Milli və bəşəri ideallara yüksək sadiqlik nümunəsi

 

Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə milyonlarla insanın ümid və pənah ünvanına çevrilmişdir

 

Tarixdən məlumdur ki, milli dövlətçiliyini itirmək, dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üz-üzə qalmış xalqlar taleyüklü sınaq anında məsuliyyəti çiyinlərinə götürmüş qətiyyətli liderlərinin müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər. Yüksək liderlik keyfiyyətlərinə malik belə şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni çətinliklər dövründə xalqa düzgün yolu göstərən xilaskar missiyasında çıxış etmiş, beləliklə, həm də ümummilli liderlik zirvəsinə yüksəlmişlər.

Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər. XX əsr Azərbaycan tarixinin ən böyük şəxsiyyəti, ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən biri kimi xalqın qəlbində yaşayır və daim ehtiramla anılır. Bu nöqteyi-nəzərdən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir.

2004-cü ildən əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması, təbliği istiqamətində ardıcıl iş aparır. Belə bir təşkilatın yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanında təsbit edilmiş, bununla qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond ilk növbədə ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyəti ilə yaradılmışdır. Qurum ilk gündən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də Fondun 7 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Qurum uşaq müəssisələrinin, tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu sıraya əlavə oluna bilər. Bütün bunlar həm də göstərir ki, Fond Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın  yüksəliş və tərəqqisi naminə həyata keçirdiyi siyasətə sanballı töfhələr verir.

Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl kimi mənəvi dəyərlər xalqımızın qərinələrlə formalaşan adət-ənənələrində, düşüncə sistemində qırmızı xətlə keçir. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, savab işlər görmək eyni zamanda xalqımızın tapındığı islami dəyərlərdən irəli gəlir. Heydər Əliyev Fondu isə son 7 ildə bu dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə, fəaliyyəti ilə insanlara nümunə olmağa çalışmışdır.

Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə tamamilə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filantropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bununla bağlı fikirləri maraq doğuran məqamlarla, nəcib, saf fikirlərlə zəngindir. Əslində, bu fikirlər xeyirxah, nəcib və mərhəmətli addımları ilə cəmiyyətdə böyük nüfuz sahibinə, milyonlarla insanın sevimlisinə çevrilmiş Azərbaycanın birinci xanımının ölkədə xeyriyyəçilik fəaliyyətinin genişlənməsinə açıq çağırışı kimi də dəyərləndirilə bilər. Mehriban xanım Əliyeva fəaliyyəti  boyu xeyriyyəçilik məfhumunun fəlsəfi-nəzəri mahiyyətini açmış, bu cür fəaliyyəti şərtləndirən sosial-psixoloji amilləri əsaslandırmış, eyni zamanda cəmiyyətdə mənəvi harmoniyanın qorunmasına xidmət edən filantropiyanı yüksək mənəviyyatdan irəli gələn könüllü fəaliyyət kimi səciyyələndirmişdir. Azərbaycanın birinci xanımının bu fikri xüsusi maraq doğurur ki, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyət həm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. "...Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq,  ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır", - deyə Heydər Əliyev Fondunun prezidenti bildirir.

Heydər Əliyev Fondunun ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Bəzən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı" kimi məhz bu ünvanı döyürlər. İnsanlar onların problemlərini, sözün əsl mənasında, həll edənlərə üz  tuturlar. Azərbaycanın birinci xanımının özünün də bəyan etdiyi kimi, Fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyir: "Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq".

2007-ci və 2009-cu illərdə amnistiya təşəbbüsü ilə çıxış edən Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Amnistiya qanunverici tərəfindən humanizm və mərhəmət hissinin mücəssəməsi olub, sadəcə, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş  amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur. Hər iki amnistiya aktının təsir dairəsinə 18 mindən artıq məhkum düşmüşdür.

Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond fəaliyyəti ərzində həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində əzmkar fəaliyyət göstərmişdir. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva hələ 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi böhranla üzləşmiş milli-mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən milli mədəni incilərin qorunması, musiqi təhsilinin inkişafı, gələcək nəslin maarifləndirilməsi və digər sosial layihələrin icrası Fondun diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri Azərbaycan mədəniyyətinin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda musiqi gimnaziyaları və məktəbləri əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçiliyi ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalının səhifələrində milli musiqimizin, mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə böyük dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu işlərin daha qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan yaratmışdır.

2004-cü ildə Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin, habelə muğamının, aşıq musiqisinin dünya miqyasında təbliğinə geniş imkanlar açılmışdır. Fondun prezidentinin şəxsi səyləri ilə xalqın milli sərvəti sayılan muğam, habelə aşıq musiqisi, o cümlədən Novruz bayramı YUNESKO-nun qeyri-maddi irsinin şah əsərləri sırasına daxil olunmuşdur. 2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. 2011-ci ildə keçirilən və Azərbaycan televiziyası ilə yayımlanan muğam müsabiqəsi isə istedadlı muğam ifaçılarının üzə çıxarılması, dəstəklənməsi baxımından daha bir uğurlu addım olmuşdur.

2010-cu ildə  Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi avqustun 26-sı tarixinin Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü elan olunması ilə bağlı qərar qəbul etmişdir. Bu, Azərbaycan muğamına dünya səviyyəsində necə yüksək dəyər verildiyini bir daha təsdiqləyir.

Heydər Əliyev Fondu mədəniyyət abidələrinin yenidən qurulması və reabilitasiyası sahəsində də əməli tədbirlər həyata keçirmişdir. Gəncə şəhərində Cavad xan türbəsinin, Comərd Qəssabın məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri bu qəbildən olan çoxsaylı işlər sırasında xüsusi vurğulana bilər. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da Fondun həyata keçirdiyi nəcib layihələrdəndir.

Abşeronda aşkar edilən arxeoloji tapıntıların qorunması məqsədi ilə Fondun 2008-ci ildə Qala qəsəbəsində ilk Arxeoloji-Etnoqrafik Muzey Kompleksini yaratması da mühüm layihələrdəndir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, turizm mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət edir. 2008-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak etmişlər.

Heydər Əliyev Fondunun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti səhiyyə sahəsində həyata keçirilən layihələrdə bir daha parlaq təcəssümünü tapır. Kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu layihələr 2004-2009-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ölkədə yüksək ixtisaslı kadrların hazırlanması tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə böyük töhfə olmuşdur.

Heydər Əliyev Fondunun xətti ilə son illərdə Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın "Servye" şirkəti tərəfindən Fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini nəzərə alaraq 2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşasını da təmin etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası 2010-cu ilin oktyabr ayında Daşkəsəndə xeyriyyə aksiyası keçirmişdir. Aksiya zamanı Bakıdan gətirilmiş müasir avadanlıqlar vasitəsilə müayinə edilən xəstələrdən 4 nəfərinin gözündə cərrahiyyə əməliyyatı aparılmış, 20 nəfərə isə paytaxtda müalicə və əməliyyat olunmaq üçün göndəriş verilmişdir. Müayinədən keçən xəstələr onlara yüksək səviyyədə xidmət göstərən həkimlərə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.

2011-ci ilin iyulunda isə Fondun təşəbbüsü və təşkilatçılığı ilə Lerikdə qanvermə aksiyası keçirilmiş, yüzlərlə insan bu aksiyada iştirak etmişdir. Toplanan qandan hemofiliyalı, talassemiyalı və digər xəstələrin müalicəsində istifadə olunur. "Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr", - deyə Mehriban xanım Əliyeva vurğulayır.  Fond bu gün də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir, insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılan Xəzər rayonunun İnkişaf Fondu Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

2004-2010-cu illərdə Fondun xəttilə rayonun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrində yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi şərait yaradılmışdır. 2010-cu il iyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olmuşdur.

Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını, mənzillərin istilik sistemi, ev əşyaları və zəruri avadanlıqla təmin edilməsini xüsusi qeyd etmək lazımdır.

Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması eyni zamanda idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində atdığı əhəmiyyətli addımlar, habelə 2005-ci və 2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasının daha bir göstəricisidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Şübhəsiz, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2007-ci illər ərzində Azərbaycanın müxtəlif regionlarında 300-ə yaxın yeni məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

Heydər Əliyev Fondu milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı da vacib sayır. Fondun təşəbbüsü ilə Azərbaycanla YUNESKO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr, əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.

Ermənistanın təzavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri də Fondun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır. Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti addım Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır.

Mehriban xanım Əliyevanın "Ön söz"ü ilə işıq üzü görmüş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilmişdir. Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihələri də qeyd etməyə ehtiyac vardır. 2007-ci ildən başlayaraq Fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində Fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım qaçqın və məcburi köçkünlərin problemlərinə də həssaslıqla yanaşır, imkan daxilində onlara maddi və mənəvi yardım göstərməyə çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi müsahibə zamanı doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın ağır vəziyyətindən söhbət açmış, onların mənəvi köməyə və hayanlığa ehtiyacının olduğunu vurğulamışdır.

İnsan üçün ən qiymətli xəzinə çalışmaq bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti də qiymətli vaxtını, enerjisini insanların rifahına, problemlərinin həllinə sərf edir. İnsanı riqqətə gətirən haldır ki, bütün bu işlər qətiyyən təbliğat məqsədlərinə hesablanmamışdır. "...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur" deyən Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş və bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2011.-24 avqust.- S.  2.