Ziyalı və kübar bir xanım
Bu, ötən əsrdə
yaşayıb-yaratmış Azərbaycanın ilk ali təhsilli
xanımlarından olan Sona xanım Axundova idi. Ədəbiyyatşünas
alim Şamil Qurbanovun vaxtilə qələmə
aldığı kiçik bir yazıda onun barəsində ilk
dəfə məlumat oxuduq. Müəllifin təqdimatı
çox cəzbedici idi: "1910-cu ilin küləkli və
şaxtalı qış günlərindən biri idi. Qara
çadraya bürünmüş ürkək və məsum
bir qız Bakının tozlu küçələri ilə
şəhər Bələdiyyə İdarəsinə tərəf,
işıq və səadət umduğu qız məktəbinə
sarı gedirdi. Qorxudan və həyəcandan ürəyi
quş ürəyi kimi döyünür, hər səsə,
hər hənirtiyə dayanır, qorxulu bir şey görmədikdə
yenidən yoluna davam edirdi. 13 yaşı təzəcə tamam
olmuş bu qızcığaz iki yol ayrıcında
qalmışdı: ya məktəbə gedib savadlı
qızlardan biri olmaq, ya da evdə dörd divar arasında oturub
ömür-gün çürütmək. Dünən məhəllə
qoçuları onu yoldan qaytarıb demişdilər:
- Bir də məktəbə getsən,
özünü ölmüş bil, ha!
Cavan qız bu xəbərdarlığa
biganə qala bilməzdi. Belə şeylər üstündə
hər gün küçələrdə öldürülən,
döyülüb təhqir olunan az deyildi. Elə gün olmurdu
ki, küçədə ana fəryadı, övlad naləsi
eşidilməsin".
Sona Axundovanın kamil əxlaqa, geniş
dünyagörüşünə, milli düşüncəyə
malik olması onun mənəvi zənginliyi və
üstünlüyü idi. O, elə bir yol seçmişdi ki,
əvvəlcədən bütün çətinlik və
maneələri nəzərə almışdı. Onu bu
işə ruhlandıran isə ilk növbədə mükəmməl
ailə tərbiyəsi, valideynləri və həyatda
rastına çıxan yaxşı adamlardı.
Sona Axundova 1898-ci ildə Bakı şəhərində
İsgəndər bəyin ailəsində dünyaya gəlib.
İsgəndər Mirzə Əbülhüseyn oğlu Axundov əslən
Şamaxıdan olub. Əvvəlcə molla yanında ibtidai təhsil
alıb, sonra da gimnaziyada oxuyub. Tanınmış
vəkil kimi o
dövrdə məşhur idi.
Sonagili ailədə beş uşaq idilər. Üç bacı, iki qardaş. 13 yaşında olanda
valideynləri onu Bakı şəhər
Bələdiyyə İdarəsi yanında qız məktəbinə
qoyublar. Bu məktəbi
bitirdikdən sonra "Müqəddəs Nina" məktəbində təhsil alıb.
O dövrdə fortepiano
ifaçılığına da maraq göstərən Sonanın bu arzularına dövrün
qaragüruhu çox pis münasibət bəsləyib. Əlbəttə,
Sonanı fikrindən döndərmək çox
çətin idi. Onun
işığa can atması qara qüvvələrin xoşuna
gəlmirdi. Onlar hər cür
vəhşiliyə əl ata bilərdilər.
Sona nə qədər cəsur, qorxmaz olsa da,
içində bir ürkəklik, vahimə
vardı. O, həyəcan keçirirdi. Çünki qoçular tez-tez qardaşlarını hədələyərək
deyirdilər: "Biqeyrətlər! Sizin
başınızdakı papaq deyil, örpəkdir. Kişi
də bacısını məktəbə göndərər?"
Bütün bunları ürəkağrısı
ilə götür-qoy edən Sona həm də tərəddüd keçirirdi. Təhsil alsın, ya yox?! Hər ikisi ölümə bərabər idi. Bu səbəbdən də
fikrini qətiləşdirdi: "Yox, məktəbə getməliyəm, ölsəm
də bu yolda öləcəyəm",
- deyə ürəyində öz qərarını
verdi. Xoşbəxtlikdən
Sonanın valideynləri - atası İsgəndər bəy və
anası Züleyxa xanım da maarifə, mədəniyyətə böyük əhəmiyyət verən insanlar olduğundan
övladlarının savadlı böyüməsini, təhsil
almasını, bu qaranlıq mühitdən
çıxıb həyat işığı görməsini
çox arzulayırdılar.
Sona Axundovanın qətiyyətli
olmasında sevimli müəllimi Şəfiqə
xanım Əfəndizadənin də böyük
rolu olub. O, təhsil almaq, oxumaq istəyən gəncləri,
xüsusilə də qızları başına yığaraq
deyirdi: "Cəmiyyətimizin gələcəyi
sizin təhsilinizdən çox
asılıdır. İndi siz azsınız, amma çox keçməz ki,
yüzlərlə bacınız qaranlıq daxmalardan...
çıxıb, sizin arxanızca gələrlər".
Sona Axundova
hələ qızlar məktəbində oxuyarkən şeirə
böyük maraq
göstərirdi. O, Şəfiqə xanımın köməyi
ilə Mirzə Ələkbər Sabirin
şeirlərini tapıb oxuyurdu. Eləcə
də "Molla Nəsrəddin"
jurnalında dərc edilmiş satirik şeirlərdən, məqalə və
karikaturalardan xəbərdar idi. Daxilində yeniliyə böyük həvəs, vətənpərvərlik
hissləri xüsusi yer
tutmuş Sona
Axundovanın ədəbiyyata, şeirə
bağlılığı getdikcə artırdı. O, ilk dəfə öz
şeirlərini Şəfiqə xanım Əfəndizadənin
təkidi ilə Sultan Məcid Qənizadəyə
oxumuşdu. Azərbaycanlı
qızın şeir yazması qocaman yazıçını heyrətə gətirmişdi.
Vətən haqqında yazılmış şeir
Sona Axundovanın qəlb harayı idi:
Vətənin bəxtinə hər dəm
çəkirəm həsrəti mən,
Sevirəm vətənimə sərf edilən
qeyrəti mən.
Hə səadət vətənimlə
qazannam şöhrəti mən,
Olmaram razı əgər cəhldə
qalsa vətənim,
Vətənim qalsa əgər cəhldə
yansın bu tənim.
Varmı bir mərdi şücaət kim
vətənə qurban ola,
Vətənin torpağı cismində onun üçün can ola.
Vətənin dərdini duyqac cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər
cəhldə yansın
bu tənim.
Vətənin qədri əzizdir Sonaya canı kimi,
Sevər öz yurdunu qəlbində imanı kimi,
Vətəni sevəcəkdi əhd ilə peymani kimi,
Olmaram razı əgər cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər
cəhldə yansın
bu tənim.
Bu şeiri Sultan Məcid Qənizadə Sonadan alaraq azacıq düzəlişlə
"Səda" qəzetində
dərc etdirdi.
Bu, Sonanın ilk mətbu şeiri idi. Onun "vətənim, vətənim" xitabı
bu şeiri oxuyanların qəlbində
qəribə bir təlatüm doğurmuşdu.
Vətənin səadəti
və maarifi yolunda gənc bir qızcığazın
bu cür mübarizəyə qoşulması
millətsevərlərin qəlbini
qürurla doldururdu.
Bu hadisədən sonra Sona Axundovanın
həmin şeirini bir sıra qəzetlər,
o cümlədən "Kaspi"
də rus dilində çap etdi. Hətta şeirə
nəzirələr də
yazıldı. Ən maraqlısı
da bu idi
ki, heç tanımadığı. üzünü belə
görmədiyi Şevryov
familiyalı bir rus şairi də Azərbaycanlı qızının şeirindən
təsirlənərək ona
öz poetik münasibətini bildirmişdi.
1911-ci ildə Bakıda Xədicə Əlibəyovanın redaktorluğu
ilə "İşıq"
adlı ilk qadın qəzeti çap olundu. Bu qəzetlə
əməkdaşlıq edən
Sona Axundovanın maarifə, mədəniyyətə
çağırış ruhlu şeirləri müntəzəm çap
olunurdu. Onun şeirləri
əsasən qadınlara
ünvanlanırdı. O, ən çox da "bacılar, rəfiqələrim" deyərək,
Azərbaycan xanımlarını
cəmiyyətdə, ictimai
həyatda fəal olmağa, teatra getməyə, savadlanmağa,
bir sözlə, oyanışa səsləyirdi.
"İşıq" qaranlıq bir zamanda ətrafı şölələndirmək istəyəndə
bu nurun daha gur olmasında
Sona xanımın da böyük rolu var idi.
O, bir irfan yolunu tutub gəlmişdi,
ardıcılları da
yetişirdi.
Getdikcə bulanıq sular durulmağa başladı. Dövr, zaman dəyişirdi.
Qadınlar kütləvi surətdə
çadranı tullayır,
savadsızlıq ləğv
edilir, zərif varlıqların ictimai həyatda fəallığı
getdikcə artırdı.
Sona Axundovanın bəxti ailə sarıdan da üzünə güldü. O, tanınmış
həkim Əbülfəs
Qarayevlə ailə həyatı qurdu. Bu izdivacdan Qara
və Mürsəl adlı övladları dünyaya gəlib. Üç xatirədən gələn
məqam da diqqəti cəlb edir. Xalq rəssamı Kamil Əliyev həm Qara, həm də Mürsəllə yaxın dost olub. O, dostları ilə bağlı yazdığı
xatirəsində bu unudulmaz ziyalı xanımla bağlı fikirlərini belə bildirib: "Sona xanım olduqca mədəni, ziyalı, dünyada baş verən bütün proseslərdən məlumatı
olan qadın idi".
Nəvə Əbülfəs Qarayevin xatirələrindən: "Mənə
elə gəlir ki, həm atamın,
həm də Qara əmimin tərbiyəsində nənəm
Sona xanımın çox böyük rolu olub. Çünki
o, özü şairə
idi, Azərbaycanda ali təhsil
almış ilk qadınlardan
biri idi. Tağıyevin açdığı qızlar məktəbini bitirmişdi. Bütün varlığında
əbədi bir nur qərar tutmuşdu. Ədəbiyyatı, musiqini çox
sevirdi.
Yaradıcı şəxsiyyət idi. Hamımızda onun təsiri
var".
Yekun olaraq
yenidən Şamil Qurbanovun xatirələrinə
qayıdırıq: "Biz Sona xanımın vəfatından bir az əvvəl görüşüb söhbət
etmişdik... Ondan nə üçün bədii yaradıcılığını
axıra qədər davam etdirməməyinin səbəbini soruşduqda:
- Ailə qayğısı
qoymadı, - deyə mehribancasına gülümsədi,
oğlanlarına və
nəvələrinə baxdı
- cəmiyyət üçün,
xalq üçün faydalı övlad tərbiyə etmək yaradıcılıq deyilmi?
- Yaradıcılıqdır,
həm də ciddi, məsul yaradıcılıq..."
Məlumdur ki, Sona
xanım Axundova zəmanəmizin böyük
bəstəkarı Qara
Qarayevin və tibb elmləri doktoru cərrah Mürsəl Qarayevin anasıdır. Bu, ziyalı və
kübar bir xanımın Azərbaycan
xalqına, mədəniyyətinə,
elminə, səhiyyəsinə
bəxş etdiyi bir hünər dastanıdır. Bu hünər dastanının
şah əsəri isə iki məşhur
övlad olub. İlk şeirini vətəninə həsr
edən, onun yolunda hər çətinliyə sinə
gərməyi bacaran Sona xanımın Azərbaycana, vətənə
xidməti analoqu olmayan bir fədakarlıqdır!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 25 avqust.- S.7.