Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur

 

 Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat vermişdir.

Əvvəlcə MSK-nın 2011-ci il 17 avqust tarixli iclasının protokolu təsdiq edilmişdir. Gündəlikdə duran ikinci məsələ isə MSK-nın qəbul etdiyi normativ xarakterli bəzi aktlarla bağlı olmuşdur. Məsələ ilə bağlı ətraflı məlumat verən komissiyanın katibi Arifə Muxtarova bir sıra  normativ xarakterli aktlara əlavə və dəyişikliklərin edilməsi, bəzilərinin isə qüvvəyə minməsi və qüvvədən düşməsi barədə komissiyanın qərar layihəsini MSK üzvlərinin diqqətinə çatdırmışdır.

Sonra komissiya üzvləri MSK-nın 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. M.Pənahov hazırda MSK-nın əsas işinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan bələdiyyələrə təkrar və əlavə seçkilərin olduğunu komissiya üzvlərinin diqqətinə çatdırmışdır. MSK-nın sədri, həmçinin komissiyanın perspektiv planlarından da danışmışdır. M.Pənahov "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində hər il olduğu kimi, bu il də dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslar barədə də komissiya üzvlərini məlumatlandırmışdır.

İclasda KİV nümayəndələri də iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-24  avqust.- S. 3.