Zəmanəmizin
görkəmli rəssamı Tahir Salahov Avropa Elm və İncəsənət
Akademiyasının həqiqi üzvü seçilmişdir
Dünya şöhrətli sənətkar, Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) incəsənət bölməsi üzrə həqiqi üzv seçilmişdir. Bu qərar AEİA senatının iclasında Akademiyanın nominasiyalar üzrə komitəsi tərəfindən qəbul edilmişdir.
Avropa Elm və İncəsənət Akademiyasından AzərTAc-a verilən məlumata görə, 2012-ci il martın 13-də təntənəli plenar iclas keçiriləcəkdir. Böyük sənətkara bu Akademiyanın üzvlük şəhadətnaməsinin həmin iclasda təqdim edilməsi planlaşdırılır.
Xatırladaq ki, hazırda Avropa Elm və İncəsənət Akademiyasının 1400-dən çox üzvü vardır. Onun ən məşhur üzvləri Roma Papası XVI Benedikt və 28 nəfər Nobel mükafatı laureatıdır. Akademiya Avropada fəaliyyət göstərən transmilli fənlərarası təşkilatdır.
Avropa Elm və İncəsənət
Akademiyası yeddi bölmədən ibarətdir: humanitar elmlər,
tibb elmləri, incəsənət, təbiət elmləri,
sosial elmlər (hüquq və iqtisadiyyat da daxil olmaqla), texniki
elmlər (ətraf mühitin mühafizəsi də daxil
olmaqla) və dünya dinləri bölmələri.
Bütün bu bölmələrdə müxtəlif layihələr
həyata keçirilir, seminarlar və simpoziumlar təşkil
edilir.
Azərbaycan.- 2011.- 23 avqust.- S. 3.