəhətliliyilə əks etdirən inkişaf etmiş, çoxcəhətli sosial strukturun mövcud olmasıdır. Sosial strukturun dağınıqlığı şəraitində individ dövlətdən birbaşa asılı olur ki, bu da onun öz şəxsi hüquq və azadlıqlarını reallaşdırmaq imkanını xeyli məhdudlaşdırır.
Vətəndaş cəmiyyətinin fəaliyyətinin növbəti şərti şəxsiyyətin sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının, habelə bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. Bu şərt cəmiyyətin uzunmüddətli tədrici və inqilabi inkişafı nəticəsində ödənilərək reallaşır. Yaxşı inkişaf etmiş cəmiyyət strukturunu qısa müddət ərzində yaratmaq olmaz, bu, obyektiv prosesdir. Qısamüddətli kampaniya vasitəsilə hər kəsin canındakı kölə psixologiyasını kökündən bir anda qoparıb atmaq mümkün iş deyil - kölə təkcə yarınmağa çalışan yox, həm də bu yarınmanı qəbul edəndir.
Vətəndaş cəmiyyəti konsepsiyası istənilən halda dövlət strukturlarından kənarda duran bütün təşkilatları və birlikləri ehtiva edir. Politologiyada bunlar maraqlar üzrə yaradılan birliklər adlandırılır. Sosial-siyasi oriyentasiyalı qeyri-hökumət təşkilatları ilə birlikdə buraya həmkarlar ittifaqları, ticarət palataları, peşə kollegiyaları və sindikatları, etnik assosiasiyalar və siyasi partiyalar daxildir. Sosial-siyasi proqramları və məqsədləri olmayan birliklərin geniş spektri də vətəndaş cəmiyyətindən kənar deyildir - tələbə, idman və mədəniyyət cəmiyyətləri də bu cəmiyyətin seqmentləri sayılırlar.
İnkişaf etməkdə olan ölkələrdə qeyri-hökumət təşkilatları hökumətə səhihləşdirici təsirlər göstərməklə və siyasətçilərə xüsusi məsələlərə dair məsləhətlər verməklə heç də az əhəmiyyətli rol oynamırlar. Vətəndaş cəmiyyətinin daha ənənəvi seqmentlərinin xüsusi çəkisi qeyri-hökumət təşkilatlarının xüsusi çəkisindən dəfələrlə artıqdır. Kilsə, həmkarlar ittifaqları, palatalar, idman klubları və s. kimi maraqlar üzrə qurulan birliklər qeyri-hökumət təşkilatlarından fərqli olaraq, geniş üzv bazasına, ölkədaxili maliyyə mənbələrinə malikdirlər. "İctimai rifah" uğrunda mübarizə aparan qeyri-hökumət təşkilatları isə yağışdan sonra çıxan göbələk kimi artsalar da, öz kadrlarını çevik elita fəallarının son dərəcə dar qrupundan seçib götürürlər. Və bu səbəbdən də fəaliyyətlərini maliyyələşdirməkdə onlar daha çox xarici sponsorlardan asılı olurlar.
Müasir demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti tədricən dövlətlə şəxsiyyət arasında bir növ vasitəçi, əlaqələndirici kimi çıxış etməyə başlamışdır. Vətəndaş cəmiyyətinin yüksək inkişaf etdiyi Qərb ölkələrində, xüsusilə ABŞ-da onun mexanizmləri dövlətlə daha sıx təmasda fəaliyyət göstərir. Məhz onların bu yaxınlığı müxtəlif şəxslərə öz mənafelərini daha dolğun reallaşdırmaq üçün imkanlar yaradır. Onlar tam hüquqlu subyekt kimi dövlətlə qarşılıqlı münasibətlərə daxil olurlar. Bunun nəticəsində isə bir tərəfdən şəxsiyyətin inkişafı üçün şərait yaranır, digər tərəfdən isə ölkədə dövlət hakimiyyətinin, bütövlükdə götürdükdə isə siyasi sistemin sabitliyi artır.
Vətəndaş cəmiyyəti şəxsiyyətin inkişafı, onun siyasi, iqtisadi, sosial və mənəvi cəhətdən formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Hüquqi dövlət və vətəndaş cəmiyyətini səciyyələndirən keyfiyyətlərin şəxsiyyətə təsirinin mühüm cəhətlərindən biri də dəyərlər sisteminin yenidən mənalandırılması və dəyərlər oriyentasiyasının dəyişdirilməsidir. Hər bir cəmiyyətdə müəyyən dəyərlər sistemi mövcud olur və bu dəyərlər sistemi əhalinin, ayrı-ayrı fərdlərin davranış və hərəkətlərinin nizama salınmasında mühüm rol oynayır. Xüsusən də fundamental xarakterli dəyərlər ictimai həyatın bütün sferalarına dərindən nüfuz edir. İnsanların iqtisadi sahədəki fəaliyyəti, siyasi fəallığı və mənəvi həyatı bir çox cəhətdən məhz onlardan asılı olur. Şəxsiyyətin demək olar ki, bütün həyat fəaliyyəti həmin dəyərlər sisteminin əsasında qurulur. Dəyərlərin rolu bununla məhdudlaşmır, onlar ictimai şüurun müxtəlif kanalları, adət-ənənələr vasitəsilə nəsildən-nəsilə ötürülür və inkişaf etdirilir.
Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə təsir edir və bununla bərabər o, vətəndaş cəmiyyəti tərəfindən əks-təsirə məruz qalır. Məsələn, dövlətin qanunvericilik fəaliyyəti, xalqın nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə gəlmək olar ki, dövlət mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının normal və səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları həyata keçir.
İnsanların dövlətlə
siyasi-hüquqi bağlılığını əks etdirən
vətəndaşlıq institutunun olması o demək deyildir
ki, belə əlaqələrin mövcud olduğu hər bir
yerdə inkişaf etmiş vətəndaş cəmiyyəti
mövcuddur. Üzvləri vətəndaşlıq statusuna
malik olan bütün cəmiyyətləri vətəndaş
cəmiyyəti səviyyəsinə yetişmiş cəmiyyət
hesab etmək düzgün deyil. XX əsrin ən güclü
totalitar dövlətlərindən olan SSRİ-də də vətəndaşlıq
institutu mövcud olmasına baxmayaraq vətəndaş cəmiyyətinin
inkişaf etməsi mümkün deyildi. Bu
ölkədə vətəndaş tam şəkildə
dövlətdən asılı vəziyyətdə idi, vətəndaşlar
dövlətdən asılı olmayan, müstəqil və
könüllü birliklər yarada bilməzdilər.
İnsanların kiçik yaşlarından ahıllıq
dövrünə qədər daxil olduqları
bütün birliklər tamamilə dövlətin nəzarəti
altında idi.
Totalitar
imperiyanın dağılması ilə bir arada dövlət
müstəqilliyinə qovuşmuş Azərbaycan
Respublikası da hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunu prioritet inkişaf yolu kimi
seçmişdir. Xüsusən də 1993-cü ilin iyununda ulu
öndər Heydər Əliyevin xalqın tələbi ilə
Azərbaycanda siyasi hakimiyyətə qayıdışından
sonra respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun və
hüquq qaydalarının bərpası istiqamətində
kompleks tədbirlərin həyata keçirilməsi prosesi
geniş vüsət almışdır. "Biz Azərbaycanda
demokratik respublika, vətəndaş cəmiyyəti quraraq,
sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə
apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin
hamısından istifadə etməliyik. Biz
çalışmalıyıq ki, Azərbaycan uzun illərdən
sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra
bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini
nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan
xalqının bu barədə həm tarixi, həm müasir
potensialı olduqca böyükdür. Bunların
hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil
dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam
demokratik, hüquqi, ümumbəşəri dəyərlərin
əsasında qurulan demokratik bir cəmiyyət
olacaqdır" - deyən ümummilli lider Azərbaycanın
perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək
sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsi,
demokratik dəyərlərin daha da möhkəmlənməsi,
insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatı naminə daim
əzmkar fəaliyyət göstərmişdir. Heydər Əliyev
hüquqi dövlət quruculuğu istiqamətində
ardıcıl, məqsədyönlü və konkret strategiyaya
əsaslanan islahatların həyata keçirilməsini
böyük müdrikliklə təmin etmişdir. Böyük
strateq Heydər Əliyev cəmiyyətin sivil
inkişafını hər bir fərdin maraq və mənafelərinin
etibarlı təminatında görərək bunun
üçün bütün zəruri tədbirləri əzmlə
həyata keçirmişdir.
Tarixi
təcrübə sübut edir ki, demokratikləşmə
prosesinin sürətlənməsi təkcə iqtisadi
inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin,
hüquq qaydalarının, qanunçuluğun gücləndirilməsi,
bir sözlə, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna yönəlmiş islahatların
dərinləşdirilməsi ilə şərtlənir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti" əsərində bu məqama
toxunaraq xüsusi vurğulayır ki, respublikamız 10 ildən
artıq müddətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən
islahatları uğurla gerçəkləşdirmişdir. Azərbaycanda
demokratikləşmə prosesi müəyyən yol
keçmiş, respublikamız bu dövrün bir sıra
sınaqlarından uğurla çıxaraq keçid
dövrünün son mərhələsinə adlamışdır.
Müəllifin fikrincə, sosial-iqtisadi inkişafın keyfiyyətcə
yeni mərhələsinin bir sıra gerçəklikləri
fonunda iqtidar da ölkəni artıq yeni metodlarla idarə
edir.
Prezident
İlham Əliyevin prezidentliyinin mühüm istiqamətlərindən
biri də güclü iqtisadi sistemin yaradılmasından ibarət
olmuşdur. İqtisadi sistemin sabitliyi labüd surətdə
ictimai şüurun daha geniş demokratikləşməsinə
geniş imkanlar açmışdır. İqtisadi tədbirlər
kompleksinin həyata keçirilməsi əhalinin
alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların
maliyyə imkanlarının artmasına şərait
yaratmışdır. Ölkənin iqtisadi cəhətdən
güclənməsi, insanların maddi rifahının təmin
edilməsi vasitəsilə cəmiyyətin mərhələli
demokratikləşməsindən və keçid
demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya
olunmuş məkana transformasiyası barədə
danışmaq olar. ÜDM-in yüksək artımı öz
növbəsində insan və şəxsiyyətin
azadlığına, demokratik dəyişikliklərin mahiyyətinin
dərk olunmasına, səmərəli təşəbbüslərin
artmasına zəmin yaradır. Təsadüfi deyildir ki, son illərdə
dövlətin ictimai-siyasi inkişafının əsas
oriyentiri yalnız demokratik təsisatların və ənənələrin
möhkəm sisteminin formalaşmasına yönəlmişdir.
Məhz bütün bunları nəzərə alan akademik
Ramiz Mehdiyev yazır ki, hazırkı mərhələdə
ölkə iqtidarı da demokratik dəyişikliklərin daha
sürətlə həyata keçirilməsi vacibliyini dərk
edir: "Bir şeyi başa düşmək vacibdir ki,
demokratiya təkcə müəyyən olunmuş gündə
səsvermə qutularına yaxınlaşıb səs verməkdən
ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının
bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi,
cəmiyyət daxilində onun üzvləri arasında
qarşılıqlı əlaqənin formasıdır. Bu
proses dövlətin tənəzzülünə deyil, onun
güclənməsinə və inkişafına imkan
yaradır. Biz iqtidar olaraq bu həqiqətləri aydın
başa düşürük. Dərk edirik ki, siyasi məkanın
daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik
ki, demokratik inkişafımızın daha mükəmməl və
davamlı olması üçün daha da irəli getməliyik.
Son illərdə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin
bütöv bir kompleksi həyata keçirilmişdir".
Müstəqil
Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin
əsas istiqamətlərindən biri məhz vətəndaş
cəmiyyəti institutlarının inkişaf etdirilməsidir.
Bu istiqamətdə mühüm addımlardan biri də
"üçüncü sektor"un - qeyri-hökumət təşkilatlarının
formalaşması və inkişafı üçün
münbit şəraitin təmin olunmasıdır. Sivil
dövlətin vacib atributlarından biri kimi qeyri-hökumət
təşkilatlarının (QHT) genişmiqyaslı fəaliyyəti
Azərbaycan cəmiyyəti üçün də vacibdir.
Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətiinin
əsas institutlarından biridir. Hazırda ölkəmizin
sürətli iqtisadi və siyasi inkişafı vətəndaş
cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində,
qeyri-hökumət təşkilatlarını dəstəkləmək
və inkişaf etdirmək sahəsində dövlətin
imkanlarını genişləndirir.
"Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" qanuna əsasən, ictimai birlik - təsis sənədlərində
müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş bir neçə
fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü, özünüidarəedən,
öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə
etməyi nəzərdə tutmayan və əldə edilən
gəliri öz üzvləri arasında bölməyən
qeyri-hökumət təşkilatıdır. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə qadağan olunmamış
məqsədlər üçün yaradıla və fəaliyyət
göstərə bilər.
Azərbaycan
Prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixdə
imzaladığı "Azərbaycan Respublikasının
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam
dövlətlə qeyri-hökumət sektoru arasındakı əməkdaşlığın
inkişafı, vətəndaş cəmiyyəti quruculuğu
işlərinin daha da sürətləndirilməsi,
üçüncü sektorun fəaliyyətini dəstəkləmək
sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi
istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir.
Sənəddə qeyri-hökumət təşkilatlarının
meydana gəlməsi və inkişafı təhlil edilir,
üç mərhələyə ayrılır. Qeyd olunur ki,
1992-1995-ci illəri əhatə edən ilkin mərhələ
qeyri-hökumət təşkilatlarının yaranmasında
sistemliliyin olmaması və pərakəndəliklə
xarakterizə olunur. 1995-ci ildə Azərbaycan Konstitusiyası
qəbul edildikdən sonra isə qeyri-hökumət təşkilatlarının
keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət
növləri üzrə differensasiyası baş verir,
müvafiq qanunvericilik bazası yaradılır. 2000-ci ildə
"Qeyri-hökumət təşkilatları haqqında"
yeni qanun qəbul edilir. Müasir dövrü əhatə edən
üçüncü mərhələdə isə
qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti
quruculuğu və ölkənin demokratikləşdirilməsi
prosesinin vacib institutlarından birinə çevrilir.
Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyası milli maraqların
qorunması, Konstitusiya və qanunlara hörmətin
formalaşdırılması, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
respublikamızın ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq normalara uyğun həlli ilə bağlı Azərbaycanın
mövqeyinin dünyada fəal şəkildə təbliğ
edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin gücləndirilməsini, onlara dövlət
dəstəyi verilməsini nəzərdə tutur. Sənəddə
dövlət və cəmiyyətin inkişafı
üçün əhəmiyyət kəsb edən problemlərin
həllinə qeyri-hökumət təşkilatlarının cəlb
olunması və belə layihələr üzrə onlara məlumat,
metodiki, təşkilati-texniki, maliyyə
yardımlarının göstərilməsi prioritet kimi müəyyən
edilir, Konsepsiya qeyri-hökumət təşkilatlarının
problemlərinin həllinə, onların fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsinə
xidmət etməklə bərabər, həm də ölkədə
vətəndaş cəmiyyətinin inkişafına, demokratik
təsisatların bərqərar olunmasına uğurla xidmət
edir.
2008-ci
ildən başlayaraq bir sıra yerli QHT-lərə dövlət
büdcəsi hesabına qrantların ayrılması da
dövlət səviyyəsində vətəndaş cəmiyyəti
quruculuğu prosesinə göstərilən dəstəyin
bariz təcəssümüdür. Dövlət
üçüncü sektorun inkişafı üçün
qarşısında duran vəzifələri görməklə
yanaşı, onların həyata keçirilməsi istiqamətində
müvafiq addımlar atır. QHT-lərin tərəfdaş
kimi tanınmasını rəsmiləşdirən və
onların Azərbaycanın siyasi sistemində yerini daha da
möhkəmləndirən bu addımlar demokratik
quruluşların ən mühüm atributlarından olan vətəndaş
cəmiyyətinin əsaslarının gücləndirilməsinə
yönəlmişdir. Dövlət
başçısının demokratik siyasi sistemin gücləndirilməsi
istiqamətində atdığı bu addım onun iqtisadi
inkişafa paralel olaraq siyasi islahatların dərinləşdirilməsi
konsepsiyasına uyğundur və onu göstərir ki, bu
konsepsiya real həyatda tətbiq edilməkdədir. İndi Azərbaycan
iqtisadi inkişafının elə bir səviyyəsinə
çatıb ki, bu, dövlətə QHT-lərin fəaliyyətini
stimullaşdırmağa imkan verir. Bununla da Azərbaycan
dövləti özü vətəndaş cəmiyyətinin,
deməli, həm də demokratiyanın qarantı və himayəçisinə
çevrilmək istiqamətində mühüm addımlardan
birini atmışdır.
QHT-lərlə
dövlətin əməkdaşlıq mexanizmi hələ cənab
İlham Əliyevin prezidentliyinin ilk ilində qurulmuşdu. Əfvlə
bağlı işçi qrupuna QHT-lərin nümayəndələri
də daxil edilmişdi və bununla da dövlət strukturu ilə
QHT-lərin birgə qərar qəbuletmə mexanizmi Azərbaycanın
demokratik inkişaf tarixində ilk dəfə tətbiq
edilmişdi. QHT-lərlə tərəfdaşlığın
ikinci mühüm məqamı seçkilərdə QHT-lərin
fəaliyyətinə şərait yaradılması və
2005-ci ilin parlament seçkilərində Prezidentin
imzaladığı sərəncamda "exit-poll"un
keçirilməsi ilə bağlı ayrıca bəndin
olmasıdır. Prezidentin təsdiq
etdiyi QHT-lərə dövlət dəstəyi
Konsepsiyasında dövlətin QHT-lər vasitəsilə
üstünlük verdiyi fəaliyyət istiqamətlərində
Azərbaycanın dünya birliyinə inteqrasiyasının və
beynəlxalq təşkilatlarla və xarici ölkələrdə
fəaliyyət göstərən qeyri-hökumət
qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi
də yer almışdır. Bu da QHT-lər vasitəsilə cəmiyyətin
demokratikləşməsinə yardımın bir forması
sayıla bilər. Ona görə ki, ayrıca
götürülmüş cəmiyyətin demokratikləşməsi
başqa demokratik cəmiyyətlərə inteqrasiya olunmadan
qeyri-mümkündür. QHT-lər alternativ siyasi partiyalar kimi
demokratik, plüralistik siyasi sistemin atributlarından biridir. Konsepsiyaya qədər
dövlət-QHT münasibətləri tədricən
inkişaf etsə də, bu sənədin yaratdığı
situasiya 3-cü sektorla dövlətin münasibətlərində
yeni keyfiyyət mərhələsinin başlanması deməkdir.
Bu o deməkdir ki, dövlət rəsmi olaraq
QHT-ləri tərəfdaş kimi tanıyır və əməkdaşlığı
sabitləşdirmək və daimiləşdirmək niyyətini
təsdiq edir. Bu həm də onun göstəricisidir
ki, Azərbaycan Prezidenti sosial problemlərin, insan hüquq və
azadlıqları, söz, fikir azadlığı ilə
bağlı məsələlərin həllində cəmiyyətin
potensialını hərəkətə gətirmək niyyətindədir.
Cəmiyyətin potensialının hərəkətə
gətirilməsinin təcrübədən keçmiş
mexanizmi isə QHT-lərdir. Bu, liberal
islahatların daha da dərinləşdirilməsində
Prezidentə əlavə ictimai dəstək verilməsi deməkdir.
Ümumiyyətlə, bu gün Azərbaycanda vətəndaş
cəmiyyətinin mövcudluğunu şərtləndirən
bütün seqmentlər normal və ahəngdar şəkildə
fəaliyyət göstərir. Ölkədə
qeyri-hökumət təşkilatları ilə yanaşı,
kütləvi informasiya vasitələrinin, habelə siyasi
partiyaların fəaliyyəti üçün hərtərəfli
imkanlar yaradılmışdır. Cəmiyyətin
hər bir üzvünün hər hansı birlik, ittifaq, dərnək
yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ
ölkə Konstitusiyası və qanunları ilə
tanınır. 18 mart 2009-cu il tarixdə
Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq
referendumu əsasında edilmiş əlavə və dəyişikliklər
isə deməyə əsas verir ki, respublikamız demokratikləşmə
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
həlledici mərhələsinə daxil olaraq qarşıya
qoyduğu hədəflərə doğru inamla irəliləyir.
(ardı var)
Azərbaycan.- 2011.- 23 avqust.- S. 2.