Koreya Milli Neft Korporasiyası ilə müqavilə imzalanıb
ARDNŞ-də Koreyanın Milli Neft Korporasiyasının vitse-prezidenti Moon Hyun Baik və logistika üzrə meneceri Sangekun Daniel Kimlə görüş keçirilib.
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan və Koreya arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin yarandığını və bugünkü görüşün iki ölkə arasında münasibətlərin gələcək inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib. O, Azərbaycan neft sənayesinin zəngin tarixindən, dünya neft sənayesinə böyük töhfələr vermiş Azərbaycan neftçilərinin son illər ərzində qazandığı nailiyyətlərdən ətraflı söz açıb. Azərbaycanın yeni neft strategiyasının uğurlarını xüsusi qeyd edən X.Yusifzadə ölkədə həyata keçirilən regional əhəmiyyətli iri neft-qaz layihələrinin icra olunmasında ARDNŞ-nin rolu barədə məlumat verib.
Koreya Milli Neft Korporasiyasının vitse-prezidenti Moon Hyun Baik səmimi qarşılandıqları üçün minnətdarlığını bildirib, təmsil etdiyi şirkətin Koreyadakı və xarici ölkələrdəki fəaliyyəti haqqında danışıb. O, Koreyada irihəcmli neft anbarları şəbəkəsinin olduğunu, bu istiqamətdə ARDNŞ ilə əməkdaşlığın yaranmasından məmnun qaldıqlarını bildirib.
Sonra ARDNŞ rəhbərliyinin
iştirakı ilə "SOCAR Trading"
şirkətinin Sinqapur ofisi
və Koreya Milli Neft Korporasiyası arasında xam
neftin saxlanılmasına dair
müqavilə imzalanıb. Bildirilib ki, 2 il müddətinə
(daha 1 il uzadıla bilər)
imzalanan bu müqavilə
"SOCAR Trading" şirkətinə
5,3 milyon barel həcmində
neftini Koreyadakı neft
anbarlarında saxlamaq imkanı verəcək.
Azərbaycan.- 2011.- 24 avqust.- S. 4.