Əsarətdə
qalan sərvətimiz
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmış və buna müəyyən mənada nail olmuşlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişdir. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə ermənilər 12 muzey və 6 rəsm qalereyasını, eyni zamanda, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti - eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göylərə sovrulmuşdur.
Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyildir. Eyni zamanda, talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
Ulu öndər Heydər Əliyev Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyərək bu münaqişənin həllinin yubadılmasında ermənilərin tutduqları qeyri-konstruktiv mövqeni dəfələrlə beynəlxalq tribunalarda söyləmişdir. Daim qaçqın və məcburi köçkünlərin yanında olan, onların dərd-sərini şəxsən özününkü sayan ümummilli lider hələ 1996-cı ildə bir qrup məcburi köçkün ziyalıyla görüşündə baş vermiş hadisələri fəlakət, faciə və soyqırımı kimi qiymətləndirərək demişdir: "Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. O yerlərdə qalan abidələrin, mədəniyyət ocaqlarının darmadağın edilməsi barədə əsaslı faktlar vardır..."
İşğal edilmiş Azərbaycan ərazilərindəki maddi-mədəniyyət abidələrinin yerlə yeksan edilməsini təsdiqləyən faktlar bir daha göstərir ki, düşmən çox məkrli, dəhşətli, qorxunc və iyrənc siyasətlə tariximizi saxtalaşdırmaq yolu seçmişdir. Zəbt olunmuş rayonların ərazilərindəki maddi-mədəniyyət abidələrinə göstərdikləri qeyri-insani münasibət bir daha bunu təsdiqləyir.
Hər bir rayonun işğalından sonra həmin ərazilərə müşahidəçi qismində səfərlər etmiş beynəlxalq vasitəçilərin vəziyyətlə bağlı dəfələrlə bildirdikləri narahatçılıq, nədənsə, hələ də Avropa strukturlarında olduğu kimi qəbul edilmir.
Ermənistan 1991-ci ildən Azərbaycana geniş miqyasda hücuma keçərək bu günədək elan olunmamış müharibəni davam etdirir. Bu terror və işğal nəticəsində daş üstündə daşı qalmayan şəhər, qəsəbə və kəndlərimizin əhalisi şəhid olmuş, itkin düşmüş, yaralanmış, əsir və girov aparılmışdır.
1993-cü ilin avqust ayı da tariximizin qanla yazılmış səhifələrindən biridir. Çünki məhz avqust ayının sonlarında respublikamızın Füzuli, Cəbrayıl və Qubadlı rayonları da Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmişdir. 23 avqust 1993-cü il Füzuli və Cəbrayıl rayonları əhalisinin doğma yurd yerlərindən didərgin düşməsi tarixi kimi yaddaşlara ağrı-acılı yazılıb. Həmin tarixdə eyni zamanda minilliklərin yaşıdı daha neçə-neçə maddi-mədəniyyət abidələrimiz məhv edilib.
Aparılan arxeoloji tədqiqatlar sübut etmişdir ki, sərvətlərlə zəngin Füzuli rayonu təkcə Azıx mağarası ilə dünyanın diqqət mərkəzində olub. Ən qədim insan məskəni hesab edilən Azıx mağarası 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən aşkar edilmişdir. Rayonun 14 kilometrliyində yerləşən bu mağaradan tapılmış ibtidai insanın alt çənə sümüyü sübut etmişdir ki, Azərbaycan təxminən 350-400 min il bundan öncədən insan məskəni olub. Həmin ilk ibtidai insan Azıx adamı kimi dünyanın bir çox inkişaf etmiş ölkələrinin elmi ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Daha maraqlısı isə buradan tapılan ayı kəlləsinin üzərindəki cızıqlar idi. Bu, bir daha göstərirdi ki, Azıx adamlarında totemə, yəni heyvanlara inam olmuşdur. Dünyada dördüncü hesab edilən bu tapıntı nəticəsində məlum olmuşdur ki, burada 700 min il bundan öncəyə aid ocaq var imiş. Azıx mağarasının mühüm və tarixi əhəmiyyəti bir də ondadır ki, onun vasitəsilə Daş dövrü barədə geniş məlumat almaq mümkündür.
Azıx mağarasının tədqiqi ilə ötən əsrin altmışıncı illərinə kimi məşğul olunmamışdır. Ona görə də dünyada ilk insan məskənlərindən birinin Azərbaycanda olması barədə dünya xalqlarına məlumat verilməmişdir. Bunun səbəblərindən biri, təbii ki, tədqiqatın keçmiş SSRİ dövründə aparılması idi. Həmin dövrdə elmi-tədqiqat və arxeoloji işlər barəsində SSRİ sərhədlərindən kənara informasiya ötürülmür, alimlərin xarici həmkarları ilə əməkdaşlığına yol verilmirdi.
Acınacaqlı hal təkcə bu deyil. Hətta bu ərazidə yaşayan insanların özləri belə Azıx mağarasının tariximizdəki yeri və əhəmiyyəti barədə olduqca az məlumata malik idilər. Çünki insanlara həmin mağara əjdahalar və digər vahiməli, qorxunc canlılar məskəni kimi təqdim edilmişdir. Məhz məşhur arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya 1960-cı ildə mağaranın kəşfinə başlamış, səkkiz il davam edən bu axtarışın nəticəsi olaraq Neandertal tipə məxsus bir insanın alt çənə sümüyü üzə çıxarılmışdır. Bütün bunlar dünyanın ən qədim yaşayış yerinin Azərbaycana məxsus olması anlamını ortaya qoyur. Lakin çox təəssüf ki, indi həmin ərazilər erməni vandalizminin işğalçılıq siyasəti nəticəsində tapdaq altında tamamilə məhv edilmişdir.
Füzulidə, maddi-mədəniyyət və tarixi abidələrimiz az olmamışdır. Bu rayonun ərazisində tarixin yaşıdı və yaddaşı olan abidələrdən söz düşmüşkən, Aşağı Veysəlli kəndindəki XII əsr qəbiristanlığı, XIII əsrin yadigarı Şeyx Babi Yaqub turbəsi, XIII əsrə aid Mirəli turbəsi, Əhmədalılarda olan XIII əsrdən qalma Arıq Alı turbəsi, Qarğabazardakı XVII əsr karvansarayı, XVII əsrdə tikilən məscid, Cəlil turbəsi (XVIII əsr), Aşağı Aybasanlı kəndindəki İbrahim turbəsi (XVIII əsr), Horadizdəki İmamzadə turbəsi və başqalarının adlarını çəkmək yerinə düşərdi. Çünki bu kimi tarixi, mədəni və dini abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi bir daha daşnakların çirkin niyyətlərini göstərir.
Abidələr, qalalar tarixin yaddaşı olduqlarından, onlar bütün dövrlərdə baş vermiş münaqişə və müharibələr zamanı beynəlxalq konvensiyalara əsasən qorunub saxlanmışlar. Onu da qeyd etməyə dəyər ki, bu tip abidələrin hamısı YUNESKO-nun mədəni irs siyahısına düşmədiyindən, onlar düşmən təcavüzünün qurbanlarına çevrilirlər. Ermənistanın təcavüzkar siyasəti də təkcə ərazilərimizin ilhaqı ilə məhdudlaşmamış tariximizin və mədəniyyətimizin yadigarı olan abidələrə qənim kəsilmiş, onları saxtalaşdıraraq özlərininkinə çevirmək niyyəti ilə Yer üzündən silməyə çalışmışlar.
Hər daşında və qayasında silinməz tariximiz olan Azərbaycan torpaqlarının erməni vandallarının işğalından azad edilməsi istiqamətində aparılan sülh siyasəti, nəhayət ki, nəticəsini verməlidir. Beynəlxalq birliyin, eləcə də sülh danışıqlarının aparılmasında vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupu üzvləri dövlət rəsmilərinin son günlər göstərməyə çalışdıqları fəallıq da bir daha bunu təsdiqləyir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-24 avqust.- S. 5.