Kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə olunur

 

 Bu, ölkənin ərzaq təhlükəsizliyini gücləndirir

 

Ölkə iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının günü-gündən yaxşılaşması, paytaxt və bölgələrin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi həyata keçirilən  düzgün və düşünülmüş siyasətin məntiqi nəticəsidir. Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, aqrar-sənaye sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirir.

Əhalinin böyük bir qisminin gəlirlərinin məhz aqrar bölmədə formalaşdığından bu sahə böyük əhəmiyyət kəsb edir. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti də dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün səmərəli şərait yaradır.

Ümummilli lider ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı.  Ulu öndərin təşkilatçılığı ilə aqrar islahatlar uğurla həyata keçirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradılmış, yeni torpaq-mülkiyyət münasibətləri formalaşdırılmışdır. "Aqrar islahatının əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı haqqında" qanun qəbul edilmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində respublikamız MDB məkanında torpaq islahatlarına başlayan ilk ölkə olmuşdur.

Bu siyasəti yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı, aqrar-sənaye kompleksi uğurla inkişaf edir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə aqrar sahəyə bir neçə istiqamətdə yardım edilir. Ölkədə aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilir, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələr verilir.

Dövlət başçısının imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı öz müsbət nəticələrini göstərmiş, daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında kənd təsərrüfatının inkişafına xüsusi diqqətlə yanaşdığını önə çəkərək demişdir: "Kənd təsərrüfatının inkişafı ilə bağlı müvafiq göstəriş verilmişdir. Bu il daha da yaxşı məhsul gözlənilir. Ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil etmişdir. Yaxşı göstəricidir. Taxılçılıq sahəsində bütün müvafiq göstərişlər verildi və təkrarlamağa ehtiyac yoxdur. İndi üzümçülük üzrə xüsusi proqram hazırlanır. O da müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin".

Azərbaycanın ümumi daxili məhsulunun çox hissəsi kənd təsərrüfatının payına düşür. Bu baxımdan kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı önəmli məsələdir. Bütün bunlar eyni zamanda dövrün tələblərinə uyğun sahənin müasirləşdirilməsini, aqrar-sənayedə  elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir sözlə, innovasiya yönümlü inkişafın təmin edilməsi vacibliyini ön plana çıxarır.

Ümumilikdə, ötən illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacağa, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Bunun hesabına da kənd təsərrüfatı məhsulları artmışdır. Bu isə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşımışdır.

Cari ildə də aqrar sahədə inkişaf davamlı olmuşdur. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 6,2 faiz təşkil etmişdir. Ümumiyyətlə son aylar ərzində 486,9 min hektarda taxıl biçilmiş, 1191,9 min ton məhsul toplanmışdır. Bu onu deməyə əsas verir ki, ötən ilin müvafiq dövrünə nisbətən 73,2 min ton çox məhsul toplanmışdır.

Bölgələrdə kənd təsərrüfatının inkişafı üçün sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi  əhəmiyyətli rol oynamışdır. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Biz kreditləri verməklə həm özəl sektora dəstək oluruq, həm də ölkə iqtisadiyyatının inkişafına təkan veririk. Bu il və bundan sonrakı illərdə bu kreditləri ölkəmizin inkişafı üçün daha da vacib olan sahələrə verəcəyik. Burada həm özəl sektorun maraqları, həm dövlət maraqları bir-biri ilə üst-üstə düşməlidir ki, həm ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin, həm də özəl sektor güclənsin".

Kənd təsərrüfatının inkişafında istehsalçıların texnika ilə yüksək səviyyədə təminatında "Aqrolizinq" ASC önəmli yer tutur. Belə ki, "Aqrolizinq" fəaliyyətə başladığı dövrdən kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı daha da yaxşılaşdırılmış, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişlənmişdir.

Ölkənin kənd təsərrüfatında sağlam mühitin formalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab olunur. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində aqrar sahədə istehsal imkanlarının daha da artırılması üçün önəmli addımlar atılır. Bunun nəticəsidir ki, ölkəmiz kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanmışdır. Artıq kənd təsərrüfatı məhsullarımız xarici ölkələrə ixrac edilir. Bir sözlə, əldə olunan nailiyyətlər, görülən işlər, həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir.

 

 

 Tural ƏHMƏDOV

 

Azərbaycan.- 2011.- 26 avqust.- S. 1.