Düşünülmüş, sürətli və davamlı
inkişaf
"Əgər biz
vaxtilə regionların inkişafına böyük
diqqət göstərməsəydik, çox
güman ki,
iqtisadiyyatımız bu gün
birtərəfli iqtisadiyyat kimi
özünü göstərə bilərdi.
Bizim məqsədimiz isə ondan ibarətdir ki,
iqtisadiyyatımız çoxşaxəli olsun.
Xüsusilə qeyri-neft sektorunun
inkişafına böyük diqqət
göstərilir".
İlham ƏLİYEV
Regionların inkişafını yeni
keyfiyyət mərhələsinə yüksəldən
dövlət proqramları
Azad bazar münasibətləri şəraitində
sürətli sosial-iqtisadi tərəqqisini
uğurla davam etdirən
Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri ən müxtəlif sahələr üzrə
yaşanan inkişafın konkret
dövlət proqramı təminatının
hazırlanması və böyük
müvəffəqiyyətlə icrasıdır. Mövcud iqtisadi inkişafın mərkəz və regionlar üzrə proporsional
qaydada paylanmasına xidmət edən məqsədyönlü
siyasət tarix üçün
o qədər böyük
olmayan bir zaman kəsiyində Azərbaycanın
simasını əhəmiyyətli dərəcədə dəyişdirərək
onu bütün
bölgələrində dinamik tərəqqi
yaşanan bir ölkəyə
çevirib. Bu
kontekstdə ölkə iqtisadiyyatının inkişaf
tempinin daha mütəhərrik
hala gəlməsi üçün
qəbul olunan müvafiq
dövlət proqramları və onlara əlavələr
paytaxt və regionların tarazlı,
davamlı inkişafını, onların potensialının
bir-birinə kömək mexanizmi üzərində
qurulmasını, qeyri-neft sektorunun
daha da möhkəmlənməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
müvəffəqiyyətlə təmin edib.
Sabit, sürətli inkişaf
məntiqinə əsaslanan bu siyasət həm
də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub
saxlanılmasına, təbii və iqtisadi
potensialdan, əmək ehtiyatlarından səmərəli
istifadə edilməsinə, əhalinin məşğulluğunun
artırılması və ölkədə yoxsulluğun
səviyyəsinin azaldılmasına xidmət edir.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə
tutulmuş tədbirlərin sistemli və ardıcıl
reallaşdırılması, həcmi ildən-ilə sürətlə
artmaqda olan strateji valyuta ehtiyatları
və onlardan səmərəli istifadə,
sahibkarlara verilən dəstəyin
gücləndirilməsi, əhalinin sosial
rifahının davamlı olaraq yaxşılaşması
üçün görülən tədbirlər
və bu qəbildən olan
digər hallar əldə olunmuş
nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə
genişləndirir.
2003-cü
ilin oktyabrında xalqın iradəsi əsasında müstəqil
Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən iqtisadi
siyasət strategiyasının müəyyənləşdirdiyi
yeni əsas hədəflərdən biri ölkə
regionlarının inkişafında keyfiyyət etibarilə
yeni bir mərhələnin əsasının qoyulması ilə
bağlı oldu. Bunu şərtləndirən əsas amillərdən
biri regionların ümumi iqtisadi inkişafda payının az
olması və tərəqqi potensiallarının adekvat şəkildə
istifadə edilməməsi idi. Bu dövrdə həm də
uğurlu neft strategiyasının həyata keçirilməsi
nəticəsində ilbəil artan neft və qaz gəlirlərini
qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın
tarazlı inkişafına nail olmaq dövlətin
qarşısında duran ən mühüm vəzifələrdən
biri kimi çıxış edirdi. Bu baxımdan regionların
inkişafının sürətləndirilməsi dövlətin
iqtisadi siyasətinin başlıca hədəflərindən
birinə çevrilmişdi.
Regionların
inkişafına xidmət edən yeni siyasət
aşağıdakı konkret məqsədlərə xidmət
etməli idi: regionlarda mövcud olan əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafını sürətləndirmək və aqrar
sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu
artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu
yeniləşdirmək, əlverişli investisiya şəraiti,
müasir tipli müəssisələr, yeni iş yerləri
yaratmaq istiqamətində sistemli tədbirləri həyata
keçirmək. Bütün bunların nəzərə
alınması ilə iqtisadi inkişafda regionların
xüsusi çəkisinin artırılmasına nail olmaq
üçün müvafiq dövlət proqramlarının
hazırlanmasına start verildi və
2004-cü il fevralın
11-də Prezident İlham Əliyev "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" adlanan sənədin
təsdiq olunması barədə fərman verdi.
Regionların
sosial-iqtisadi inkişafı ilə sözügedən dövlət
proqramına əsasən, həyata keçirilməli tədbirlər
üç səviyyədə müəyyən olunmuşdu:
birincisi, makroiqtisadi sabitliyin və
davamlı inkişafın təmin edilməsi tədbirləri;
ikincisi, iqtisadi rayonlar səviyyəsində həyata
keçiriləcək tədbirlər;
üçüncüsü, hər bir rayonun spesifik
xüsusiyyətlərinə uyğun müəyyən edilmiş
tədbirlər. Proqramda konkret rayonlar üzrə görüləcək
tədbirlər, onların icrasına cavabdeh dövlət
qurumları da müəyyən edilmişdi. Bunlar da, öz
növbəsində, dövlət proqramının kifayət
qədər əsaslandırılaraq tərtib olunduğunu və regionların inkişaf dinamikasını
özündə tam əks etdirdiyini bariz şəkildə
göstərirdi. İcra olunduğu müddət ərzində
proqram Azərbaycan regionlarında möhtəşəm
yeniliklərə gətirib çıxardı, qısa zaman ərzində
bölgələrin simasını inanılmaz dərəcədə
dəyişdi.
2004-2008-ci
illərdə regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı ilə yanaşı, Prezident İlham Əliyev
bölgələrin inkişafı ilə bağlı
ayrıca sərəncamlar da verib. Dövlət
başçısı bu proqramın icra olunduğu müddət
ərzində Quba-Xaçmaz,
Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə 17 sərəncam imzalayıb. Həmçinin
"Bakı şəhərinin qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair Tədbirlər
Proqramı" təsdiq olunub. Sonuncu Prezident İlham Əliyevin
iqtisadi inkişafa kompleks şəkildə
yanaşdığını, regionlarla yanaşı, mərkəzi
bölgələrin də inkişaf
tempinin qorunaraq irəliyə doğru getməsinə
xüsusi diqqət yetirdiyini
göstərirdi.
Regionların
birinci mərhələ üzrə sosial-iqtisadi
inkişafını nəzərdə tutan dövlət
proqramının icrası və nəticələrinin təhlili
göstərir ki, 2004-2008-ci illər ərzində ölkənin
makroiqtisadi göstəricilərində regionların xüsusi
çəkisi əhəmiyyətli dərəcədə
yüksəldi. Həmçinin yerlərdə
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi,
yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin
bərpası və genişləndirilməsi, iqtisadi və
sosial-mədəni infrastruktur obyektlərinin yenidən
qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin
açılması nəticəsində isə əhalinin həyat
səviyyəsinin yüksəldilməsi istiqamətində
böyük uğurlar əldə olundu. Hesablamalar göstərir
ki, proqramın həyata keçirildiyi müddət ərzində
ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi
2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına
düşən nominal həcmi 5 dəfə
artaraq 4440 manat təşkil etdi. Qeyri-neft sektoru 1,8 dəfə
artdı və 2008-ci ilin yekunlarına görə ÜDM-də
qeyri-dövlət sektorunun payı 84,5 faizə çatdı.
Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 2004-2008-ci illər
ərzində 6,2 dəfə artaraq
ümumi investisiyaların strukturunda xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
çatdırıldı. Dövlət proqramının icra
olunduğu müddət ərzində regionlara investisiya
yatırımına daim diqqət yetirildi və bölgələrə
çox böyük miqdarda sərmayə qoyuldu. Statistik rəqəmlərə
diqqət yetirməklə də bunun əyani sübutunu
görmək mümkündür. Belə ki, dövlət
investisiya xərclərində regionlardakı layihələrin
həyata keçirilməsinə ayrılan vəsaitin məbləği
2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə
artaraq 3,9 milyard manat təşkil etdi. Bu isə ümumi
investisiyaların 83 faizinə bərabər idi. Ümumiyyətlə,
regionların sosial-iqtisadi inkişafi ilə bağlı I
Dövlət Proqramının icra dövrü ərzində
Azərbaycanın müxtəlif bölgələrinə 6,8
milyard manat həcmində dövlət investisiyaları qoyulub.
Dövlət proqramının icrası ilə bağlı
regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə
beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində
kredit cəlb edildi. Həmçinin özəl sektorun
inkişafı üçün böyük həcmdə və
əsas etibarilə güzəştli şərtlərlə
kreditlər ayrıldı. Ölkə üzrə isə
hesabat dövründə bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi 33,5
milyard manat təşkil etmişdi və bunun 53,2 faizi daxili,
46,8 faizi isə xarici investisiyalar olmuşdu. 2008-ci ildə
istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini
3 dəfə üstələmiş, adambaşına
düşən investisiyanın həcmi 2003-cü illə
müqayisədə 605,8 manat çox olmuşdu. 2003-cü ildə
ümumi investisiyaların həcmində daxili
investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdi.
Bu zaman
ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında
isə 25,2 faiz artım oldu. İqtisadiyyatın sürətli
inkişafı ilə yanaşı, əhalinin rifahını
səciyyələndirən göstəricilərdə də
yüksək artım dinamikası müşahidə edildi,
2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin
gəlirləri 4 dəfə artdı. 2003-cü ildə
ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində
yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin
yalnız 13,2 faizi aid olunurdu. Bütün bu uğurların əldə
olunmasında isə regionların sosial-iqtisadi inkişafına
dair I Dövlət Proqramının da rolu az olmadı.
Məşğulluq strategiyasının uğurlu
icrasına yeni töhfələr
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı I Dövlət
Proqramının ən mühüm nəticələrindən
biri də bölgələrdə çoxlu sayda yeni iş
yerinin açılmasına gətirib çıxarması
oldu. Ümumiyyətlə, 2003-2008-ci illər ərzində Azərbaycanda
bütün regionları əhatə etməklə 27 min 500
yeni müəssisə və 766 mindən çox yeni iş
yeri açılıb. Bu müəssisələrin 40 faizi,
iş yerlərinin isə 80 faizi məhz regionların
payına düşüb, yeni yaradılmış müəssisələrin
88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr
təşkil edib. Açılan 766 min yeni iş yerinin isə 547,5 mini daimi olub.
Bununla
yanaşı, ümumi iqtisadi inkişaf fonunda investisiya
mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft
sektorunun tərəqqisinin və yeni iş yerlərinin
açılmasının sürətləndirilməsi məqsədilə
fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin
dərəcələrinin maksimum həddi 35 faizə, mənfəət
vergisinin dərəcəsi və sosial sığorta
ayırmaları 22 faiz səviyyəsinə endirildi. Vergilərin
ümumi sayı 9-dək azaldıldı, kənd təsərrüfatı
məhsulları istehsalçıları torpaq vergisi istisna
olmaqla, digər vergilərdən azad edildi. Ölkədə
mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə
dəyişdirildi, lisenziyalaşdırılan fəaliyyət
növlərinin sayı xeyli dərəcədə
azaldıldı, lisenziyaların müddəti isə
uzadıldı. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi
azad rəqabətin inkişafına, istehsal olunan məhsulun,
göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə
təkan verdi. Həmçinin ölkədə ixrac
rüsumları ləğv edildi, idxalda rüsumların 15
faizlik maksimal həddi müəyyənləşdirildi.
Bütün bunlar, təbii ki, regional inkişafa da təsirsiz ötüşmürdü.
Dövlət
proqramının icrası dövründə
sahibkarlığa dövlət dəstəyinin mühüm
istiqamətlərindən biri də iş adamlarının
güzəştli kreditlərlə təmin edilməsi
mexanizmi oldu. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
və bu sahəyə dövlət qayğısının
artırılması məqsədilə 2004-2008-ci illər ərzində
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində
fəaliyyət göstərən Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə
6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verildi.
Müntəzəm olaraq təşkil edilmiş biznes
forumları yerli və müxtəlif ölkələrdən
olan iş adamlarını, eləcə də rəsmi dairələri
bir araya gətirməklə sahibkarlar arasında maarifləndirmə
işinin təşkilini və onların məlumat əldə
etmə imkanlarının genişləndirilməsinə,
ölkə regionlarının mövcud təbii və əmək
resurslarından səmərəli istifadə edilməsi, habelə
xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə
müsbət təsir göstərirdi. Proqramın həyata keçirildiyi müddətdə
sahibkarlıq fəaliyyətinin inkişafının daha da
sürətləndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinin "bir pəncərə"
prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri
haqqında" 25 oktyabr 2007-ci il tarixli Sərəncamı
verildi. Sərəncama əsasən ölkədə biznes
mühitinin əlverişliyinin daha da artırılması və
biznesə başlama prosedurlarının sadələşdirilməsi
üçün zəruri tədbirlərin görülməsi
məqsədilə "bir pəncərə" prinsipinin tətbiqi
nəzərdə tutulurdu. Bu, regionlarda da sahibkarlığın daha
sürətli inkişafına
rəvac verdi.
Regionların
inkişafına paralel olaraq ölkənin zəruri ərzaq məhsulları
ilə təmin edilməsi məqsədilə aqrar bölmədə
aparılan köklü islahatlar bu sahənin daha sürətlə
inkişafına əlverişli zəmin yaradırdı. Bu
zaman dövlət tərəfindən kənd təsərrüfatı
istehsalçılarına və emal müəssisələrinə
geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin
inkişafında mühüm rol oynayırdı. "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarının istifadə
etdikləri yanacağın, motor yağının və mineral
gübrələrin dəyərinin orta hesabla 50 faizinin
dövlət tərəfindən ödənilməsi kənd
təsərrüfatı istehsalına güclü təkan
verdi. 2003-cü illə müqayisədə 2008-ci ildə
taxıl istehsalı - 21,4 faiz, kartof - 40,1 faiz, tərəvəz
- 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və giləmeyvə
- 24,6 faiz, üzüm - 78,1 faiz artdı. Bu müddət ərzində
diri çəkidə ət istehsalı 30,6 faiz, süd
istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı
isə 22,3 faiz çoxaldı, kənd təsərrüfatının
ümumi məhsulu isə 25,2 faiz artdı. Ölkədə
aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq
münasibətlərinin inkişafı məqsədilə
yaradılmış "Aqrolizinq" ASC müxtəlif
bölgələrdə kənd təsərrüfatı məhsulları
istehsalçılarına sifarişlər əsasında
müxtəlif aqrotexniki xidmət göstərirdi. Ümumiyyətlə,
kənd təsərrüfatı məhsulları
istehsalçılarına yanacaq, mühərrik
yağları, buğda, toxum və gübrəyə görə
subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının
yaxşılaşdırılması üçün dövlət
büdcəsindən vəsaitin ayrılması və vergi
güzəştlərinin tətbiqi nəticəsində isə
hesabat dövrü ərzində məhsul
istehsalının nominal dəyəri
2,4 dəfə artdı.
Bundan
başqa, elektrik enerjisi ilə təminatın
yaxşılaşdırılması üçün 7-si
regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyası
ölkə vətəndaşlarının enerji təminatının
yaxşılaşdırılmasında müstəsna rol
oynadı. Astara, Şəki, Xaçmaz rayonlarında modul
tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar
Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində
yeni istilik-elektrik stansiyasının tikintisi başa
çatdırılaraq istifadəyə verildi. Təbii qazla təchizatın
yaxşılaşdırılması sahəsində
görülmüş işlərin nəticəsi olaraq 13
illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına
təbii qazın verilməsi bərpa olundu, Lerik,
Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri
ilk dəfə, habelə Ağcabədi, Beyləqan
rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edildi.
2004-2008-ci illərdə
regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar
75 yeni qazanxana tikildi və 72 qazanxana əsaslı təmir
olundu. Mərkəzləşmiş qaydada istiliklə təmin
edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını
yaxşılaşdırmaq məqsədilə Bakı şəhərində
onlarla qazanxana tikilib istifadəyə verildi, əhalinin qaz təchizatını
yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi,
Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər
rayonlarının qəsəbələrində yeni qaz xətləri
çəkildi, mövcud qaz kəmərlərində əsaslı
təmir və yenidənqurma işləri aparıldı.
Proqramın icra olunduğu dövrdə regionlarda 1600 kilometrədək
yeni qaz xətləri çəkilərək,
ölkədə qazlaşdırmanın
səviyyəsi 85 faizə
çatdırıldı.
Su və
kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə
dövlət investisiya xərcləri hesabına, eyni zamanda
beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə
müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı
su kəmərinin tikintisi, Gəncə, Şəki,
Ağdaş və Göyçay şəhərlərinin,
habelə ölkədəki kiçik şəhərlərin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması ilə bağlı işlər davam etdirildi. 720
kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkildi,
23 su anbarı tikildi, 214 artezian quyusu qazıldı. Regionlarda
rabitə infrastrukturunun yaxşılaşdırılması məqsədi
ilə 632 avtomat-telefon stansiyası, 610 yeni poçt binası istifadəyə verildi.
Ölkənin
dinamik sosial-iqtisadi tərəqqisi zəruri infrastrukturun, o
cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf
etdirilməsini labüd edirdi. Nəqliyyat sisteminin inkişaf
etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat
xidmətlərinə artan tələbini ödəməklə
həyat səviyyəsinin yüksəldilməsi və
dayanıqlı iqtisadi artıma xidmət etmək
üçün əlverişli nəqliyyat siyasətinin həyata
keçirilməsindən ibarətdir. Nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədilə
regionlarda 1000 kilometrdən çox magistral yollar çəkildi
və ya əsaslı təmir edildi, 600 kilometr respublika əhəmiyyətli
və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir
işləri aparıldı, 69 yeni körpü tikildi, 34
körpü təmir olundu. Bakı şəhərində nəqliyyat
sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma
xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə
ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək
istismara buraxıldı. Həmçinin Bakıda bir sıra
yol qovşağı və piyada keçidi istifadəyə
verildi. Sözügedən proqramın icra olunduğu müddət
ərzində Naxçıvan, Gəncə, Lənkəran və
Zaqatala şəhərlərində müasir standartlara
uyğun yeni hava limanları tikilərək istifadəyə
verildi, Lənkəranda yeni dəniz limanının tikinitisi sahəsində isə işlərin xeyli hissəsi başa çatdırıldı.
Əhalinin sosial təminatı
və social infrastruktur
daha da yaxşılaşır
Dövlət
proqramı çərçivəsində sosial təminat sahəsində
əlillərin və şəhid ailələrinin mənzil
şəraitinin yaxşılaşdırılması və əlillər
üçün bərpa mərkəzlərinin
yaradılması ilə bağlı zəruri tədbirlər
də həyata keçirildi. Belə ki, bu müddət ərzində
regionlarda əlillər və şəhid ailələri
üçün 33 yaşayış binası, əlillər
üçün 7 bərpa mərkəzi inşa edildi.
Proqramın icra olunduğu müddət ərzində təhsil
ocaqlarının tikintisinə, onların maddi-texniki
bazasının müasir tələblərə uyğun
qurulmasına xüsusi diqqət yetirildi. Dövlət
proqramının qəbulundan sonra ötən beş il ərzində
1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil
müəssisələri üçün əlavə
korpuslar tikilib istifadəyə verildi. Bu fonda konkret olaraq
regionlarda 636 yeni məktəb tikildi, 192 məktəb əsaslı
təmir olundu, ayrı-ayrı məktəblərdə 243 yeni
sinif otağı tikilib istifadəyə verildi. Bu işdə
Heydər Əliyev Fondu da özünəməxsus rol
oynayırdı. Yalnız Heydər Əliyev Fondunun "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı çərçivəsində
238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi,
o cümlədən 28 internat məktəbi əsaslı təmir
olunmuş, 8 uşaq bağçası bərpa edilmiş,
müasir avadanlıqlarla təmin olunmuşdu. Azərbaycan
Respublikasında əhalinin sağlamlığının
qorunması, tibbi xidmətin keyfiyyətinin daha da
yaxşılaşdırılması həyata keçirilən
sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
olaraq daim dövlətin diqqət mərkəzindədir.
Regionların inkişafını nəzərdə tutan
dövlət proqramının icrası zamanı
iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə
də öz təsirini göstərir və bu sahədə
aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər görülürdü. Məsələn,
bu müddətdə tibb müəssisələrinin
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı. Ölkədə onlarla xəstəxana,
poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin
istifadəsinə verildi, bu zaman səhiyyə müəssisələrinin
müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilməsinə
də xüsusi diqqət yetirilirdi.
Beləliklə, Lənkəran, Qazax, Zaqatala, Bərdə,
Qəbələ rayonlarında, Gəncə, Naxçıvan
və Şirvan şəhərlərində yeni müasir
müalicə-diaqnostika mərkəzləri fəaliyyətə
başladı, Sumqayıtda "Real-Med" Diaqnostika
Sağlamlıq Mərkəzi, Xaçmazda "N-KAY
MKlinik" özəl klinikası, Sabirabadda "Muğan"
klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa
rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda
"Duzdağ" Fizioterapeya Mərkəzi və digər səhiyyə obyektləri tikilib
istifadəyə verildi. Bakının Xocasən, Əhmədli
və Bülbülə qəsəbələrində
poliklinikalar, Buzovnada Vərəm Əleyhinə Dispanser
üçün 125 çarpayılıq yeni korpus inşa
edildi. 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika
müəssisələrində pullu xidmət ləğv
edildi ki, bu da insanların sağlamlığının
qorunması sahəsində çox mühüm və əhəmiyyətli
addım sayılır. Ümumiyyətlə, regionlarda səhiyyə
xidmətinin keyfiyyətinin yüksəldilməsi və
idmanın inkişafı məqsədi ilə sözügedən
müddətdə dövlət proqramının həyata
keçirildyi dövrdə 16 yeni xəstəxana, 42
ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8
diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi tikilib
istifadəyə verilib, digərlərinin tikintisi davam etdirilib.
İdman potensialının güclənməsi də diqqət
mərkəzində olub. Çünki həyata keçirilən
gənclər siyasətinin əsas istiqamətləri
sırasında gənclərin sağlamlığının
qorunması və fiziki inkişafı aktual istiqamətlərdən
biri kimi müəyyənləşdirilib. 2004-2008-ci illərdə
ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib
istifadəyə verilib, 15 belə kompleksin tikintisi isə davam
etdirilib.
Proqramın
icra olunduğu dövrdə ən sevindirici hallardan biri də
qaçqın və məcburi köçkünlər
üçün nəzərdə tutulan çadır şəhərciklərinin
birdəfəlik ləğvi prosesinin başa
çatdırılması oldu. 2007-ci ilin dekabr ayında
sonuncu çadır şəhərciyi, ümumiyyətlə
isə 12 çadır şəhərciyi ləğv edildi.
Bütün bunlar dövlət proqramının icrasından
qaçqın və məcburi köçkünlərin
maksimal dərəcədə faydalandığını
göstərmiş oldu. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, daim dövlət qayğısının
göstərildiyi qaçqın və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması üçün qeyd
olunan proqramın icrası zamanı Dövlət Neft Fondundan
464 milyon manatdan çox vəsait xərclənməklə 54
yeni qəsəbə salındı, 15 mindən çox ev
tikildi.
Ümumilikdə isə qeyd olunan dövlət
proqramında müxtəlif sahələri əhatə edən
714 tədbir icra olundu ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və
davamlı inkişafın təmin edilməsi, 668-i isə 9
iqtisadi rayon və inzibati rayonlar üzrə tədbirlər
olub. İqtisadi və inzibati rayonlar üzrə tədbirlərin
159-u Aran, 98-i Şəki-Zaqatala, 90-ı Gəncə-Qazax,
82-si Lənkəran, 81-i Quba-Xaçmaz, 57-si Naxçıvan,
42-si Dağlıq Şirvan, 36-sı Abşeron və 23-ü
Yuxarı Qarabağ iqtisadi rayonlarının payına
düşüb. Bu dövrdə aparılan islahatlar isə
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də
yüksək qiymətləndirilib və 2008-ci ildə
Dünya Bankı Azərbaycanı ən islahatçı
ölkə elan edib. Beləliklə, sözügedən
dövlət proqramı qarşıda qoyulan əsas məqsədə,
yəni iqtisadi inkişafın regional baxımdan
tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların
sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi,
ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft
sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin
ardıcıl və əlaqəli şəkildə həyata
keçirilməsinə nail olub.
Qeyd olunan proqram
və sərəncamların
icrasını daim nəzarətdə saxlayan Prezident İlham Əliyev
görülən işlər, onların nəticələri
ilə yerində tanış olmaq üçün hesabat
dövrü ərzində regionların bütün
rayonlarını əhatə etməklə 127 səfər
edib, o cümlədən 6 dəfə Naxçıvan Muxtar
Respublikasında olub, yerlərdə görülən işlərlə
bağlı tapşırıq və tövsiyələrini
verib, ölkəmizin inkişafı üçün
mühüm əhəmiyyəti olan 500-dək müəssisə
və obyektin təməlqoyma və açılış mərasimlərində
şəxsən iştirak edib.
2004-cü ildə regionların inkişafına dair tərtib
olunan dövlət proqramı icra olunduğu müddət ərzində
daim təkmilləşdirilib və bu səbəbdən proqram
daha böyük həcmdə icra olunub. Belə ki, 2004-cü ildə proqram qəbul
olunanda ona daxil edilməyən bəzi məsələlərin
həlli istiqamətində də ciddi uğurlar əldə
olunub və beləliklə, proqramda nəzərdə
tutulduğundan daha çox iş görülüb.
Bütün bunlar ümumilikdə
sözügedən dövlət
proqramında nəzərdə tutulan tədbirlərin
icrasının Azərbaycanın sosial-iqtisadi
inkişafında nə dərəcədə zəruri
olduğunu göstərməklə yanaşı, bir sıra
vacib nəticələrin əldə olunmasında da müstəsna
rol oynadığını deməyə əsas verir. Həmin
nəticələri isə aşağıdakı kimi
qruplaşdırmaq olar: neft sektoru ilə bərabər
qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib; regionların iqtisadi
potensialının səmərəli istifadəsinə nail
olunub; yerlərdə sahibkarlığın
inkişafının daha da sürətləndirilməsi həyata
keçirilib; yerli istehsal və emal müəssisələrinin,
iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin fəaliyyətinin
bərpası və inkişafı
reallaşdırılıb; regionlarda yoxsulluğun azaldılması,
yeni iş yerlərinin açılması və əhalinin həyat
səviyyəsinin yüksəldilməsi kimi mühüm
iqtisadi uğurlara imza atılıb.
Prezident İlham Əliyev regionların
sosial-iqtisadi inkişafı I Dövlət Proqramının nəticələrini
qiymətləndirərkən qeyd edib: "Bütövlükdə
deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən
proqram artıqlaması ilə icra edildi, proqramın icrası
nəticəsində ölkəmizin inkişafı və
iqtisadiyyatımızın şaxələndirilməsi
işində böyük və uğurlu addımlar
atıldı". Bununla da "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" və "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı" Azərbaycanın ümumi
sosial-iqtisadi tərəqqisində əhəmiyyətli rol
oynayıb.
Yeni dövlət proqramı regionların inkişafını daha da intensivləşdirir
Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın
müxtəlif bölgələrində inkişafın yeni əsaslarını
yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə
keçirdi. Eləcə də
regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş digər sənədlərdə
nəzərdə tutulmuş tədbirlərin uğurlu
icrası ölkənin sosial-iqtisadi inkişafını daha
yüksək səviyyəyə qaldırdı. Qarşıda
duran əsas vəzifə bu inkişafı davam etdirərək
onu daha dinamik hala gətirmək idi. Çünki dövlətin
qarşısında regionların mövcud potensialından daha
səmərəli istifadə etməklə yerlərdə sənaye
sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək kimi mühüm vəzifələr
dururdu. Göstərilən hədəflərə çatmaq
üçün makroiqtisadi sabitliyin qorunması, dinamik
inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
artırılması da zəruri şərt kimi
çıxış edirdi.
Bununla əlaqədar olaraq Prezident İlham Əliyev
14 aprel 2009-cu il tarixli Fərmanı ilə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı
təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən
əsas məqsəd ökədə iqtisadiyyatın
diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq idi.
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)",
"Bakı şəhərinin qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı"nın uğurlu icrası sayəsində isə artıq
ölkədə qeyri-neft sektorunun davamlı inkişafı,
yeni müəssisələrin və iş yerlərinin
yaradılması, regionlarda, eləcə də ölkə
paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının
həcminin və keyfiyyətinin yüksəldilməsi,
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, əhalinin məşğulluq
səviyyəsinin artırılması, yoxsulluğun
azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər
əldə olunmuşdu. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" isə həm də
icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində
başlanmış işlərin davam etdirilməsini
özündə ehtiva edirdi.
(ardı var)
Azərbaycan.- 2011.- 25 avqust.- S.2.