Yeni dərs ilinə tam hazırıq

 

Tovuzda bir məktəb binası tikildi, daha dördünün təməli qoyulur

 

İsakənd rayonumuzun ən ucqar yaşayış məntəqələrindən biridir. Yanıqlı dərəsində, dağların qoynunda yerləşir. Bu səfalı guşənin məktəbi qəza vəziyyətində idi. Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramına uyğun olaraq dağların qoynunda yeni məktəb binası tikildi. İşıqlı, yaraşıqlı otaqlar diqqəti cəlb edir. İki laboratoriya, kitabxana, idman və akt zalları yaradılıb. İstilik sistemi quraşdırılıb. Qazanxana inşa edilib. İnşaat işləri, demək olar ki, başa çatıb. Hazırda ətrafda abadlıq tədbirləri görülür.

 

Rayonumuzda 86 ümumtəhsil  məktəbi və 40 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Çoxunun vəziyyəti heç də yaxşı deyildi. Gənc nəslin təlim-tərbiyəsinə gündən-günə artan dövlət qayğısı sayəsində bizim bölgədə də genişmiqyaslı işlər görülməyə başlandı.

Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qayğısı və köməyi ilə təhsil müəssisələrinin siması tamamilə dəyişir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq Aşağı Ayıblı, Azaplı, Kirən, Alakol, Əsrik Cırdaxan, Cəlilli, Yanıqlı kəndlərində və başqa yerlərdə müasir məktəb binaları tikilərək müvafiq avadanlıqla təmin edildi. Onlarca bina yenidən quruldu. Neçə-neçə məktəbə təzə sinif otaqları əlavə olundu. İndi hamımız üçün çox xoşdur ki, cari ildə İsakənd məktəbinin şagirdləri yeni dərs ilini təzə binada qarşılayacaqlar.

Bizim ən çox narahatlığımız N.Tusi adına məktəbin vəziyyəti ilə bağlı idi. Bu qocaman təhsil ocağı rayonumuzun ən böyük, ən nümunəvi təhsil-tərbiyə müəssisələrindən biri sayılır. Burada min nəfərdən artıq şagird oxuyur. Tədrisin keyfiyyətinə söz ola bilməz. Cari ildə 48 nəfər ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunub. Tofiq Lətifli və Nübar Valehli 600-dən çox bal toplayaraq müvafiq surətdə Tibb Universitetinin və Bakı Dövlət Universitetinin tələbəsi olublar. Pedaqoji sahədəki uğurlarına görə məktəbin direktoru Valeh Məmmədov "Əməkdar müəllim" adına layiq görülüb. Di gəl ki, belə adlı-sanlı təhsil ocağının binası heç də tələblərə cavab vermirdi. Şagirdləri sinif otaqlarına iki növbədə də yerləşdirmək çətin idi. Bütün bunlara görə biz bu adlı-sanlı məktəb üçün münasib binanın olmasını arzu edirdik. Sevinirik ki, istəyimiz nəzərə alındı.

N.Tusi adına məktəb üçün 1176 yerlik binanın inşası məsələsi həll olundu. Bundan əlavə, hazırda Aşağı Öysüzlü, Məşədivəllər, Qazıqulu kənd, Qovlar qəsəbə ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsinə hazırlıq işləri görülür. Bir sözlə, rayonda tədris ocaqlarının texniki bazası getdikcə yüksəlir, tədris-tərbiyə işləri üçün günün tələblərinə uyğun şərait yaradılır.

Buna görə də pedaqoji kollektivlərimiz tədrisin keyfiyyətinin yüksəldilməsinə, müstəqil dövlətimizə layiq gənc nəslin yetişdirilməsinə xüsusi diqqət yetirir. M.Ələkbərov adına Tovuz şəhər və Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbləri "İlin ən yaxşı məktəbi", M.Ələkbərli adına məktəbin riyaziyyat müəllimi Rüfət Qasımov və Puşkin adına məktəbin ingilis dili müəllimi Nuranə Abdıyeva isə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin qalibi olub. Orta məktəbi qızıl medalla bitirərək 690 bal toplayan M.Ələkbərov adına məktəbin məzunu Sevinc Səmədzadə Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsində oxuyacaqdır.

Təhsil ocaqlarımızda dərin bilikli və yüksək dünyagörüşlü yeni nəslin yetişdirilməsi ilə yanaşı, gənclərdə Vətənin müdafiəsinə, hərbi komandirliyə meyil və marağın artırılması üçün də tədbirlər həyata keçirilir. Ənənəvi gənclər günü ilə əlaqədar olaraq ali hərbi məktəblərə hazırlaşan oğlan və qızlar arasında müntəzəm surətdə keçirilən kross-turnirdə yüzdən artıq şagird iştirak edir. Marş marafonda xüsusi fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilir.

Rayonda "Cəsurlar", "Şahin" hərbi idman oyunlarının təşkili ənənə halını alıb. Əvvəlcə zona yarışları keçirilir, qaliblər final mərhələsində iştirak etmək hüququnu qazanırlar. Son tədbirlərdən birində Düz Cırdaxan məktəbi birinci, Mülkülü məktəbi ikinci, Öysüzlü məktəbi isə üçüncü yeri tutdu. Bozalqanlı kənd orta məktəbinin idman meydançasında gənclərin həqiqi hərbi xidmətə çağırışına həsr olunan ənənəvi "Vətənin müdafiəsinə hazıram" çoxnövlü idman yarışı da həmişə maraqlı, məzmunlu keçir.

Bütün bunlara görə rayonda ali hərbi məktəblərə maraq getdikcə artır. İnişil məzunlarımızdan yeddi, ötən il on üç nəfəri ali hərbi məktəbə və hərbi liseyə qəbul olunub. Cari ildə 19 nəfər məzunumuz Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Ali Hərbi Tibb məktəbində, Polis və Aviasiya akademiyalarında, Dövlət Sərhəd Xidməti Akademiyasında, H.Əliyev adına Ali Hərbi Məktəbdə, Türkiyə Ali Quru Qoşunları Hərbi Məktəbində, habelə 32 nəfər məzunumuz C.Naxçıvanski adına Hərbi Liseydə, 10 nəfər isə Hərbi Tibb Məktəbində oxuyacaqdır.

Qarşıdan gələn tədris ilində daha böyük uğurlar qazanmaq niyyətindəyik. Ona görə də hər yerdə yeni dərs ilinə ciddi hazırlıq görülür. Bu günlərdə yerlərdəki vəziyyət ciddi şəkildə araşdırılaraq təhsil şöbəsində müzakirə edildi. Şöbənin müdiri Ş.Alıyevin mövcud vəziyyət barədə ətraflı məlumatı dinlənildi, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün tövsiyə və tapşırıqlar verildi. Yekdilliklə qeyd olundu ki, Tovuz məktəbləri yeni dərs ilinə hazırdır.

 

 

Murğuz ƏSƏDOV,

əməkdar müəllim,

Tovuz rayonu

 

Azərbaycan müəllimi.- 2011.- 25 avqust.- S.5.