Cəbrayılın maddi-mədəniyyət
abidələri
Minilliklərin yadigarı olan tarixi, dini
və mədəni abidələri, milli-memarlıq nümunələri
ilə zəngin Cəbrayıl rayonunun Ermənistan
tərəfindən işğalından 18 il
ötür. Təcavüzkar, vandalizm siyasəti yeridən ermənilərin məqsədi qonşu torpaqlarını təkcə zəbt
etmək deyil, işğala
məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer
üzündən silməkdir. Cəbrayıl rayonu
ərazisində də belə sərvətlər - maddi-mədəniyyət
abidələri az olmayıb. Təəssüf
ki, bu gün onların əlimizdə
olanı yalnız şəkilləridir. Erməni təcavüzkarları
Azərbaycanın mədəni irsi
sayılan mədəniyyət obyektlərini xüsusi
qəddarlıqla məhv etmişlər. Dağlıq
Qarabağ bölgəsində və ətraf
rayonlarda Azərbaycanın milli
mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının
vurduğu ziyanın dəyərini dəqiqləşdirmək
o qədər də asan
deyil. Çünki elə
maddi-mənəvi sərvətlərimiz talan
edilib ki, onarı heç bir meyarla qiymətləndirmək olmaz.
Məhv edilmiş sərvətlər nəinki
Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin
əvəzolunmaz mədəniyyət nümunələri idi.
Milli-mənəvi
dəyərlərimizin, tarixi və mədəni
abidələrimizin zəngin, həm də qədim nümunələrini
qoynunda minilliklər boyu
saxlayan, 55 min nəfər
əhalisi, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət
evi, 32 klubu olan Cəbrayıl rayonu 23
avqust 1993-cü il tarixində
erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən
başqa Həkəri və Araz çaylarından qidalanırdı.
Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı
daha da genişlənərək
intensiv xarakter alanda rayonun müdafiəsinə
qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin
işğalı günü 50 nəfər
canını torpağa qurban
verdi. Bütövlükdə torpaq uğrunda şəhid
olan cəbrayıllıların sayı
350 nəfərdir. 650-yə yaxın itkin
və yaralısı olan cəbrayıllıların
6-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yetirməsi - Şikar Aslanovla Mətləb Məmmədov da layiq
görülmüşlər.
Tarixin qanlı-qadalı səhifələrini
vərəqlədikcə düşmənin məkrli siyasəti
ilə yanaşı, xalqımızın torpağa, Vətənə
məhəbbətini, bu yolda ölümün gözünə
dik baxdığını, qorxmazlığını və cəsarətini
də görürük. Belə olan təqdirdə Ali Baş
Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir
qarış torpağımızın da düşmən əsarətində
qalmasına imkan verməyəcəyik. Qarabağın qara
günlərinə səbəb olan düşmənin
bugünkü vəziyyəti də təsdiqləyir ki,
özgə torpağında açılan göz
çaş, imək tutan diz taqətsiz və şikəst
olur.
Tarixi-memarlıq abidələrinə Cəbrayıl
şəhərindəki Sultan Məcid hamamını,
Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli
türbələri (XIX əsr), Şıxlardakı Dairəvi
türbəni (XIV əsr), Xudafərin körpülərini
(erkən orta əsrlər), Diri Dağındakı Qız
qalasını, Dağtumasdakı Başıkəsik günbəzi,
Gordubaba dağındakı məzarı misal göstərmək
olar. Dini abidələr də burada az olmayıb: "Hacı
Qaraman", "Cəbrayıl ata",
"Dül-dül", "Mazannənə" ziyarətgahları
və s.
Dağtumasdakı "Tumas ata",
"Divlər sarayı", Mahmudludakı "Canqulu" və
"Qumtəpə" kurqanları, Tatardakı Siklop tikililər,
Cəbrayıl şəhəri
yaxınlığındakı "Ağoğlan" qədim
arxeoloji abidələr siyahısına daxildir.
Çələbilərin ("Çələbi"
sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin,
şahzadələrin ləqəbi kimi işlənib,
Allahı sevən, yazıçı, şair, bilici mənalarını
verir) XIII əsrin birinci yarısında, yəni monqol
yürüşləri dövründə Kiçik Asiyadan (əsasən
Türkiyə ərazilərindən) məşhur Qaraman
tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi
Qaraman, Qarabağ hakimi Əmir Yarəhməd, I Şah
Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar
Xanın da Qaraman tayfasından
olduqları göstərilir) tərkibində Azərbaycana
gəlmələri əsaslı mənbələrdən,
tarixi qaynaqlardan məlumdur.
Çələbilərin
adlı-sanlı başçılarından olan Hacı Qaraman
XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş,
əvvəlcə Niftalılar və Nusus kəndləri
arasındakı yerdə özünə məskən
salmış, sonralar Çələbilər kəndinə
köçdüyü bildirilir. Ona görə də Hacı
Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi
müqəddəsləşdirilmişdir. Çələbilər
kəndindəki məscid isə Məhəmməd ibn Hacı
Qaraman Əhmədli tərəfindən (Hicri 1088-ci ildə,
Miladi 1678) inşa edilmişdir. Deyilənlərə görə,
Hacı Qaramanın adı məşhur oğuz-türk
tayfasından olan Qaramanın
adından götürülmüşdür.
Cəbrayılda Əli Çələbi
adı ilə məşhur olan bu şəxsin rayonun
dağlıq hissəsində yerləşən Sirik kəndində
1928-ci ildə anadan olduğu bildirilir. O, ömrünün
sonunadək həmin kənddə ağsaqqallıq etmiş, təməli
qoyulan xeyirxah işlərin duaçısı, hüzuruna pənah
gətirənlərin yardımçısı olmuşdur.
"Cəbrayıl Ata" ziyarətgahı
kəndin şimalındakı ümumi qəbiristanlıqda
deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus
torpaqların yuxarı başında, Alpaşa
dağının hündür və tamaşalı yerində,
ayrıca dəfn edilmişdir.
Cəbrayıl şəhərinin mərkəzindəki
"Qara daş" səmadan gələn
hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah
sayılırdı.
Rayonun ərazisindəki
tarixin yadigarları təkcə
adlarını yuxarıda çəkdiklərimiz və
hər biri barədə qısaca məlumat verdiyimiz deyil. Burada
qədim dövrdən qalma "Ağoğlan" abidəsi də
vardır ki, tarixi mənbələrdən alınan məlumatlarda
göstərilir ki, qeyri-bərabər döyüşdə
öldürülən gözəl bir oğlan burada dəfn edilmişdir.
İslam dini meydana gəldikdən sonra "Ağoğlan"
abidəsi müsəlmanların ziyarətgahına
çevrilmişdir. "Ağoğlan" kimi, pir tək qəbul
edilən yerlərə Cəbrayıl rayonu ərazisində
çox rast gəlinir. Məsələn, "Qurbantəpə"
adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ
Günəşə, Aya sitayiş etdikləri ilk tunc
dövrünün son nişanələrindəndir. Əhali hər yeni il gəlsin, məhsul
bol olsun deyə, bu təpədə qurbanlar kəsir,
bişirdiyi xörəyin suyundan gündoğan tərəfə
səpir, sonra yeyir və Günəşə sitayişi
kütləvi halda şadlıq edirdilər. Sonralar bu inam
saxlanıldı, hətta XIX əsrin ortalarından
başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən
köcüb gedən Hacılı tayfasının bir hissəsi
bu pirin yaxınlığında məskunlaşmış,
onların saldıqları kənd isə Qurbantəpə
adlandırılmışdı.
Mazannənə, Mərmərnənə
ziyarətgahları da Cəbrayıl
rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə
istinadən verdiyi məlumata gorə, Nənə qədim
türkdilli tayfalarda Allahın anasının adı
olmuşdur. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi
barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq
zamanının yadigarıdır və sonralar İslam dininə
uyğunlaşdırılaraq "Ocaq" hesab edilmişdir. Həmin
abidənin yaxınlığında nişanələri qalan
köhnə yaşayış məskəni də məhz buna
görə Mazannənə kəndi adlanmışdır. Bu kəndin
ətrafındakı qədim qəbiristanlıqdakı məzarların
birinin sinə daşı üstündə yazılıb:
"Əziz ibn Seyid Əl-Məhəmməd". Digər qəbirlərin
üstündə hicri 750, 760 və 809-cu illər yazılması da təsdiq edir ki,
bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar.
Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə
abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən
Mazannənə hesab edilməsi
də maraqlıdır.
Cəbrayıl rayonunun Dağtumas kəndi
yaxınlığındakı dağda olan Tumasata abidəsi
bütpərəstlik dövrünün yadigarıdır. Kəndin
sakinləri Tumasatanı öz əcdadları sayır və
müqəddəs ocaq kimi sitayiş edirdilər.
Cəbrayıl rayonunda erməni
vandalları tərəfindən məhv edilmiş tarixi,
maddi-mədəniyyət abidələri çoxdur. Onlar
düşmənlər tərəfindən darmadağın
olunsalar da, gələcək nəsillər bilməlidir ki,
adlarını çəkdiyimiz
bu tarixi yadigarlar
xalqımızın mənəvi sərvətləri
sırasındadır: 11 tağlı Xudafərin
körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin
körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi),
Ağoğlan nekropolu (ilk orta əsrlər), Karxulu
kurqanları və yaşayış yeri (Tunc
dövrü), Canqulu kurqanı
(Tunc dövrü), Qustəpə kurqanı (Tunc dövrü),
İmanqazan təpələri (Tunc dövrü, Şıxlar
kəndi), Şıxlar mağarası (Daş dövrü),
Şıxlı kurqanları (Son tunc dövrü),
İmanqazantəpə kurqanları (Son tunc dövrü),
Qaladağ qalaçası və yaşayış yeri (ilk orta
əsrlər), Məscidtəpə kurqanı (Tunc
dövrü), Naftalı kurqanları (Son tunc və ilk Dəmir
dövrü) və s.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-
2011.- 25 avqust.- S.6.