Xarici ölkələrin BMT
yanında daimi nümayəndələri Azərbaycanın
Baş naziri Artur Rasizadə ilə görüşmüşlər
Bakıda səfərdə olan Kamboca,
Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent
Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və
Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun
24-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ilə görüşmüşlər.
Qonaqları
səmimi salamlayan Baş nazir BMT çərçivəsində
fəaliyyət göstərən səfirlərin Azərbaycanda
olmasının böyük əhəmiyyətini qeyd
etmişdir.
A.Rasizadə
bu səfərin diplomatlara Azərbaycan haqqında dolğun məlumat
əldə etməyə imkan verəcəyinə, səfirlərin
BMT-nin iclaslarında Azərbaycan ilə bağlı ədalətli
mövqedən çıxış edəcəklərinə
əmin olduğunu bildirmişdir.
Baş
nazir Azərbaycanın öz xarici siyasətini ölkələrin
böyüklüyündən, kiçikliyindən
asılı olmayaraq normal, ikitərəfli əlaqələrin
üzərində qurduğunu söyləmişdir.
Ölkəmizin
bu il müstəqilliyinin 20 illiyini qeyd etdiyini deyən A.Rasizadə
son 7-8 ildə Azərbaycanın yüksək iqtisadi
inkişafa nail olduğunu vurğulamışdır. O
demişdir ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul
3 dəfə, dövlət büdcəsi isə 10 dəfə
artmış, regional əhəmiyyətli böyük
infrastruktur layihələri həyata keçirilmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş
nazir münaqişənin tarixi barədə ətraflı məlumat
vermişdir.
Baş
nazir demişdir ki, müstəqilliyinin ilk illərində
ölkəmizin düşdüyü çətin vəziyyətdən
istifadə edən Ermənistanın Azərbaycan
torpaqlarının 20 faizini işğal etməsi nəticəsində
1 milyondan çox azərbaycanlı öz ölkəsində
məcburi köçkünə çevrilmişdir. Ermənistanın
işğalçı siyasəti bir sıra beynəlxalq təşkilatlar,
o cümlədən BMT tərəfindən pislənilmiş,
lakin bu təşkilatın Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qəbul
etdiyi dörd qətnamə indiyədək icra
olunmamışdır. A.Rasizadə münaqişənin həlli
ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin
də indiyədək nəticəsiz qaldığını
söyləmişdir.
Azərbaycanın
yüksək iqtisadi inkişafını vurğulayan səfirlər
ölkəmizin xarici siyasəti, Dağlıq Qarabağ
münaqişəsi barədə maraqlanmışlar. Səfirlər
öz ölkələrinin Azərbaycan ilə ikitərəfli
əlaqələrin qurulmasında maraqlı olduqlarını
söyləmişlər.
Sonda
Baş nazir A.Rasizadə səfirlərin suallarını
cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 25 avqust.- S.1.