Xeyirxahlığa söykənən
nəcib missiya
Xeyirxahlıq,
mərhəmət və nəciblik kimi yüksək əxlaqi
keyfiyyətlər tarix boyu Azərbaycan xalqının etnik-dini
düşüncə sistemində mühüm yer tutmuş,
insanların özündən sonra bu dünyada qoyub getdiyi ən
müqəddəs, ülvi dəyərlər kimi qəbul
olunmuşdur. Bəşər sivilizasiyasına böyük
töhfələr vermiş Azərbaycan xalqı da həyatının
mənasını xeyirxah və savab əməllərdə
axtaran, Tanrının bəxş etdiyi zəngin maddi-mənəvi
xəzinəni təmənnasız bölüşən,
insanların maariflənməsi, bəşəri miqyasda
özünə layiqli yer tutması üçün
çalışan nəcib şəxsiyyətləri ilə
bu gün də böyük qürur hissi keçirir. Bu
seçilmiş şəxsiyyətlər özlərinin saf həyat
amalı ilə həm də başqalarına örnək
olur, əsl şəxsiyyət və insanlıq mücəssəməsi
kimi tarixin yaddaşına möhürlərini vururlar.
Heydər
Əliyev Fondunun ötən 7 illik çoxşaxəli fəaliyyəti də
Azərbaycan xalqının tarixən tapındığı
yüksək mənəvi dəyərlərdən
qaynaqlanır. 2004-cü ildə
qeyri-hökumət təşkilatı kimi
yaradılan fondun ilk
gündən cəmiyyətə aşılamaq istədiyi ali
dəyərlərdən biri də məhz
xeyriyyəçiliklə bağlıdır. Fondun
prezidenti, Milli Məclisin
deputatı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyeva hesab edir
ki, xeyriyyəçilik insani
münasibətlərin son dərəcə
incə, nəzakətli, həssas sahəsidir. Xeyriyyəçilik
yoluna doğru ilk addımlarını atan
hər kəs başlanğıcda anlamalıdır ki, bu anlayışın əsasında
müxtəlif hallar üzündən həyatda
çətin vəziyyətə düşmüş
insanların qayğı və problemləri dayanır: xeyriyyəçilik
fəaliyyətində iştirak
insanın rütbəsindən, dərəcəsindən,
vəzifəsindən, maddi vəziyyətindən
asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini,
istəklərini, imkanlarını və qabiliyyətlərini
tətbiq etmək sahəsini həmişə tapa
bilər. "İctimai əxlaqa xas olan bəzi naqisliklər
- şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə
şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı
onların öz vəsaitlərini,
qüvvələrini və vaxtını
başqalarının naminə, bütövlükdə cəmiyyətin
naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə
çıxmasına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik,
könüllülük bizdə hələ,
sözün həqiqi mənasında,
kütləvi hal
almamışdır", - deyə Heydər Əliyev Fondunun prezidenti
vurğulayır.
Heydər
Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın
müraciətinə həssaslıqla yanaşması isə
ölkədə fəaliyyət göstərən digər
qeyri-hökumət təşkilatları, o
cümlədən hakimiyyət orqanları üçün
nümunə sayıla
bilər. Bəzi hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən,
dərdinə əlac tapmayan köməksiz
insanlar sonuncu "ümid qapısı" kimi
məhz bu ünvana üz tuturlar. Fondda hər bir vətəndaşın
müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər insanların problemlərinin
həllinə qayğı göstərilir. Bu
mənada, fond həm də insan və vətəndaş hüquq
və azadlıqlarının etibarlı hamisi,
müdafiəçisi statusunda
çıxış edən ictimai qurumdur. Qarşıya qoyduğu
bu kimi xeyirxah
məqsədlərlə Heydər Əliyev Fondu
nəinki respublika hüdudlarında, eləcə
də beynəlxalq miqyasda böyük
nüfuz və etimad qazana bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq fondun prezidenti
yalnız 2010-cu ildə iki mötəbər
mükafata - Fransa
dövlətinin "Şərəf Legionu"
ordeninə və YUNESKO-nun
"Qızıl Motsart" medalına layiq görülmüşdür.
Heydər
Əliyev Fondu dünyada
məşhur tarixi şəxsiyyətlərin
adını daşıyan, uzun illər fəaliyyət
göstərməsinə baxmayaraq, fəaliyyəti
sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə
fərqlənir. Yaradılarkən
çoxlarının yalnız xeyriyyəçilik
yönümündə fəaliyyət göstərəcəyini
zənn etdiyi fond qısa
müddətdə reallaşdırdığı
çoxşaxəli layihələrin miqyası ilə
gözlənildiyindən xeyli böyük amalları uğurla
gerçəkləşdirmişdir. Ən ümumi
şəkildə demək olar
ki, fond qısamüddətli
fəaliyyəti dövründə ümummilli
liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm,
təhsil, mədəniyyət, incəsənət, səhiyyə
və idmanın inkişafına xidmət edən layihələrin
reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə
sadiq gənc nəslin
formalaşdırılması, gender bərabərliyinin
təmini, sivilizasiyalararası dialoqun təşviqi,
nüfuzlu beynəlxalq qurumlarla
əməkdaşlığın dərinləşdirilməsi,
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, xüsusən
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyinin
beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində
son dərəcə uğurlu
nəticələrə imza atmış, böyük ictimai rəğbət
qazanmışdır.
Xüsusi vurğulamaq
lazımdır ki, Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə
və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti
ictimai həyatın bütün
sahələrində milli-mənəvi və intellektual
tərəqqini təmin etməyə yönəlmişdir. Qurumun uğurlarını təmin edən
başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac
duyan sahələri dəqiqliklə müəyyənləşdirərək
dövlət səviyyəsində gerçəkləşdirilən
layihələrə əlavə təkan verməsidir. Başqa
sözlə, fondun mədəniyyət, təhsil,
səhiyyə, idman və digər sahələrdəki
əzmkar fəaliyyəti həm də dövlətin bu sahələrin inkişafı naminə həyata
keçirdiyi uğurlu
layihələrə ictimai birliklərin,
qeyri-dövlət təsisatlarının, biznes
strukturlarının, ayrılıqda hər bir fərdin əməli dəstəyini təmin
etməkdir. Fond, bu mənada,
həm də cəmiyyətin ən müxtəlif təbəqələrini
milli məqsəd və ideallar
uğrunda səfərbər edən, ümumi səyləri bir
nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzdir.
2011-ci
il mayın 10-da "Buta"
sarayında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü və
Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 7 illiyi münasibətilə
keçirilmiş təntənəli mərasim
xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş fondun cəmiyyətdəki
əlahiddə mövqeyinin və nüfuzunun növbəti əyani göstəricisi
olmuşdur. Mərasimdə
dərinməzmunlu nitq söyləyən
Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva müstəqilliyinin 20 illiyini
qeyd edən Azərbaycanın
qazandığı bütün
uğurların ulu öndərin adı ilə
bağlı olduğunu demişdir:
"Yaxın keçmişimizə nəzər salsaq qeyd etməliyik ki, bu günümüzə
gətirən yol heç
də asan və hamar
olmayıb. Bu yolda
problemlərimiz, çətinliklərimiz,
ağrılarımız kifayət qədər olub. Arxada qalan
illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində
dahi şəxsiyyət, böyük
insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan
hər bir layihədə, əldə edilən
hər bir uğurumuzda
ulu öndərin böyük
payı vardır".
Ümumiyyətlə,
hər hansı ideya cəmiyyət üçün o vaxt cəlbedici görünür
ki, onun praktik tətbiq və
reallaşdırılması imkanları olsun.
İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici
görünsə belə, bütün
bunların real icra
mexanizminə əsaslanmaması
bəzən onların kağız üzərində
qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən
kənara çıxmaması ilə nəticələnir. Bu mənada, ən əhəmiyyətli
ideyaları, sadəcə, müzakirələr səviyyəsində
saxlamaqla qısa müddətdə
gözdən salmaq olar.
Heydər Əliyev Fondunun ötən 7 illik fəaliyyətinin ən diqqətçəkən
uğuru isə ondadır ki,
təşkilat ictimai fəaliyyət
müstəvisinə irəli sürdüyü
ideyaların real icra
mexanizmləri ilə birgə qədəm qoymuşdur.
Cəmiyyət bu fondu hər hansı təqdimatlardan, səs-küylü
təbliğat kampaniyalarından tanımır - Heydər Əliyev
Fondu özünü
Azərbaycan cəmiyyətinə başlanğıcdan müəyyən
etdiyi çoxşaxəli tədbirlərin
real nəticələri ilə təqdim edir. Azərbaycan cəmiyyəti təşkilatın
məqsədi, məramı barədə hər hansı
yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət
istiqamətlərindən, gördüyü
işlərin mahiyyətindən öyrənmişdir.
Fondun diqqət yetirdiyi
sahələr cəmiyyətin olduqca həssas
qütbləridir və bu qütblərin
mərkəzində milli genefondun
inkişafı, xalqın minilliklərdən keçirib
bu günə
çatdırdığı mədəni-estetik dəyərlər
sistemi dayanır. Təşkilat
bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövründə cəmiyyətdə uzun
illərdən bəri yığılıb qalan,
insanları narahat edən problemləri dəqiq
müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər
planı hazırlamağa və qısa müddətdə
maksimum nəticələr əldə etməyə
nail olmuşdur. Qurumun müxtəlif layihələrini birləşdirən
ortaq nöqtə isə məhz milli genefondun
qorunmasıdır. Bu ali
mərama xidmət edən hər bir
addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə
prioritet mahiyyət daşıyır.
Fondun prezidenti
Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son
illər Azərbaycanda muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində
böyük işlər görülmüşdür.
Azərbaycan muğamının YUNESKO-nun
bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri
siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin
nəticəsidir. Fondun ötən illərdə
milli mədəniyyətin təbliği
sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri
də "Qarabağ xanəndələri"
albomu olmuşdur. YUNESKO xətti ilə
hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli
və əbədi Azərbaycan torpağı olduğunu
bütün dünyaya
nümayiş etdirmək istəyindən
irəli gəlmişdir.
Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə 2005, 2007, 2009 və 2011-ci illərdə keçirilən
və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın
milli sərvəti olan
müğamın təbliği baxımından təqdirəlayiqdir. Milli mədəniyyətin incisi olan muğamın dünyada geniş təbliği
məqsədilə Bakı şəhərində müasir üslubda Beynəlxalq
Muğam Mərkəzinin tikilib
istifadəyə verilməsi də fondun qlobal layihələri sırasında mühüm yer tutur.
Bu ilin
mayında Azərbaycan təmsilçilərinin
"Evrovizion-2011" mahnı müsabiqəsindəki parlaq qələbəsi də fondun
göstərdiyi yüksək diqqət və
qayğının nəticəsi kimi xüsusi vurğulanmalıdır. Bu parlaq qələbədən
sonra növbəti müsabiqənin Azərbaycanda
təşkili ilə bağlı yaradılmış Təşkilat
Komitəsinə Heydər Əliyev Fondunun
prezidentinin sədr təyin olunması isə
bu möhtəşəm beynəlxalq musiqi yarışmasının gələn il yüksək səviyyədə keçiriləcəyinə
hansısa şübhə yeri qoymur.
Bundan başqa,
Azərbaycan musiqisinin dünyada
təbliği məqsədilə 2009, 2010 və 2011-ci illərin
yay aylarında Qəbələ rayonunda təşkil olunan
beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin
dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu ilin avqust
ayında keçirilmiş üçüncü belə festival
beynəlxalq miqyasda hələ də
aktuallığını itirmir, ölkəmizin
yüksək mədəni sivilizasiyasının bariz göstəricisi kimi
dəyərləndirilir.
Qloballaşan dünyada
hər bir dövlətin öncüllüyü,
milli inkişaf səviyyəsi
və gələcək taleyi təhsilin mövcud durumu ilə
şərtlənir. Bu baxımdan, Azərbaycanda
elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla
gerçəkləşdirilməsində ictimai
təsisat kimi fəaliyyət göstərən
Heydər Əliyev Fondunun da
xidmətləri xüsusi
vurğulanmalıdır. Azərbaycanın birinci
xanımının birbaşa təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda
doğurmuşdur. Layihə
çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın
müxtəlif bölgələrində rekord
sayda - 132, sonrakı mərhələdə
isə 100-dən artıq yeni məktəb
binasının tikilərək istifadəyə verilməsi və
lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi
işlərə əvəzsiz töhfədir.
Heydər
Əliyev Fondunun bu
istiqamətdəki fəaliyyəti sistemli
və ardıcıl xarakter
daşıyır. 2010-cu il oktyabrın 5-də
Bakıda yəhudi məktəbinin açılması isə
fondun Azərbaycandakı digər xalqlara tolerant münasibətinin
təcəssümüdür. Paytaxtın Xətai
rayonundakı Əbilov yaşayış massivində yəhudi
uşaqlar üçün
Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən
inşa edilmiş 450 yerlik "Xabad-Or-Avner"
təhsil mərkəzinin açılış mərasimində
dövlət başçısı İlham
Əliyev də iştirak etmişdir.
Bundan başqa, 2010-cu il noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb
kompleksinin açılışı olmuşdur.
Heydər
Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli
bir hissəsini də səhiyyə sahəsində
həyata keçirilən layihələr təşkil edir. Hər gün fonda ünvanlanan yüzlərlə
məktubun bir çoxu
insanların sağlamlıqla bağlı problemlərindən
bəhs edir. Fond vətəndaşların sağlamlıqla
bağlı müraciətlərinə diqqətlə yanaşmağa çalışır. Şəhid,
məcburi köçkün ailələrinə,
aztəminatlı ailələrin problemlərinə xüsusi diqqət yetirir, ilk növbədə, bu kateqoriyadan olan insanlara köməyi zəruri hesab
edir.
Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika
Komitəsinin 18-ci sessiyasının bu ilin iyun ayında Bakıda
keçirilməsi də qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin nəticəsidir. Sessiyada
ənənəvi tibbin etik
təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində
YUNESKO bəyannamələrinin icrası kimi
məsələlər müzakirə edilmiş,
bu sahədə mövcud
problemlər ətrafında geniş diskusiyalar aparılmışdır.
Heydər
Əliyev Fondu fəaliyyətində həm
də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq
miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə
müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir
imkanları əldə etmişdir. Ötən
6 ildə fondun bilavasitə təşəbbüsü
və təşkilatçılığı ilə Beynəlxalq
Millətlər Təşkilatının, İslam
Əməkdaşlıq Təşkilatının və digər
nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender
bərabərliyinə, milli-mədəni müxtəlifliyin,
habelə uşaq hüquqlarının
qorunmasına, sivilizasiyalararası dialoqun
genişləndirilməsinə, etnik, dini, irqi
ayrıseçkiliyin aradan
qaldırılmasına həsr olunmuş
tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi
buna əyani sübutdur.
Fondun insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsindəki fəaliyyətinin
hüdudları kifayət qədər genişdir.
Ermənistanın təcavüzkarlıq siyasətinin
ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə
işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi
köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər.
Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ
həqiqətləri" silsiləsi də buna
bariz nümunədir. Beynəlxalq
ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki
diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər
kanallarla bütün dünyaya yayılan "Qarabağ
həqiqətləri" toplusu
"Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin
başlanması", "Xocalı soyqırımı",
"Azərbaycana qarşı erməni təcavüzünün
nəticələri", "Erməni terror
təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti"
kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı
soyqırımının 15 illiyində Avropanın 15 dövlətində
keçirilən soyqırımı qurbanlarının xatirəsini
anma mərasimlərində xarici ölkələrin diplomatik
korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə,
tanınmış siyasi-ictimai xadimlərə
paylanmışdır.
İslam Əməkdaşlıq Təşkilatının
gənclər forumu ilə "Xocalıya
ədalət" Beynəlxalq kampaniyasına start
verilməsi də fondun Moskva
nümayəndəliyinin fəaliyyəti ilə
bağlıdır. Bu kampaniya
İƏT Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə baş
koordinatoru Leyla Əliyevanın
2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında
həyata keçirilir. Tunisdə
İSESKO-nun Baş
Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq
Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini
və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində
birgə tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur.
Bütün bunlarla
yanaşı, fond həm də regional inkişafa xidmət
edən sosial layihələrin gerçəkləşdirilməsinə
sanballı töhfəsini verir. Heydər Əliyev
Fondunun həyata keçirdiyi
sosialyönümlü layihələr nəinki
Bakının, ümumilikdə Azərbaycanın bir sıra regionlarını əhatə edir. Yeni təhsil, səhiyyə,
mədəniyyət müəssisələrinin inşası
ilə yanaşı, fond həm də əhalini
qayğılandıran lokal xarakterli problemlərin də həllində
yaxından iştirak edir.
Binəqədi
seçicilərini Milli Məclisdə təmsil
edən şəxs kimi deyə bilərəm
ki, Heydər Əliyev Fondu
bu rayonun problemlərinin
həllinə də sanballı töfhəsini verir.
Rayonun yüzlərlə sakini
məhz Azərbaycanın birinci
xanımının köməyi sayəsində problemlərinin
həllinə nail olmuşdur.
Eyni zamanda, bir neçə çarəsiz insan Azərbaycanın birinci
xanımının köməyi ilə xaricdə müalicə
alaraq şəfa tapmışdır. Binəqədi
rayon sakinləri bütün
bunlara görə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətindən
daim razılıq edirlər. Heydər Əliyev
Fondu rayonda sosial infrastrukturun yeniləşdirilməsi
ilə bağlı həyata keçirilən dövlət
siyasətinə də dəstək verir. Bunun nəticəsi olaraq son illərdə Azərbaycanın ən
müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş
Bakının Binəqədi rayonunda da qabarıq görünür.
Fondun xətti ilə rayonda
son illərdə çoxlu
sayda orta məktəb
korpusu tikilmiş, eyni zamanda, bir
sıra məktəblər əsaslı təmir olunmuşdur.
Bütün bunlar
göstərir ki, Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində
insanlara yaxşılıq kimi
mütərəqqi bir ideya
və nəcib amal daim
ön plandadır. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət
ömrü boyu onun üçün
ümdə anlayışlara, ən ülvi
insani keyfiyyətlərə çevrilmiş, bu
missiyasının kökündə
təmənnasızlıq prinsipi
dayanmışdır. İnsan amilinin yüksəlişinə
xidmət edən bu qlobal
layihələr, şübhəsiz, Heydər Əliyev
ideyalarına sədaqətin, Azərbaycan Prezidenti
cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü
siyasətə dəstək vermək istəyinin əməli
təzahürüdür.
Rafael CƏBRAYILOV
Azərbaycan.-
2011.- 25 avqust.- S.3.