Regiona xeyir-bərəkət gətirən kəmər

 

Başlanğıcını Səngəçaldan götürür. Ölkəmizin ərazisində 13 bölgədən keçirAğstafa rayonunda Azərbaycan-Gürcüstan sərhədinə çatır. Sonra Gürcüstanın və Türkiyənin ərazisində də bir sıra bölgələrdən keçir. Beləliklə, 1768 kilometr məsafə qət edərək Azərbaycan neftini Səngəçaldan Ceyhanadək aparır.

Söhbət BTC-dən gedir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan, haqlı olaraq üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən.

Təkcə keçən ay BTC 2 milyon 856 min 326 ton Azərbaycan nefti nəql edib. Yanvar-iyul aylarında isə bu göstərici 19 milyon 867 min 408 ton olub. Tam bir sistem kimi istifadəyə verildiyi vaxtdan bəri isə kəmərə 163 milyon 423 min 350 ton neft vurulub.

Bu gün BTC-nin dünya bazarlarına çatdırdığı Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yatağının nefti "Şahdəniz"in kondensatıdır. Bundan əlavə, kəmərə müəyyən həcmdə Türkmənistan nefti qoşulur. Məsələn, keçən ay BTC təxminən 191,5 min ton Türkmənistan neftini nəql edib.

BTC "gözəgörünməz" kəmərdir. O, çaylardan keçir, düzənliklərlə irəliləyib dağlara qalxır, kəndlərin, şəhərlərin altından özünə "yol açır". Lakin bütün marşrutu boyu torpaq altında basdırıldığından onu görmək mümkün deyil. BTC-nin keçdiyi bütün ərazilərdə bu gün əhali əkin-biçinlə, tikib-qurmaqla məşğul olur. Ətraf mühitə öz əvvəlki görkəmi qaytarılıb. Mütəxəssislərin fikrincə, müasir dövrdə bu cür kəmərlər karbohidrogenlərin daşınması üçün ən etibarlı vasitədir.

Bununla belə, BTC-nin yerüstü obyektləri var. Onların ən böyüyü nasos stansiyalarıdır. Birinci nasos stansiyası Səngəçal terminalında yerləşir. İkinci stansiya isə Yevlax rayonundadır. BTC-nin Gürcüstanda da iki stansiyası var, Türkiyədə isə onların sayı 4-dür.

Ümummilli lider Heydər Əliyevin əsəri olan, böyük sınaqlardan keçərək özünü doğruldan kəmər bu gün tam bir reallıqdır. BTC layihəsinin üç ölkəyə gətirdiyi birbaşa gəlirlər öz yerində, onun sosial layihələri insanlara rifah sevinc bəxş edir. Bu sərmayələr hesabına bölgələrdə kəndarası yollar çəkilir, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri təmir edilir, kiçik orta sahibkarlığa dəstək verilir, gənclərin peşəyönümünə, bilgilərinin artırılmasına kömək göstərilir. Beləliklə, BTC Azərbaycanın, Gürcüstanın Türkiyənin neçə-neçə bölgəsinin sakinlərinin yardımçısına çevrilib.

BTC bütün regiona xeyir-bərəkət gətirən bir kəmərdir.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.-24  avqust.- S. 1.