Taxtakörpü Su Anbarı enerji mənbəyi olmaqla yanaşı, susuz çöllərə yeni həyat gətirəcək

 

Azərbaycanın bölgələri ildən-ilə inkişaf edir, iqtisadi tərəqqi, sosial inkişaf, tikinti-quruculuq və abadlıq işləri genişlənir. Yerli şəraitə və tələbata uyğun  təzə zavod və fabriklər, şirkət və müəssisələr, sex və sahələr yaradılır, infrastruktur yeniləşir, həyat dəyişir.

 

Belə bölgələrdən biri respublikamızın şimal bölgəsidir. Burada regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) uğurla yerinə yetirilir. Son illər bölgənin sosial-iqtisadi həyatında  əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilmişdir. Görülən işlər bölgənin ictimai həyatına saysız-hesabsız yeniliklər gətirmişdir. Bu yeniliklərdən biri də Böyük Qafqaz sıra dağlarının cənub-qərb hissəsində tikintisinə 2007-ci ilin noyabrında başlanılmış Taxtakörpü Su Anbarı və Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarıdır.    

Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində  xüsusi əhəmiyyəti ilə fərqlənən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir. Bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılmış layihələrdən müasirliyi və mükəmməlliyi ilə fərqlənir. Bəndin uzunluğu  1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Taxtakörpü Su Anbarı bəndində artıq 97 metr hündürlüyündə beton, 18 milyon kubmetr torpaq işləri görülüb. İnşaat işləri başa çatandan sonra su anbarından Taxtakörpü-Ceyranbatan kanalına saniyədə 40 kubmetr su axıdılacaq, burada quraşdırılacaq üç turbin vasitəsilə 25 mVt elektrik enerjisi istehsal ediləcəkdir.

Ümumilikdə Samur-Abşeron  suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhəri, Abşeron yarımadası, xüsusən də Bakıətrafı kənd və qəsəbələrə saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaranacaq. Beləliklə, əhalinin içməli suya, eləcə də suvarma və texniki suya olan tələbatı tam yaxşılaşacaq. Suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcək. Bu layihə başa çatdıqdan sonra  respublikamızın şimal bölgəsində 150 min hektar sahədə  torpaqların su təminatının yaxşılaşmasına əlverişli zəmin yaranacaq. Gələcəkdə isə şimal çaylarından suyun götürülməsi layihələrinin həyata keçirilməsi və 30 min hektar yeni suvarılan sahə əkin dövriyyəsinə daxil ediləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bölgəyə səfəri zamanı burada görülən işlərlə yaxından tanış olarkən bildirildi ki, bənddə qapısız sutullayıcı və su qəbuledici qurğuları, enerji tuneli, su elektrik stansiyasının tikintisi və ümumi gücü 25 meqavat təşkil edəcək üç turbinin quraşdırılması nəzərdə tutulub. Artıq tunelin giriş və çıxış başlıqlarının tikintisi, enerji tunelində qazma işləri başa çatdırılıb. Betonlama, qəza sutullayıcısında və su elektrik stansiyasının binasında  inşaat işləri davam etdirilir. Obyektdə tikinti işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. Görülən işlər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Dövlət başçısı Taxtakörpü-Ceyranbatan kanalının tikintisindəki işlərin gedişi ilə də tanış oldu. Bu kanalın tikintisində məqsəd mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan su anbarına çatdırmaqdır. Beton üzlüklü həmin hidrotexniki qurğunun ümumi uzunluğu 110 kilometr olacaq. Burada mürəkkəbliyi ilə fərqlənən 10 düker, 2 akvedik, 1 tunel, 50 körpü, 231 selötürücü və 1 sutullayıcı qurğu inşa olunacaq. Tikinti zamanı 20 kubmetrdən çox torpaqqazma, 6 milyon kubmetrə qədər tökmətorpaq, 393 min kubmetrədək beton işlərinin görülməsi nəzərdə tutulub. Kanalın 37 kilometrliyinə beton üzlük qoyulub, ümumi uzunluğu 9,2 kilometrə çatan 10 dükerdən 9-nun tikintisi başa çatdırılıb, 1 akvedukun inşası tamamlanıb. Qazma işləri başa çatdırılan tuneldə betonlama aparılır. İndiyədək kanalın 12,1 kilometrlik qapalı hissəsinin 9,6 kilometri tikilmişdir. Hazırda kanalın üzərindəki digər hidrotexniki qurğuların tikintisi davam edir. Bu obyektin inşasını 2013-cü ilin birinci yarısında başa çatdırmaq nəzərdə tutulub.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilən kompleks işlərlə tanış olan Prezident İlham Əliyev meliatorlara və inşaatçılara əlavə tapşırıq və tövsiyələr vermişdir.

Ölkə rəhbəri həmin səfərindən sonra bölgədə sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi məqsədilə sərəncam imzaladı. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Siyəzən və Şabran rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat vəsait ayrıldı.  

Bu obyekt gələn ilin yaz-yay aylarında istifadəyə verildikdən sonra Sumqayıtın, Bakı və Bakıətrafı qəsəbələrin suya olan ehtiyacı daha yaxşı ödəniləcək,  regionun fasiləsiz elektrik enerjisi ilə təminatına əsaslı zəmin yaranacaq, başqa sözlə desək, bu yerlərə yeni həyat gətirəcəkdir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 25 avqust.- S.5.