Ədliyyə
Nazirliyində dövlət təltifləri təqdim
edilmişdir
Ədliyyə Nazirliyində bir qrup məhkəmə aparatı işçisinə təltiflərin təqdim olunması mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanda qüdrətli dövlətin yaradıldığını, hərtərəfli mütərəqqi hüquqi islahatların aparıldığını, bu müdrik siyasi kursu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın sürətli inkişafına görə Azərbaycanın lider dövlətə çevrildiyini, əhalinin rifahının yaxşılaşdığını, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətlər qazanıldığını qeyd etmişdir.
Vurğulanmışdır ki, məhkəmə fəaliyyətinə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilərək, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi təminatı və sosial müdafiəsi gücləndirilmiş, fəaliyyətdə fərqlənmiş şəxslər orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşlər.
Tədbirdə bu il dövlət qulluqçularının peşə bayramı ərəfəsində Prezidentin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə mükafatlar təqdim edilmişdir.
Uzun müddət dövlət qulluğunda səmərəli
fəaliyyət göstərdiklərinə görə təltif
olunanlar əməklərinə verilən yüksək qiymətə
və göstərilən qayğıya görə dövlət
başçısına minnətdarlıqlarını ifadə
etmişlər.
Azərbaycan.- 2011.-24 avqust.- S. 3.