Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər

 

 Avqustun 23-ü Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.

Bu münasibətlə xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və əməkdar elm xadimi Tamerlan Əliyevin xatirələri ehtiramla yad olunmuşdur.

Daha sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Xidmətdə fərqlənən əməkdaşların bir qrupuna mükafatlar təqdim olunmuşdur.

Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli sərəncamı ilə təsis edilmişdir.

Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1993-cü il avqustun 23-də yaradılan Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi ulu öndərin 2002-ci il 6 may tarixli sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti adlanmışdır. Xidmətin 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə mühafizə işinin yüksək peşəkarlıqla təşkil edilməsində mühüm xidmətləri olmuşdur. Ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir vaxtda xidmətin şəxsi heyəti ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi işlərdə yüksək sadiqlik nümayiş etdirmişdir.

Prezident İlham Əliyev bu barədə demişdir: "1990-cı illərin ortalarında Milli QvardiyaXüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ulu öndəri qorudular. Beləliklə, Azərbaycanda sabitliyi, dövlətçiliyin əsaslarını, müstəqilliyimizi qorudular. Azərbaycanın uğurlu inkişafını təmin etdilər".

Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibindəki İxrac NeftQaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz ixrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərlərinin ölkəmizdən keçən hissələrinin mühafizəsini uğurla təşkil edir.

Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirən dövlətimizin başçısının 2010-cu ilin martında qurumun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirakı onun işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən TETRA rabitə sistemi ixrac neftqaz boru kəmərləri boyunca genişləndirilmişdir. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulmuşdur. Mərkəzdə dövlət orqanlarının internet, informasiya resurslarının operativlik və təhlükəsizlik tələblərinə cavab verən TETRA radiorabitə sisteminin, AZSTATENET şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci il iyulun 4-də qurumun Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Ən müasir tibbi avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi həm xidmətin, həm də Milli Qvardiyanın əməkdaşlarının sağlamlığının qorunması istiqamətində atılan mühüm addım olmuşdur.

Dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla öz xüsusiyyətləri ilə regionda seçilir. Burada regionda ilk dəfə olaraq interaktiv atıcılıq tiri yaradılmışdır. Bu infrastruktur şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etmək vərdişlərinə yiyələnməyə kömək edir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir.

Şanlı döyüş yolu da keçən Xüsusi Dövlət Mühafizə Xidməti ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər vermişdir. Bu barədə dövlətimizin başçısı demişdir: "Milli Qvardiyanın Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olmuşdur. Qvardiya yaradılan günlərdən Azərbaycana təcavüz edən erməni qəsbkarlarına qarşı döyüşlərə başlamışdır. Çox böyük cəsarətlə, şücaətlə vuruşmuşdur, şəhidlər vermişdir və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qorumuşdur".

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsinə, müasir tələblərə cavab verən təlimlərin keçirilməsinə, yüksək peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirməklə ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik şəxsi heyəti öz fəallığı ilə seçilir.

Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq Azərbaycan dövlətçiliyinin və dövlətimizin başçısının etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.

 

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  3.