Dəniz suyu
saflaşdırıldıqca ada daha da canlanır
Sahildən
onlarla kilometr aralıda yerləşən, dəli-dolu Xəzərin
qoynunda dəyanətlə dözüb-dayanan Çilova bir
çox nemətlər qurudan gəmi ilə gətirilir. O
cümlədən içməli su da! Lakin həyatı bulaq
kimi qaynayan bu adanın özünün də suyunun olması
vacib bir məsələ idi.
Bu problemin uğurlu həlli tapıldı.
Çilovda ƏKS-OSMOS sistemi həyata keçirildi. Ada
sakinlərinin, sadəcə sutəmizləyən qurğu,
yaxud OSMOS qurğusu adlandırdığı bu sistem ayrıca
bir binada yerləşdirilib. İlk
baxışdan adi istehsalat sexinə bənzəyir. Amma OSMOS-un "gördüyü iş" çox
böyükdür. O, bir qəsəbənin əməkçilərini
və sakinlərini təmiz su ilə təmin edir.
İndi burada iki
qurğu işləyir.
Onlardan biri keçən ilin əvvəllərindən
istifadəyə verilib və sutka ərzində 300 kubmetr su
istehsal edir. Digəri ondan xeyli
böyükdür. Sutkada 500 kubmetr suyu
şirinləşdirən, yəni təmizləyən həmin
ikinci qurğunun işə salındığı
gündən yarım
ildən çox vaxt keçir.
Su təmizlənib içməli vəziyyətə
gəlincə qurğularda maraqlı bir
proses gedir. Çilov mənzil-kommunal təsərrüfatı
nəzdində fəaliyyət göstərən suşirinləşdirmə
sahəsinin rəisi Soltan Qarayev bu barədə deyir:
- Min tonluq su anbarımız var. Dəniz
suyunu nasoslar vasitəsilə həmin anbara vururuq və o,
altı saat burada qalır. Bu müddət ərzində
su təbii olaraq nisbətən təmizlənir, yəni
anbarın dibində çöküntülər əmələ
gəlir. Yuxarı hissədəki su isə
içinə bir sıra təmizləyici dərman
preparatları əlavə edildikdən sonra qurğularda
yüksək təzyiq altında saflaşır.
Bu gün adada sudan
korluq çəkmirlər. Düzdür,
gəmilərlə yenə müəyyən qədər
içməli su gəlir. Ancaq Çilovun
öz OSMOS suyu da içməyə tam yararlıdır. Ayda bir dəfə təmizlənmiş su analizdən
keçirilərək keyfiyyəti yoxlanılır.
İndi adada torpaq da,
ağaclar da, mal-qara da sudan doyur. Məişət obyektlərinə gen-bol su verilir.
Su artdıqca həyat daha da canlanır.
Ada günü-gündən
yaşıllaşır.
Ağacəkmə kampaniyası əsasən
"Ekologiya ili" olan 2010-cu ildə başlanıb. Beləliklə, keçən ilin əvvəlindən
indiyədək burada 35 min ağac, o cümlədən 500
qızılgül kolu əkilib.
İndiyə qədər meyvə ağacları
çilovluların yalnız həyətində, adətən
sahəsi çox geniş olmayan bağ-bağçasında
bitirdi. Yol kənarları,
çöllər bomboz idi. İndi isə
ARDNŞ-nin həyata keçirdiyi genişmiqyaslı ekoloji tədbirlər
və suyun bolluğu sayəsində başqa bir mənzərə
yaranıb. Çilovlular təkcə neft
çıxarmaqla kifayətlənmir, zeytun, iydə, akasiya, əncir,
gilənar, tut ağacları yetişdirir, meynələrə
qulluq edir, gül-çiçək bəsləyirlər.
Bir sözlə, indi onların qəsəbəsi
Xəzərin qoynunda çiçək açmış bir
çəməni xatırladır.
Torpağa basdırılmış
bir çox tinglər
təzəcə boy atır. Onlar böyüyüb qol-budaq atanda, torpağa
çətir tutub onu qızmar günəşdən qoruyanda
və şirin bar verəndə Çilovun hüsnü
bambaşqa olacaq.
Flora
SADIQLI
Azərbaycan.- 2011.- 25 avqust.- S.1.