Terrorçuluq bəşəriyyəti
təhdid edən qlobal problemdir
Biz terrorizmin bütün formalarını qətiyyətlə
pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə
qarşı mübarizə ancaq o təqdirdə səmərə
verə bilər ki, bütün dövlətlər öz səylərini
birləşdirsinlər.
İlham ƏLİYEV
Terrorizmin və onu
doğuran səbəblərin aradan qaldırılması,
insanlığa qarşı yönəlmiş bu dəhşətli
cinayət əməlinə dünya dövlətlərinin
ümumi müqavimətinin təşkil edilməsi müasir
qloballaşma əsrində bəşəriyyət
qarşısında həlli vacib, aktual məsələlərdən
biri olaraq qalır. Hazırda terrorizm
bütövlükdə dinc yaşamağın başlıca
təhlükəsinə çevrilməklə, insan
hüquqları sisteminə və sivilizasiyaya ən ciddi və
qlobal təhdiddir. Dağıdıcı və
ölçüyəgəlməz xarakteri ilə sərhəd
tanımayan, ciddi sosial, siyasi, psixoloji təsirlər doğuran
bu dəhşətli terror cinayəti həm də iqtisadi tərəqqi
və inkişafın qarşısını alır.
Dərrakəli insan formalaşandan onun daxilində xeyirlə
şərin amansız, sonu görünməyən mübarizəsi
yaşanır, bu mübarizə onu əsrlərlə
müşayiət edərək bəzən də mənəviyyata
sığmayan fitnəkar, qəddar əməllərə
sürükləyir. Böyük tarixi "inkişaf yolu"
keçmiş zorakılıq və terrorun ən qədim və
"qabarıq" təzahürləri, hətta ibtidai icma və
quldarlıq dövrünə gedib çıxır. Fərqli ictimai-iqtisadi formasiyalarda insanlar sərvətə,
taxt-taca, ərazilərə yiyələnmək, müəyyən
məkrli məqsədləri həyata keçirmək, qisas
almaq ehtirası ilə misli görünməmiş qəddarlıqlara,
işgəncələrə, hətta terrora əl
atmışlar. İnsanlığa və mənəviyyata
zidd olan, sivil dünyanın təhlükəsizlik arxitekturasını
sarsıdan bu əməllər bəzən məqsədə
yetişməyin ən məqbul yolu kimi nəzərdən
keçirilmişdir.
Siyasi mübarizədə təhlükəli
"silah"
Müasir dövrdə insanlıq üçün qlobal
təhlükə olan, sülhü açıq şəkildə
təhdid edən, sivil birgəyaşayış qaydaları ilə
bir araya sığmayan ciddi problemlərdən biri də
terrorçuluqdur. Yetkin insan cəmiyyəti formalaşandan
dövlətləri narahat edən, onları qorxu, təşviş
içində saxlayan, ictimai təhlükə yaradan əsas
problem bu dəhşətli bəla ilə bağlı
olmuşdur. Terrorçuluq qədim tarixi
keçmişə malikdir. O şəhər-dövlətlərin
yarandığı antik dövrlərdən siyasi, dini,
ideoloji, iqtisadi və s. mahiyyətli merkantil maraqların həyata
keçirilməsində çirkin vasitəyə
çevrilmiş, hətta bəzi dövlətlər tərəfindən
dəstək almışdır. Latın sözü olub,
"dəhşət", "qorxu" mənasını
verən "terror aktı" anlayışı tarixən
"Şəxsi və siyasi məqsədlər naminə
zorakılıq və təhdid hallarından sistemli olaraq
istifadə olunması" şəklində formulə
edilmişdir. V.Mallison "Beynəlxalq terrorizm və
ümumdunya təhlükəsizliyi" kitabında terror
aktlarından siyasi məqsədlərin reallaşması
üçün geniş istifadə olunduğunu xüsusi
önə çəkərək yazır: "Terrorizm daha
geniş və qeyri-müəyyən anlayışı əhatə
edir. Zorakılıqla hədələmə,
individual zorakılıq aktları, kütləvi
zorakılıq və sair hərəkətlərin ilkin hədəfi
tədricən qorxu təlqin etmək və kütləni qorxu
vəziyyətində saxlamaqdır".
İnsanları terror təşkilatına cəlb etmək
üçün bir qayda olaraq "yüksək amallara
söykənən motivlərdən" istifadə olunur. Əsasən
də şüurları tam yetkinləşməmiş gənclər
radikal milli, sosial və dini ideyalara daha tez uyurlar. Gənclərin terror fəaliyyətinə cəlb
olunması bir qayda olaraq totalitar (hər şeyin rəhbərdən
asılı olduğu), dini və ideoloji sektalar vasitəsilə
həyata keçirilir. İntensiv təlimlər
keçən, xüsusi hazırlanmış psixoloji təzyiq
metodlarına məruz qalan terror təşkilatı üzvlərinin
uzun müddət konspirativ həyat tərzi keçirməsi
xüsusi mühitin yaranmasına gətirib
çıxarır. Bu, elmi ədəbiyyatda
"terror mühiti" adlandırılır. Terror mühiti özündə aparılan təlimlər
əsasında formalaşmış xüsusi şüura malik
insanları birləşdirir.
Hələ eramızın birinci əsrində
romalılarla əməkdaşlıq edərək yəhudi
zadəganlarını məhv edən sekarilər adlı sekta
fəaliyyət göstərirdi. Antik dövrün
böyük mütəfəkkirlərindən olan Foma Aktiviya
və xristian kilsəsinin rahibləri xalqa qənim kəsilən
hökmdar və başçıların öldürülməsi
ideyasını irəli sürürdülər. Orta əsrlərdə müsəlman
sektasının təmsilçiləri olan assofaşinlər
isə xəlifələrə və prefektlərə qənim
kəsilmişdilər. Həmin dövrlərdə siyasi
terror, həmçinin, Hindistanın, Çinin, eləcə də
müasir İranın və Əfqanıstanın ərazilərində
fəaliyyət göstərən bəzi gizli təşkilatlar
tərəfindən təcrübədən keçirilirdi.
1948-ci ildə
alman radikalı Karl Heynçgen sübut etməyə
çalışırdı ki, siyasi mübarizədə qəddar
üsullara, qətlə qadağa qoyulması
insanlığın ali maraqları
baxımından düzgün deyildir. O, müasir terrorizmin əsas
nəzəriyyəçi-ideoloqlarından sayılır. XIX əsrin sonlarında ABŞ və Avropada
terrorçuluğun xüsusi rolunu önə çəkənlərdən
biri də İohan Most idi. O hesab edirdi ki, varvar siyasi
sistemə qarşı yalnız varvar üsullarla mübarizə
aparmaq olar. XIX əsrin ikinci yarısında
terrorçuluq ictimai həyatın dəyişməz amili
olaraq qalırdı. Onun təmsilçiləri
isə İrlandiya, Makedoniya, Serbiyadakı rus
xalqçıları və millətçi radikallar,
Fransadakı anarxistlər, həmçinin İtaliya,
İspaniya və ABŞ-dakı analoji mürtəce hərəkatlar
idi.
Birinci Dünya müharibəsinə qədər terrorizm
solçuların mübarizə aləti sayılırdı. Müharibədən
sonra isə terror həm də sağların mübarizə silahına
çevrildi.
Ümumiyyətlə, XX əsrdə terror vasitələrindən
siyasi mübarizə aləti kimi istifadə nəzərəçarpacaq
dərəcədə genişlənmiş, dövlət səviyyəsində
dəstək almışdır. Terrorçuluq
özünün qlobal təzahür formalaları, miqyası və
gözlənilməz nəticələri ilə XXI əsrdə
də başlıca ictimai-siyasi və mənəvi problemlərdən
biri olaraq qalır. Aktiv terror fəaliyyətinin
episentri illər ötdükcə Latın Amerikasından
Yaponiyaya, Yaxın Şərqə, Cənub-Şərqi Asiya
regionuna, Avropa, Afrika və Amerika qitəsinə
keçmişdir. Strateji təhlillərin
analizi dünyada terrorun müxtəlif forma və tiplərinin
artması tendensiyasını göstərir. İndi
terrorçu təşkilatların başlıca hədəfləri
yalnız sabitliyin, əmin-amanlığın pozulmasına və
ya hansısa perspektivli, eləcə də qısamüddətli
planların həyata keçirilməsinə yönəlməmiş,
mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə
- hakimiyyətin ələ keçirilməsinə, onun yenidən
bölüşdürülməsinə, müstəqil
dövlətlərin ərazilərinin qəsb olunmasına,
separatizmin genişləndirilməsinə, dini, irqi, etnik, siyasi
münaqişələrin gücləndirilməsinə və
s. istiqamətlənmişdir.
Müasir cəmiyyətlər terrorizmin
qloballaşması və milliləşməsi kimi danılmaz
gerçəkliklə üz-üzə qalmışlar. Məhz buna
görə də terrorçuluğa qarşı səmərəli
mübarizənin təşkili, terrorçu qrupların
vaxtında ifşa edilərək zərərsizləşdirilməsi,
ümumilikdə bu sosial bəlanı doğuran amillərin
preventiv tədbirlərlə vaxtında aradan
qaldırılması məsələləri, bütün
dövrlərdə olduğu kimi, bu gün də bəşəriyyəti
dərindən düşündürür. Eyni zamanda terrora qarşı dünya dövlətlərinin
səylərinin birləşdirilməsi, bu sahədə fəaliyyətin
əlaqələndirilməsi qloballaşma dövrünün
qaçılmaz reallıqları kimi meydana
çıxmışdır. Müasir
dövrdə terrorçular bəşəriyyətin
elmi-texniki inkişafının ən son nailiyyətlərindən,
yeniliklərindən bəhrələnir, çirkin məqsədlərini
ən ağlasığmaz üsul və vasitələrlə
gerçəkləşdirməyə
çalışırlar. Məhz bu
baxımdan beynəlxalq terrorçuluğa qarşı
mübarizə vasitələrinin təkmilləşdirilməsi,
bu sahədə özünü göstərən ikili
standartların aradan qaldırılması qarşıda duran
başlıca vəzifələrdən biridir.
Beynəlxalq terrorçuluğa qarşı bəşəri
miqyasda mükəmməl qanunvericilik sisteminin
yaradılmasına hələ ötən əsrin 30-cu illərindən
başlanılmışdır. Həmin
konvensiyaların böyük əksəriyyəti dövlətlərin
beynəlxalq terrorçuluqla birgə mübarizə
aparmasını və fəaliyyətlərini əlaqələndirmələrini
nəzərdə tutur. Bu baxımdan 1937-ci il tarixli
"Terrorizmə qarşı" Cenevrə
Konvensiyasını, "Terrorçuluğun
qarşısının alınması və cəzalandırılması
haqqında" Vaşinqton Konvensiyasını, "Terrorizmin
qarşısının alınması haqqında" Avropa
Konvensiyasını, 1970-ci il tarixli "Hava nəqliyyatının
qanunsuz zəbtinə qarşı mübarizə
haqqında", 1971-ci il tarixli "Mülki aviasiyanın təhlükəsizliyinə
qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə
haqqında", 1973-cü il tarixli "Beynəlxalq müdafiədən
istifadə edən şəxslərə, o cümlədən
diplomatik agentlərə qarşı cinayətlərin
qarşısının alınması və cəzalandırılması
haqqında", 1979-cu il tarixli "Girovların
götürülməsi ilə mübarizə
haqqında", 1997-ci il tarixli "Bomba terrorizmi ilə
mübarizə haqqında" beynəlxalq konvensiyaları və
digər beynəlxalq sazişlərin strateji əhəmiyyətini
xüsusi vurğulamaq lazımdır. Bundan əlavə,
terrorla bağlı BMT, ATƏT, Avropa Şurası, İKT və
MDB çərçivəsində də bir sıra
mühüm sənədlər, razılaşmalar əldə
olunmuşdur.
İslam hər cür
zorakılığın əleyhinədir
Müasir dövrdə terrorçuluq cinayəti xarakterinə
görə millətçi, etnik, anarxist, dini, ideoloji və
digər növlərə bölünür. Bu,
terrorçuluğa rəvac verən, daha dəqiqi, onun törədilməsinə
bəhanə olan "səbəblər"in də müxtəlif
olduğunu göstərir. Terrorçu
qruplaşmalar makiavelistcəsinə - "Məqsəd vasitəyə
haqq qazandırır" prinsipindən çıxış
edir, öz hərəkətlərini bəzi hallarda dünyada
cərəyan edən ikili standartlarla əlaqələndirməyə
çalışırlar. Son dövrlərin təcrübəsi
göstərir ki, zorakılığı siyasi mübarizə
üsulu seçən terrorçu qruplaşmalar, əsasən,
din amilindən bəhrələnməyə
çalışır, sivilizasiyalararası toqquşma və
ziddiyyətlər yaratmaqla məkrli niyyətlərini
reallaşdırmaq istəyirlər. Bəzi
hallarda isə konkret məkanda dini ədavət meyillərinin
süni surətdə qızışdırılması,
ayrı-ayrı dinlərə qarşı kampaniyanın
aparılması son nəticədə kütlə arasında
dini-anarxist meyillərin güclənməsinə rəvac
verir.
Bu il iyulun 22-də Norveçdə 90-a yaxın
dinc insanın ölümü ilə nəticələnən
məlum terror aktı Avropada antiislam kampaniyasının yenidən
gücləndiyini, bu coğrafi arealda müsəlmanlara
qarşı tolerant olmayan münasibətin hökm
sürdüyünü bir daha təsdiqləyir. Həmin
gün onlarla insanın qətli ilə bağlı həbs
edilən Anders Breyvikin islam dini və
ümumən müsəlman mühacirlər əleyhinə sərt
mövqedə dayanan xristian fundamentalisti olduğu üzə
çıxdı. O, dini ekstremist ideyalarla dolu olan 630 səhifəlik
kitabında ("Avropa müstəqillik deklarasiyası",
London, 2011) Qərbi Avropanın islam
müstəmləkəçiliyinə məruz
qaldığını söyləyir və tərəfdarlarını
anticihad tədbirlərin görülməsinə
çağırır. Terrorçu fəhlə
partiyasının üzvü və milli sosializmin tərəfdarı
idi. Avropanın ən firavan və dinc ölkələrindən
birində baş vermiş bu dəşhətli faciə yeni
postsosialist dövlətlərinə "demokratiya
ixracı"na çalışan bəzi Qərb ölkələrində
"islamafobiya" meyillərini qabarıq şəkildə təzahür
etdirir.
Aşkar
görünür ki, bir neçə il əvvəl
Məhəmməd Peyğəmbərin (s.ə.ə) müsəlmanların
heysiyyətinə toxunan karikaturasının çəkilməsi,
başlanan sivilizasiyalararası qarşıdurma meyilləri
yenidən güclənir. Bu həm də
sözügedən coğrafiyada milli kökə qayıtmaq
adı altında, əslində, qatı millətçilik
ovqatının genişlənməsinə işarədir.
Bir qayda olaraq islam dininin, müsəlmanların
terrorla əlaqələndirilməsi də daha çox
etnik-dini ziddiyyətlərin təzahürü kimi
özünü göstərir. Hələ 2001-ci ilin məlum
11 sentyabr hadisələrindən sonra sivilizasiyalararası
qarşıdurma yaratmaq istəyən bəzi dövlətlər
islamı guya "terrorçuluğa zəmin yaradan" din
kimi qələmə verməyə çalışsalar da,
mütərəqqi dünya bu yanaşmanı əsassız və
təhlükəli sayaraq qəbul etmədi. Şübhəsiz,
heç bir səmavi din terror aktlarına, zorakılığa
haqq qazandırmır. Bu baxımdan,
terrorçuların fəaliyyətini hansısa dinlə əlaqələndirmək
də kökündən yanlışdır. İslam dininin terrora qarşı olduğunu isə
xüsusi vurğulamağa ehtiyac yoxdur. İslam əxlaqı
zorakılığı və işgəncəni humanizm,
insanpərvərlik, mərhəmət kimi ali dəyərlərə
zidd olan qeyri-əxlaqi davranış norması kimi dəyərləndirir.
Eyni zamanda səmavi dinlər arasında kəskin
ziddiyyət və toqquşmalar yaratmadan zordan
qaçmağı, insanlara qarşı xoş rəftar etməyi,
gözəl danışmağı, yaxşılıq etməyi
təlqin edir. Müqəddəs "Qurani-Kərim"in
"Qəsəs" surəsində buyrulur: "...Allah sənə
yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə
cəhd göstərmə!". İslam dini nəinki insanlarla, ümumən
bütün canlılarla da mülayim rəftar etməyi əmr
edərək, zülmdən, işgəncədən, zordan
istifadəni qadağan edir.
Norveçdəki terror aktı göstərmişdir ki,
bəzi hallarda terrora rəvac verən başlıca amillərdən
biri də milli-etnik və dini tolerantlığın lazımi
səviyyədə inkişaf etməməsidir. Əslində,
bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi
ilə deyil, həm də ayrı-ayrı millətlərin,
xalqların milli yaşam tərzi, psixologiyası ilə
bağlıdır. Qloballaşma meyilləri
gücləndikcə bəzi Avropa dövlətlərində
milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar
aqressivliklə müşayiət olunur. Dövlətlər
səviyyəsində islamın və müsəlmanların
sıxışdırılmasına yönələn cəhdlər
son nəticədə "daha çox tolerant olmaq"
şüarı ilə çıxış edən Avropada
dözümsüzlük əhval-ruhiyyəsini gücləndirir.
Bunun nəticəsidir ki, son zamanlar müsəlman
mühacirlərin kütləvi şəkildə Avropadan
çıxarılmasına açıq
çağırışlar artır. Bu
çağırışların həm də
"islamafobiya" və terror cəhdləri ilə
müşayiət olunması özlüyündə çox
ciddi təhlükələrdən xəbər verir. Aşkar görünür ki, müəyyən
qüvvələr, əsasən də terrorçu təşkilatlar
islamın terrorla əlaqələndirilməsində və bu
yolla sivilizasiyalar arasında toqquşmaların dərinləşməsində
maraqlıdır. Halbuki, bu gün xristianlığa,
buddistliyə və s. dini sektalara etiqad göstərən
terrorçu qruplaşmaların sayı daha çoxluq təşkil
edir.
Norveçdəki terror aktı, əslində, bu gün
Avropanın özünün bəzi postsosialist dövlətlərdən
tolerantlıq örnəyi götürməsinə ehtiyac
olduğunu göstərir. Azərbaycanda milli və etnik tolerantlıq
baxımından mövcud vəziyyəti xüsusi
vurğulamaq lazımdır. Tolerantlıq
mühiti həm də dövlət siyasətinin mahiyyəti
ilə sıx şəkildə bağlıdır. 1995-ci ildə ölkəmizdə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir vətəndaşın
vicdan azadlığı birmənalı təsbit edilmişdir.
Ölkədə dini-etnik münasibətləri
tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi
müxtəlif dini icmaların qanunla müəyyənləşmiş
qaydada fəaliyyətinə geniş imkanlar açır.
Dünyəvi və demokratik dövlət
modelini qəbul etməsinə rəğmən respublikada
heç zaman insanların dini inanclarının, habelə
vicdan azadlığının əleyhinə addım
atılmamışdır. Azərbaycanda
yüksək dini tolerantlığın hökm sürməsi
dəfələrlə ABŞ Dövlət Departamenti, BMT və
Avropa Şurasının, ATƏT-in hesabatlarında əksini
tapmışdır. Həmin təşkilatların
etirafına görə, respublikamızdakı dövlət-dini
konfessiyalar münasibətləri, habelə ənənəvi
və qeyri-ənənəvi dini konfessiyalar arasındakı
mövcud münasibətlər nümunəvidir.
Ölkədə tolerantlığın ən bariz
nümunələrindən biri də başqa dinlərə
aid etiqad məbədlərinin son bir neçə ildə
yüksək səviyyədə təmir olunmasıdır. Prezident
İlham Əliyevin göstərişi ilə paytaxtın ən
gözəl guşələrinin birində katolik kilsəsi
inşa edilmiş, pravoslav kilsəsi təmir və bərpa
olunmuşdur. Hətta cəzaçəkmə
müəssisələrində də müxtəlif dinlərə
məxsus insanlara ibadət etmək imkanı yaratmışlar.
Bütün bunların nəticəsidir ki, təcavüzkar
və monoetnik dövlət olan Ermənistandan fərqli olaraq
Azərbaycanın adı hər zaman dini azadlıqların təminatı
sahəsində problemin olmadığı ölkələr
sırasında çəkilir.
Bu günlərdə "Moskovski Komsomolets" qəzetində
dərc olunmuş "Azərbaycan - dini tolerantlıq məkanı"
adlı məqalə isə ümumən respublikada vicdan
azadlığı sahəsində vəziyyətin tam qənaətbəxş
olduğunu göstərir. Qəzet Azərbaycanda
bütün dinlərə və millətlərə
qarşı normal münasibətin olduğunu, buradakı bəzi
rusların MDB dövlətlərindən fərqli olaraq daha
yaxşı şəraitdə yaşadıqlarını
yazır. "Əhalinin 90 faizinin azərbaycanlı-müsəlman
olmasına baxmayaraq, burada heç bir dinə qarşı
ayrı-seçkilik və dözümsüzlük hökm
sürmür. Azərbaycan bu mənada əsl
dünyəvi dövlətdir" - deyə məqalədə
bildirilir.
Hazırda
respublikada dünya dinləri ənənəvi olaraq
qarşılıqlı etimad və əmin-amanlıq şəraitində
fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları
etiqadlarını azad şəkildə icra edirlər. Bütün bunlar isə Azərbaycanı
sivilizasiyaların toqquşması deyil, qovuşması məkanına
çevirir. Eyni zamanda qeyd olunanlar
respublikada etnik-dini zəmində hər hansı terror
aktının baş verməsi ehtimalını sıfıra
endirir.
(ardı var)
Kamil SƏLİMOV,
Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin "Kriminalistika
və məhkəmə
ekspertizası" kafedrasının müdiri,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 23 avqust.- S. 4.