Rusiya Azərbaycanın hüquq sahəsində əldə etdiyi nailiyyətlərə böyük maraq göstərir

 

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edən ən çox sənəd hüquq sahəsində əməkdaşlığı əhatə edir.

Görüşdə nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, eləcə də məhkəmə-hüquq sahəsində uğurla həyata keçirilən islahatlar, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq yeni yaradılmış Rusiya İstintaq Komitəsinin fəaliyyətindən, aparılan islahatlardan danışmışdır. O, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsi, o cümlədən bu il fəaliyyətə başlamış inzibati ədliyyənin və məhkəmə ekspertizasının işi ilə maraqlanmış, ölkələrimiz arasında hüquq sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşmüşdür.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 23 avqust.- S. 3.