Ustad və cəsarətli sənətkar

 

Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında özünəməxsus xüsusi yeri olan görkəmli nasir, publisist, dramaturq, tərcüməçi, yumoristik novellalar, hekayələr müəllifi Seyfəddin Dağlının anadan olmasının 90 ili tamam olur. Ötən əsrin 60-70-ci illərindən başlayaraq Seyfəddin Dağlının qələmindən çıxan hər bir yazı həm ədəbi ictimaiyyət, həm də oxucular tərəfindən maraqla qarşılanardı. Yazıçının əsərləri sevilə-sevilə oxunardı. Özünəməxsus yaradıcılıq üslubu, dadlı-duzlu, yumorlu dili onu həmkarlarından fərqləndirirdi. Həyat həqiqətlərinə sadiqlik onun əsərlərinə əsl işıq gətirmişdi. Hər bir yazıçının ədəbi aləmə gətirdiyi müəyyən yenilik olur. Seyfəddin Dağlı son dərəcə zəhmətkeş bir yazıçı idi. O, sözün üstündə cəfakeşliklə çalışar, hər kəlmə, ifadə uğrunda məsuliyyət hissi keçirərdi. Seyfəddin Dağlını tanıyanların xatirələrində onun işıqlı obrazı belə boylanır: "Qələm tutan barmaqları düyün-düyün idi. İllər boyu bu düyünlü barmaqları müşahidə etmişdim və onlara həsəd aparmışdım. Bu düyünlər üç günün, beş günün deyildi. Əlinə qələm aldığı vaxtdan qabarlanıb düyünə dönmüşdü o barmaqlar... Vərəqlər onun tarlası, qələm xışı, kotanı idi" (Ağasəfa). Buna görə də səpdiyi toxumlar göyərirdi.

O, 1921-ci ilin avqustunda Xızıda anadan olmuşdu. İlk əmək fəaliyyətinə hələ tələbə ikən "Kommunist" qəzeti redaksiyasından başlayan gənc Seyfəddin pillə-pillə ucalmışdı. O, sonralar bu redaksiyada müxbir, şöbə müdiri və məsul katib işləmişdi. Elə o dövrdən də felyetonları ilə diqqət çəkirdi. İkinci Dünya müharibəsi zamanı ordu sıralarına çağırılan Seyfəddin Dağlı 1941-ci ildən 1956-cı ilə qədər hərbi xidmətdə olmuşdu. O, bu müddət ərzində "Ordu" qəzetində ədəbi işçi, "Diviziya" qəzetinin redaktoru vəzifələrində çalışmışdır.

1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonra "Bakı" telestudiyasının direktoru və sədr müavini işləmişdir. Seyfəddin Dağlı uzun müddət "Kirpi" siyasi-satira jurnalının baş redaktoru olmuşdur. 1980-ci ilin mayından ömrünün sonunadək "Yazıçı" nəşriyyatında redaktor işləmişdir. Məzmunlu və dəyərli əsərləri ilə Azərbaycan ədəbiyyatında əbədi yer tutmuş Seyfəddin Dağlı 1983-cü ildə dünyasını dəyişmişdi.

Yaradıcılığa əslində şeirlə başlayan Seyfəddin Dağlı məşhur şair olmasa da, duzlu-məzəli misralar yazmışdır. Hətta ustad bəstəkarımız Cahangir Cahangirov onun neçə-neçə şeirinə musiqi də bəstələmişdi. Amma Seyfəddin Dağlı ədəbi aləmdə satirik hekayələr ustadı, gözəl felyetonçu və publisist kimi qəbul olunurdu. Dramaturgiya sahəsində də qələmini sınayan müəllifin bir neçə pyesi teatrlarda tamaşaya qoyulmuşdu, uzun müddət repertuardan düşməmişdi, televiziya kanallarında maraqla izlənilmişdi.

Onun ilk kitabının adı "Məşəl" idi. İndi bu əsəri yenidən oxuyanda müəllifin cəsarətinə, vətəndaşlıq qayəsinə, qətiyyətinə, ana dilimiz uğrunda apardığı mübarizəyə heyrət etməyə bilmirsən. 1937-ci ilin ağır xofunun ovqatlardan çəkinmədiyi bir məqamda - 1948-ci ildə Seyfəddin Dağlı qələmə aldığı hekayəsində yazırdı:

"- Siz buyurduğunuz şairlərin dili uşaqlar üçün qəlizdir, bu tifillər onları başa düşmürlər, cənab müfəttiş bunlara anlayacaqları dildə kiçik, sadə şeirlər gərəkdir.

- Hansı dildə dedin?

- Vətən dilində.

- Yəni...

- Ana dilində, Azərbaycan dilində...

Bu sözləri eşitcək müfəttiş qəzəbli gözlərini geniş açdı, sürətli nəzərlərini dolandırıb vəhşi baxışlarla sinfi - uşaqları, kürsüləri, masanı süzməyə başladı. Elə bil Azərbaycan daş-torpağından tikilmiş bu otağı bir ləhzədə uçurub yer ilə yeksan etmək istəyirdi. Müfəttişin bu baxışları birdən müəllimin masası üstündəki kitaba zilləndi. O, quduz hərəkətlə kitabı qamarladı, burnunun ucuna qədər aparıb bərkdən bağırdı:

- "Vətən dili". Olmaya sən bu dili deyirsən, gədə?!

Artıq bütün bədəni əsəbiliklə əsən müəllim zorla hirsini boğub təmkinlə səsləndi:

- Bəli, cənab, həmin dili...

- Bəs onda, ala! Bu sənin dilin, bu da kitabın, şeirin!.. Pədər süxtə!..

Müfəttiş bir anda əvvəl kitabı parça-parça cırıb ayaqları altına atdı, sonra da tələsik əski parçasını qapıb yazı lövhəsini silməyə başladı..."

Seyfəddin Dağlı bu hekayədə baş verən hadisələri özündən uydurmamışdı. O, ordu sıralarında xidmət edərkən Təbrizdə olmuş, şagirdlərin gözü qabağında kitablardan çatılmış tonqalları öz gözü ilə görmüş, azərbaycanlı müəllimin faciəli taleyini qələmə almışdı. Müəllifin yaradıcılığını tədqiq edəndə iki hal diqqəti cəlb edir: Seyfəddin Dağlı Arazın o tayındakı soydaşlarımızın taleyi ilə bağlı müntəzəm əsərlər yazmış, bacı-qardaşlarımızın çətin güzəranı onu heç zaman rahat buraxmamışdır. "Kəcil qapısı" romanı da məhz Cənubi Azərbaycan həyatına həsr edilmişdir.

"Məşəl"in ədəbi aləmdə doğulması uğurlu oldu. Müəllif sonrakı bütün əsərlərini demək olar ki, bu "Məşəl"dən düşən işığın altında yazmışdı. "Sadiqlər", "İpək gül", "Bahar oğlu", "Yay qayğıları", "Nəğməli çanta", "Şakərlilər", "Aldada bilməzsən", "Mənziliniz mübarək" və nəhayət, ölümündən sonra işıq üzü görmüş "Məşəl yanır" və "Şirin duz" kitabları.

Olduqca həssas, dərin yazıçı müşahidəsinə malik olan Seyfəddin Dağlı öz satirik hekayələrində kimlərə gülürdü? İlk növbədə, fırıldaqçılara, hiyləgərlərə, rüşvətxorlara. Onun tənqid hədəfləri öz müasirləri idi. Bir müəllif kimi satirik hekayələrində çox aydın, sadə bir dillə və məharətlə mənfi tipləri gülüş hədəfinə çevirərək onları bu yolla islah etməyə çalışırdı. Seyfəddin Dağlı "Rüşvətdar" adlı hekayəsində öz mənfi qəhrəmanını sadəcə gülməli vəziyyətdə təqdim etmir, həm də onun vəziyyətinə bir növ ağlayır. Əli rüşvət verməyə alışmış bu tipin öz ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır.

Seyfəddin Dağlı dramaturq kimi də yazıb-yaratmışdır. Müəllifin "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" və başqa dramları respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdu. 1979-cu ildə onun ssenarisi əsasında "Bahar kimi solmaz" filmi də çəkilmişdi. Çoxcəhətli yaradıcılığı ilə seçilən Seyfəddin Dağlı müntəzəm surətdə xarici ölkə ədəbiyyatının nümunələrini dilimizə çevirirdi. Digər bir tərəfdə isə onun öz əsərləri müxtəlif dillərə tərcümə edilirdi. Onu keçmiş sovetlər ittifaqının bütün müttəfiq respublikalarında yaxşı tanıyırdılar, sevə-sevə oxuyurdular.

Seyfəddin Dağlı sağ olsaydı, bu gün onun qələmə aldığı mövzular daha rəngarəng, daha maraqlı səslənərdi. Sovet hökumətinin ağır təzyiqlərinin və məhdudiyyətlərinin hökm sürdüyü bir dövrdə quruluşun diktəsindən doğan nöqsanlara gülmək, qüsurları dilə gətirmək, ziddiyyətli həyat tərzini təsvir etmək yazıçıdan böyük cəsarət, qətiyyət tələb edirdi. Seyfəddin Dağlı sözün həqiqi mənasında, ustad və hünərli sənətkar idi. O, sözünü elə məqamda, elə tərzdə məharətlə deməyi bacarırdı ki, hətta ondan narazı qalan da ciddi şəkildə öz etirazını bildirməyə çəkinərdi. Yazıçı bu fəaliyyətini "Kirpi" jurnalında da çox ustalıqla davam etdirmişdir. Onun redaktorluğu ilə nəşr olunan bu satirik jurnalın səhifələrində elə qəm dolu gülüş, qəhqəhəli faciə notları tapmaq olur ki, bir daha bu böyük sənətkarın yazıçılıq, jurnalistik qüdrətinə məftun kəsilirsən.

Seyfəddin Dağlı novella ustası, böyük türk satiriki Əziz Nesinlə uzun müddət dostluq etmişdir. Seyfəddin Dağlı Əziz Nesinlə Türkiyə səfəri zamanı görüşmuş və onların bu ünsiyyəti möhkəm dostluğa çevrilmişdi. Sonralar Əziz Nesin bir neçə dəfə Bakıya gəlmiş, öz dostu ilə görüşmüşdür. Bütün söhbətlərində Əziz Nesin bildirirdi ki, məni Azərbaycana çəkən, ona vurğun edən Seyfəddin bəy olub. Əziz Nesin türk ədəbiyyatı üçün hansı xidmətlərin sahibidirsə, Seyfəddin Dağlı da Azərbaycan ədəbiyyatında həmin statusa malik görkəmli yazıçıdır. Ömrü boyu sadə, təvazökar olub. İşi, peşəsi isə ancaq yazmaq, yaratmaq olub. O nə hansısa təltifi gözləyib, nə də mükafat barədə  düşünüb. Yazıçının ən böyük mükafatı xalqı tərəfindən sevilməyidir. İndiki zamanda qəfil peyda olan bəzi "yazıçılar"ı görəndə istər-istəməz Seyfəddin Dağlı kimi nasirlərimizə rəhmət oxuyur, yaxşı ki, sizin əsərləriniz var, deyirik.

Burada bir məsələni də diqqətə çəkmək yerinə düşərdi. İndi bu görkəmli ədibin anadan olmasının 90 ili tamam olur. 1988-ci ilə kimi 20-yə yaxın kitabı nəşr olunmuş Seyfəddin Dağlının seçilmiş əsərlərinin latın qrafikası ilə çap edilib oxuculara çatdırılması çox vacibdir. Onun əsərlərində elə məsələlər var ki, bu gün də aktuallığını qoruyub saxlayır. İkinci əsas məsələ odur ki, gələcək nəsil də Seyfəddin Dağlını tanımalıdır.

Ötən əsrin ortalarında yandırdığı "Məşəl"in odu elə sönməz oldu ki, onun hər parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Bir vaxt bu dünyada var olmuş Seyfəddin Dağlını unudulmağa qoymadı. Əslində, bu işıq payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara əbədi ərməğanı oldu.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-23  avqust.- S.  5.