Terrorçuluq bəşəriyyəti təhdid edən qlobal problemdir

 

 Azərbaycan terrorla mübarizədə etibarlı tərəfdaşdır

 

Terror təhlükəsinin tamamilə aradan qaldırılması, hansısa xalqın   dövlətin bu dəhşətli sınaqlara, sarsıntılara məruz qalmaması üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməli, terrorçuluğa qarşı mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidir. Beynəlxalq terrorizmlə mübarizənin strateji məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır. Bu zərurəti düzgün dəyərləndirən Azərbaycan Respublikası terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini hər zaman müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, bəşəri bəlanın bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutmuşdur.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bir çox dövlətlər, o cümlədən təcavüzkar Ermənistan gözləmə mövqeyi tutduğu halda ulu öndər Heydər Əliyev həmin məsələyə dərhal reaksiya verərək ABŞ-da törədilən terror aktlarını pisləmiş, Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını demişdir. Respublikamız son 10 ildə Əfqanıstanda və İraqda həyata keçirilən sülhməramlı və humanitar missiyaya dəstək vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bəşəriyyəti təhdid edən bu qlobal təhlükəyə münasibəti bilavasitə beynəlxalq hüquqla müəyyən edilmiş norma və prinsiplərə, o cümlədən tərəqqipərvər bəşəriyyətin ümumi rəyinə əsaslanır. Dünya dövlətlərinin terrorçuluqla mübarizədə səylərini hər zaman müdafiə edən dövlət başçısı bildirir ki, siyasi, iqtisadi, dini və digər amillərdən asılı olmayaraq, terrorçuluğun bütün təzahürlərinə qarşı qəti və prinsipial mübarizə aparılmalıdır. Dövlət başçısı hesab edir ki, bütün bəşəriyyəti hədələyən terrorizm hazırda sülhə, xalqların əmin-amanlıq şəraitində azad yaşamasına real təhlükəyə çevrilmişdir.

Respublikamız terrorizmə qarşı səmərəli mübarizə aparan dövlət olmaqla bu sahədə milli qanunvericiliyin də təkmilləşdirilməsi istiqamətində fəal iş aparmışdır. 18 iyun 1999-cu ildə qəbul olunmuş "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu terrorçuluqla mübarizənin normativ-hüquqi əsaslarını müəyyən edir. Qanunda terrorizmlə mübarizənin hüquqi və təşkilati əsasları əksini tapmış, terror anlayışının təfsiri verilmişdir. Sənəddə göstərilir ki, terrorçuluq - insanlara kütləvi qırğın təhlükəsi yaradan, sağlamlıqlarına zərər vuran partlayış, yanğın və ya digər hərəkətlər, yaxud əmlakın məhv (xarab) edilməsi və ya ictimai təhlükəsizliyin pozulması məqsədilə digər ağır nəticələr, əhalinin qorxudulması və ya dövlət hakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatların qərarlarının qəbuluna təsir göstərmək, habelə bu məqsədlə göstərilən hərəkətlərin edilməsi təhlükəsidir.  Qanunda həmçinin "terrorçu", "terror qrupu", "terror təşkilatı", "terrorizmlə mübarizə", "terror fəaliyyəti", "beynəlxalq terror fəaliyyəti" və "terrorçuluğa qarşı aparılan əməliyyatlar"ın anlayışları verilmişdir.

Azərbaycanın terrorizmlə mübarizədə etibarlı tərəfdaş olduğu müxtəlif beynəlxalq təşkilatların sənədlərində də əksini tapmışdır. BMT-nin, ABŞ Dövlət Departamentinin, Avropa Şurasının sənədlərində vurğulanır ki, Azərbaycan terrorçuların zərərsizləşdirilməsi ilə yanaşı, terrora həssas sahələrin müəyyənləşdirilməsinə, həmin yerlərdə terror-təxribat fəaliyyətlərini çətinləşdirən və mümkünsüz edən şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi Azərbaycanın terror təhlükələrindən müdafiə istiqamətində bir sıra uğurlar qazanmasına imkan vermişdir.

 

Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən təcavüzkar ölkədir

 

Təcrübə göstərir ki, bu gün terrorçuluğa rəvac verən ən başlıca amillərdən biri də ərazi separatizminin genişlənməsidir. Müəyyən dövlətlər özlərinin işğalçı siyasətlərini gerçəkləşdirmək üçün terroru dövlət səviyyəsində dəstəkləyirlər və bunu təcavüzkar Ermənistanın timsalında əminliklə söyləmək olar.

Ümumiyyətlə, türklər və azərbaycanlılar tarixən erməni terrorizminin qurbanı olmuşlar. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər əsassız və qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə terror və soyqırımı siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən xarici qüvvələrin maraqlarının istifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar.

Çoxsaylı tarixi faktlar, məhkəmə materialları Ermənistanın terrorçu dövlət olduğunu, terrorizmi dövlət səviyyəsində dəstəklədiyini tam təsdiqləyir. Ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər "məşhur" terror təşkilatlarının fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, lazımi maliyyə dəstəyi göstərmişlər.

1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmiş, 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

"Məşhur" terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə döyüşlər zamanı Azərbaycan ərazisində öldürülən terrorçunun Yerevanda keçirilən dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın "milli qəhrəmanı" elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Digər terrorçu, "Daşnaksütyun" partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə Yerevandan Xankəndiyə göndərilmişdir. O, azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə Ermənistan Prezidenti tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdür. Qarabağın dinc azərbaycanlı əhalisinin qətlə yetirilməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli  terrorçular  da fəal iştirak etmişlər.

Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2 mindən artıq Azərbaycanın dinc vətəndaşı terror aktlarının qurbanı olmuşdur.

Ümumiyyətlə, dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adlarına və fəaliyyətinə qısa nəzər salaq:

"Armenakan" partiyası: 1885-ci ildə yaradılmış, Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar, terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olmuşdur.

"Hnçak" partiyası: 1887-ci ildə Cenevrədə yaradılmışdır, əsas məqsədi Türkiyənin Anadolu bölgəsini birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".

"Ermənistanın "azadlığı uğrunda" erməni gizli ordusu": (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran, Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. "ASALA" əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın "lideri" Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 1 avqust 1980-ci il tarixdə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənlərimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".

"ASALA" 1980-ci ilin aprelində PKK ilə birgə terror aksiyalarının keçirilməsinə dair razılığa gəlmiş və bu niyyətini Livanda rəsmiləşdirmişdir. Terrorçu təşkilat Beyrut şəhərində 28 avqust 1993-cü ildə açıqladığı  bəyanatında "Pantürkist neft borusu" - Bakı-Tbilisi-Ceyhan ilə bağlı layihələrinin həyata keçirilməsinə imkan verməyəcəyini bəyan etmişdir.

"Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmışdır. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmişdir.

"Erməni soyqırımı ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılmışdır. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

"Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır.

"Apostol": 2001-ci il aprel ayının 29-da Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Xüsusi vurğulamaq lazımdır ki, erməni terrorçuları tarixdə ən böyük cinayətləri məhz Azərbaycan xalqına qarşı törədiblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları  hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

16 sentyabr 1989-cu il - "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

18 fevral 1990-cı il - Yevlax-Laçın yolunun 105-ci kilometrliyində "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

11 iyul 1990-cı il - "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14  nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il - "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şamxor-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.

30 noyabr 1990-cı il - Xankəndi aeroportu yaxınlığında sərnişin aparan avtobus partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

9 yanvar 1991-ci il - "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobil atəşə tutulmuş və onlar qətlə yetirilmişlər. Terrorçu qrupun üzvləri Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvet Manqasaqyan və Qaqik Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

30 may 1991-ci il - Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

19 iyun 1991-ci il - "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrliyində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il - Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

2 avqust 1991-ci il - Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır yaralanmışdır.

21 avqust 1991-ci il - Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.

8 sentyabr 1991-ci il - "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.

19 oktyabr 1991-ci il - Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

20 noyabr 1991-ci il - Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - ümumilikdə 19 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il - Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

8 yanvar 1992-ci il - Türkmənistandan "Krasnovodsk-Bakı" marşrutu ilə sərnişin daşıyan dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il - "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə 44 nəfər həlak olmuşdur.

26 fevral 1992-ci il - tarixdə misli görünməmiş terror və soyqırımı aksiyası keçirilmiş - Xocalı şəhərində 613 nəfər dinc sakin qətlə yetirilmiş, 650 nəfər yaralanmış, 1200-ə yaxın insan girov götürülmüşdür.

18 aprel 1992-ci il - "Qazax-Cəfərli" yolunun 10-cu kilometrliyində "Maz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır. 

20 may 1992-ci il -  Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. 

28 fevral 1993-cü il - Rusiyanın Şimali Qafqaz ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il - Bakı Dəmiryolu Vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı - Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Can Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir.

22 iyul 1993-cü il - Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

30 avqust 1993-cü il - Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "PAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

1 fevral 1994-cü il - Bakı dəmiryolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

18 mart 1994-cü il - Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.

19 mart 1994-cü il - Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.

13 aprel 1994-cü il - Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

3 iyul 1994-cü il - Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Azərbaycan Respublikasının xüsusi xidmət orqanları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.

Şübhəsiz, bu və digər faktlar - Ermənistanın beynəlxalq humanitar hüququn ən ali norma və prinsiplərini kobud şəkildə pozan, dövlət səviyyəsində terrorizmi, soyqırımı dəstəkləyən təcavüzkar dövlət olduğunu, etnik təmizləmə siyasəti yeritdiyini bir daha təsdiqləyir. Təbii ki, sadalanan bu və digər faktlar beynəlxalq birliyi də qəflət yuxusundan ayıltmalıdır. Çünki bu gün erməni terrorizmi bütövlükdə Cənubi Qafqaz kimi həssas regionda sülh və təhlükəsizliyi, səmərəli iqtisadi əməkdaşlıq təşəbbüslərini təhdid edir.

 

 

Kamil SƏLİMOV,

Bakı Dövlət Universitetinin hüquq

fakültəsinin "Kriminalistika və məhkəmə

ekspertizası" kafedrasının müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  5.