Sahibkarlığın
inkişafına dövlət
dəstəyi gücləndirilir
Məlum olduğu
kimi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin
yekunlarına həsr edilmiş konfransda dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da
xüsusi diqqət
göstəriləcəyini bir daha bildirmişdir.
Bu da təsadüfi
deyil. Son illər Azərbaycanın
sürətli iqtisadi inkişafında kənd
təsərrüfatının, onun əsas
hərəkətverici qüvvəsi olan
özəl sektorun, kiçik
və orta sahibkarlığın rolu böyükdür. Təkcə
bu faktı qeyd etmək
kifayətdir ki, son iki ildə Azərbaycan iqtisadiyyatı 15 faiz artıb. Bu artıma, ilk növbədə,
regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının düzgün
icrası sayəsində nail olunub. İqtisadiyyatın hər bir sahəsi, xüsusilə kiçik
və orta sahibkarlıq inkişaf
etdikcə, ölkədə sənayeləşmə prosesi sürətlənib. Bütün bunlar həm də
onu göstərir ki,
ölkə başçısı tərəfindən
görülən tədbirlər öz bəhrəsini
verməkdədir.
Konfransda belə bir fikir də səsləndi
ki, son ildə investisiyaların böyük əksəriyyəti
özəl sektorlar tərəfindən qoyulan daxili
investisiyalardır. Bu həm də onu göstərir ki, Azərbaycan
dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə
gedən uğurlu proseslərdən bəhrələnir.
Prezident İlham Əliyev həmin konfransda bununla
bağlı demişdir: "Biz
bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik.
Hər il dövlət büdcəsindən böyük məbləğdə
vəsait ayrılır. Amma mən çox istərdim ki,
özəl sektor daha da böyük həcmdə investisiyalar
qoysun, həm öz imkanlarını genişləndirsin, eyni
zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti
vardır".
Azərbaycan hökumətinin dəstəyi
ilə bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə özəl sektora 127 milyon manat güzəştli kredit
verilməsi nəzərdə tutulub. Beləliklə, verilən
kreditlərin məbləği hər il artır və
qayıdan vəsait yenidən
kreditləşməyə yönəldiləcəkdir.
Dünya praktikasından məlumdur ki, özəl
sahibkarlığın inkişafı ölkələrin
ümumi inkişafını təmin edir. Odur ki, Azərbaycan
hökuməti də özəl sektora əlverişli kreditlər
verilməsi üçün sahibkarlara hərtərəfli
kömək edib, ölkə iqtisadiyyatının sürətli
və etibarlı inkişafına zəmin yaradır. Nəticədə
özəl sektorun maraqları ilə dövlətin
maraqları üst-üstə düşür, ölkə
iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf edir, özəl sektor güclənir.
Dövlət Proqramında nəzərdə
tutulduğu kimi, özəl sektor, kiçik və orta
sahibkarlıq, sadəcə olaraq, biznes mühitini
yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq
üçün deyildir. Sahibkarlığın
inkişafı, əslində, çox böyük islahat deməkdir.
Bu islahat ölkə başçısı İlham Əliyevin
fərman və sərəncamlarına əsasən Azərbaycanda
uğurla aparılır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında deyildiyi kimi,
islahatlar və güzəştli kreditlər hesabına
regionlarda yeni texnologiyaların tətbiqinə əsaslanan
tutumu 29,5 min ton olan 5 soyuducu anbar kompleksi, illik istehsal
gücü 78,1 min ton olan 5 çörək istehsalı
müəssisəsi, illik istehsal gücü 13 milyon yumurta, eləcə
də illik istehsal gücü 6 min ton olan 3 quşçuluq
(broyler) təsərrüfatı, illik istehsal gücü 19,8
min ton olan 2 ət kəsimi fabriki, 500 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi və
digər müəssisələr yaradılmış və ya
yenidən qurulmuşdur. Çoxşaxəli islahatlar modelinə
əsasən həyata keçirilən yeni tədbirlər
ölkə iqtisadiyyatının liberallaşmasına, özəl
sektorun daha da güclənməsinə gətirib
çıxaracaq, insanlar daha yaxşı yaşayacaq,
onların sosial-rifah halı yüksələcək, yeni
iş yerləri və yerli sənaye obyektləri
yaranacaqdır. Artıq bunun ilkin variantları yaradılaraq
inkişaf etdirilir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan
iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorda
cəmləşib. Dünya standartlarına cavab verən, beynəlxalq
sertifikatlara layiq görülmüş fabriklər, zavodlar fəaliyyətdədir.
"Azərbaycan Respublikası
regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransda ölkə rəhbəri
onu da qeyd etmişdir ki, sahibkarlığın inkişafı
üçün vacib olan şərtlərdən biri də Azərbaycanda
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizəni gücləndirməkdir: "Bu barədə
mən öz sözümü ilin əvvəlində Nazirlər
Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər
verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin
bütün yerlərində bu məsələ ilə
bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri
görürük və elə etməliyik ki, bu nəticələr
daha da gözəgörünən, daha da təsirli olsun".
Dövlət başçısı onu
da bildirib ki, bu proses birillik, ya ikiillik proses deyil və bu,
kampaniya xarakteri daşımır, bizim şüurlu
seçimimizdir. "Korrupsiya və rüşvətxorluq böyük bəladır,
böyük yaradır və bizim üçün
böyük ləkədir. Elə etməliyik ki, bütün
sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə
ki, inzibati tədbirlər görülür və görüləcəkdir.
Cəza tədbirləri görülür və görüləcəkdir.
Eyni zamanda, biz struktur islahatlarını elə
aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə
aradan götürülsün. Son günlər mənim tərəfimdən
hazırlanmış sərəncamlar bu məqsədi
güdür. Yəni, biz struktur islahatlarından, müəyyən
metodlardan korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizəni gücləndirmək
üçün istifadə etməliyik. Ancaq əlbəttə
ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə
nail ola bilməyəcəyik. Ona görə bütün
dövlət qurumları, bütün dövlət şirkətləri,
yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir
ki, hər bir məmur işində elə işləməlidir
ki, həmişə üzüağ olsun, alnıaçıq
olsun".
Ölkədə ictimai sabitlik və
bolluq yaratmaq, habelə əhalinin ərzaq məhsullarına tələbatını
tam ödəmək üçün aqrar sektora dövlət
qayğısının daha da artırılması məqsədilə
fermer təsərrüfatlarına kreditlərin verilməsi,
lizinq xidmətinin yaxşılaşdırılması, kənd
təsərrüfatı texnikasının və aqrokimyəvi
maddələrin alınması üçün
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
14 milyon manat, kənd təsərrüfatı
istehsalçılarına kreditlərin verilməsi
üçün respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı
Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon
manat vəsait yönəldilmişdir...
Məlumdur ki, bu gün Azərbaycanda
güclü sahibkarlar sinfi formalaşıb. Kənd təsərrüfatının
inkişafı üçün kompleks tədbirlər
görülür, müasir texnika alınır, lizinqlər,
aqroservislər yaradılır, subsidiyalar, güzəştli
şərtlərlə gübrə və yanacaq verilir. Kənd
təsərrüfatının, özəl sektorun, kiçik
və orta sahibkarlığın inkişafına dövlət
dəstəyi bundan sonra da gücləndiriləcəkdir.
Dövlət də, insanlar da sahibkarlardan aparılan işlərin
keyfiyyətli görülməsinə, istehsalın həcminin
və keyfiyyətinin dünya standartlarına uyğun
olmasına daha böyük ümidlər bəsləyir.
Rəhman SALMANLI
Azərbaycan
.- 2011.- 25 avqust.- S.3.