Türkiyənin nüfuzlu qəzetlərinin müxbirləri Azərbaycana səfərlə bağlı məqalələr dərc etmişlər

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə qardaş ölkənin nüfuzlu qəzetlərinin ölkəmizdə olmuş müxbirləri dərc etdirdikləri məqalələrdə öz təəssüratlarını oxucuları ilə bölüşmüşlər.

Nüfuzlu "Zaman" qəzetinin "Tək dostumuz Türkiyə" başlıqlı məqaləsində Azərbaycan Baş nazirinin müavini Əli Həsənovun ölkəmizin mürəkkəb coğrafi məkanda yerləşdiyini və yeganə əsl dostunun isə Türkiyə olduğunu söylədiyi vurğulanır. Məqalədə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe nümayiş etdirdiyi üçün qardaş ölkəyə minnətdardır. Qərbin bu münaqişənin həlli istiqamətində tərəddüdləri isə Türkiyəni qane etmir.

Azərbaycan dövlətinin digər rəsmisi - Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da qardaş ölkəmizin Türkiyə ilə əlaqələrə əhəmiyyət verməsini, xüsusilə mətbuat nümayəndələri arasında əməkdaşlığın möhkəmlənməsinin zəruriliyini söyləməsi də məqalədə qeyd olunmuşdur.

İngiliscə nəşr olunan "Daily News", "Radikal" qəzetlərindəki məqalələrdə ölkəmizdə iqtisadi inkişaf, neft strategiyası, paytaxt Bakıda abadlıq və quruculuq işləri barədə geniş söhbət açılmışdır.

"Todays Zaman" qəzeti də Türkiyə jurnalistlərinin səfəri zamanı dövlət və hökumət rəsmiləri ilə, məcburi köçkünlərlə görüşündən ətraflı bəhs edən məqalə dərc etmişdir. Məqalədə 12 yaşlı  azərbaycanlı qız Aytacın erməni işğalı altında olan Füzuli rayonunu yalnız valideynlərinin çəkdirdikləri şəkillərdə gördüyü, 1 milyon qaçqın və məcburi köçkündən biri olan bu qızcığazın və həmyaşıdlarının Azərbaycan dövlətinin xüsusi qayğısı nəticəsində normal həyata döndükləri bildirilir. Hazırda onlar üçün ölkəmizdə 67 müasir tipli qəsəbə salındığı, 100 minə yaxın insanın evlə təmin olunduğu, hələ 400 minə yaxın məcburi köçkünün də mənzilə ehtiyacı olduğu qeyd edilir. O da vurğulanır ki, dövlətimiz qaçqın və köçkünlərin həyat şəraitinin normal məcraya düşməsi üçün 6,4 milyard dollar vəsait xərcləmişdir. Məqalədə türk "Qızıl Ay" təşkilatının da vaxtilə öz yurd-yuvalarını tərk etmiş azərbaycanlılar üçün çadır şəhərciyi qurduğu da xatırladılır.

"Yeni Çağ", "Haber Türk" və "Hürriyyət" qəzetlərində dərc olunmuş məqalələrdə də Türkiyə jurnalistlərinin Azərbaycan haqqında təəssüratları yer almışdır. Baş nazirin müavini Əli Həsənovun bütün dünyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini bildiyi, münaqişənin həll olunmamasının nə Türkiyə, nə Avropa, nə də işğalçı Ermənistanın xeyrinə olmadığını vurğuladığı qeyd olunur. 

Türkiyəli jurnalistlər cəbhə bölgəsindəki real vəziyyət, azyaşlı uşaqların və dinc vətəndaşların ermənilər tərəfindən qətlə yetirilməsindən də bəhs etmişlər.

 

 

Azərbaycan.- 2011.- 23 avqust.- S.  3.